İqtisadiyyat

ABŞ Azərbaycana mobil aşkarlama avadanlıqları ianə edib

Bu gün ABŞ Dövlət Departamenti 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində Azərbaycana – Dövlət Gömrük Komitəsinə Mobil Aşkarlama Avadanlığı ianə edib.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Bu münasibətlə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin və DGK-nın sədri Səfər Mehdiyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Yardıma görə təşəkkürünü bildirən S.Mehdiyev Azərbaycan və ABŞ arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki ölkənin gömrük orqanlarının da səmərəli və işgüzar münasibətlərinin bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü islahatların gömrük işinin də çevik, səmərəli və şəffaf şəkildə qurulmasına münbit şərait yaratdığını bildirən S.Mehdiyev tətbiq edilən yeniliklər hesabına istər fiskal sahədə, istər hüquqpozmalarla mübarizədə, istərsə də gömrük əməliyyatlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirən DGK sədri əməkdaşların potensialının gücləndirilməsi, gömrük sahəsində tətbiq edilən yeni texnologiyaların əldə edilməsi, bilik-bacarıqların mənimsənilməsi, müasir təcrübə və yanaşmaların öyrənilməsi istiqamətində ABŞ-ın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iki ölkənin gömrük qurumları arasındakı qarşılıqlı əlaqələrin ümumi işə mühüm töhfə verdiyini vurğulayan Komitə sədri əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

O.Litzenberqer bu il Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu qeyd edərək, ötən illər ərzində ölkələrimizin qarşılıqlı əməkdaşlığından məmnunluqla bəhs edib. Son illər Azərbaycan gömrük xidmətində aparılan islahatların nəticəsini yüksək qiymətləndirən səfir iki il bundan öncə görüşünü xatırlayaraq məhz o dönəmdən bəri gömrük sistemində islahatların davamlı olaraq uğurla həyata keçirildiyini vurğulayıb və qeyd edib ki, gömrük sahəsində əldə etdiyiniz heyranedici nəticələrə görə sizi təbrik edirəm, Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər.

ABŞ-ın Azərbaycanla birgə qanunsuz daşımaların qarşısını alınmasında uzun müddətli əməkdaşlığından da söz açan səfir bu gün edilən ianənin münasibətlərin inkişafına, Azərbaycan və ABŞ-ın təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə, eyni zamanda birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda tədbir iştirakçıları Mobil Aşkarlama Avadanlığına baxış keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button