Dünya

94 ölkədə 4,2 milyon vətəndaşlığı olmayan insan var

“Dünyada hələ də vətəndaşlığı olmayan milyonlarla insanın durumunu həll etmək üçün daha çox addımlar atılmalıdır”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu gün “Vətəndaşsızlığa son qoymağa” yönələn #IBelong kampaniyasının başlanmasından yeddi il ötməsi ilə əlaqədar çağırış edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib ki,  son bir neçə il ərzində əhəmiyyətli irəliləyiş əldə olunub, lakin hökumətlər milyonlarla insanı vətəndaşsızlıq durumunda saxlamaqda davam edən və ya uşaqların vətəndaşsızlıq şəraitində doğulmasına imkan verən hüquqi və siyasi boşluqları aradan qaldırmaq üçün daha çox iş görməlidirlər.

Vətəndaşsızlıq, yaxud şəxsin heç bir ölkə tərəfindən vətəndaş kimi tanınmadığı situasiya, bütün dünyada milyonlarla insana təsir göstərir. Vətəndaşlığı olmayan insanlar çox vaxt ən əsas hüquqlardan, o cümlədən məktəbə getmək, qanuni yolla işləmək, səhiyyə xidmətlərindən istifadə etmək, nikaha daxil olmaq və ya uşağın doğumunu qeydiyyata aldırmaq hüququndan istifadə edə bilmirlər.

Qlobal səviyyədə vətəndaşsızlığa son qoyulması məsələsinə diqqəti cəlb etmək və onu dəstəkləmək üçün BMT QAK-ın 2014-cü ildə #IBelong kampaniyasına başladığı vaxtdan bəri 27 ölkədə 400.000-dən çox vətəndaşlığı olmayan şəxs vətəndaşlıq əldə edib və eyni zamanda qanunvericilikdə yeni qəbul edilmiş dəyişikliklər nəticəsində indi Asiya, Avropa, Afrika və Amerika qitələrində on minlərlə insan vətəndaşlıq əldə etmək imkanı qazanıb.

Son yeddi il ərzində 29 dövlət vətəndaşsızlığa dair konvensiyalara qoşulub ki, bu da vətəndaşsızlığa son qoymaq üçün siyasi iradənin gücləndiyindən xəbər verir.

BMT QAK-ın on ildir davam edən #IBelong kampaniyası dövlətləri 2024-cü ilə qədər vətəndaşsızlığa son qoymağa çağırır.

BMT QAK-ın statistik hesabatına görə dünyada təxminən 94 ölkədə 4,2 milyon vətəndaşlığı olmayan insan var.  Əksər ölkələrdə vətəndaşsızlıqla bağlı heç bir məlumat toplanmadığını nəzərə alsaq, faktiki rəqəmin xeyli yüksək olduğu güman edilir.

Bu günə qədər 96 dövlət Apatridlərin statusu haqqında 1954-cü il BMT Konvensiyasının, 76 dövlət isə Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il BMT Konvensiyasının iştirakçısıdır. Azərbaycan BMT-nin Apatridlərin statusu haqqında Konvensiyasına və Vətəndaşsızlığın azaldılmasına dair Konvensiyaya heç bir qeyd-şərt etmədən qoşulub.

Azərbaycanda, #IBelong kampaniyası çərçivəsində Dövlət Miqrasiya Xidməti vətəndaşlığı olmayan şəxsləri müəyyənləşdirmək və sənədləşdirmək üçün 2016-cı ildən vətəndaşlıq müəyyən etmə kampaniyasına başlayıb. Azərbaycan həmçinin, 2019-cu ilin oktyabrında BMT QAK-ın İcraiyyə Komitəsinin Yüksək Səviyyəli Vətəndaşsızlıq Seqmentində son üç il ərzində ölkədə qeydiyyata alınmış vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almasını təmin edəcəyinə vəd verib.

Azərbaycan hökuməti tərəfindən 1 oktyabr 2021-ci il tarixədək həyata keçirilən tədbirlər nəticəsində 1.830-dan çox vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, 162.308 nəfər Azərbaycan Respublikasının vətəndaşı kimi tanınıb və şəxsiyyəti təsdiq edən müvafiq sənədlərlə təmin olunublar. Onların arasında BMT QAK-ın yardım etdiyi şəxslər də olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button