GündəmManşet

ABŞ-da Elmar Məmmədyarovun oğluna qarşı məhkəmə iddiası qaldırıldı

Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Onun iddiasına görə, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyon dollarlıq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra – 2020-ci ilin oktyabrında start verilib.

Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov oğlu Emin Məmmədyarova qarşı vergi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib. E.Məmmədyarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York Əyalət Məhkəməsi (New York County Courts) artıq işə bir il əvvəl baxıb və bu söhbət bağlanıb:

“2020-ci ilin oktyabr ayında bank bu iddianı qaldırmışdı. Elə ötən il məhkəmə oldu və vergi borcunu ödədikdən sonra söhbət bağlandı. İndi kiməsə lazımdır ki, bu söhbəti yenidən tirajlayır. Yəqin, kiməsə lazımdır ki, Elmar Məmmədyarov yaddan çıxmasın, ölkədə hörmətdən düşsün. Qəsdən yazdırırlar. Bu da yaxşıdır. Elmar Məmmədyarovun nüfuzu o qədər yüksəkdir ki, o adamlar sakit durmurlar. Ona görə də yazdırırlar”.

 

 

E.Məmmədyarov övladına Nyu-Yorkda Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzilin qiymətinin 4.5 milyon dollar olmadığını da bildirib:

“Bu məbləğ kifayət qədər şişirdilib. Mənim övladlarım ABŞ-da yaşayır, orada böyük şirkətlərdə çalışır və kifayət qədər böyük maaş alırlar”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button