Cəmiyyət

Hindistanda türklərin izi ilə… – Tarixə səyahət + Fotolar

Nağıllar, əfsanələr, miflər beşiyi, min bir çaları, naxışı, avazı, dinləri birləşdirən, möcüzələr, müdriklər, mistiklər ölkəsi pandemiyadan sonra qapılarını hər kəsin üzünə açıb.

“Yalnız həqiqət qalib gəlir” – bu, Hindistanın devizidir. Hindistanın sanki tamamilə ayrı dünya, fərqli bir aləm olması danılmaz həqiqətdir.

Hindistanda təbiətin və insanın yaradıcılığı, fantaziyası birləşərək təkrarsız gözəllik nümunələri yaradıb. Sevginin başladığı və bitmədiyi məkan – “Tac Mahal” əbədi məhəbbəti, simmetriyanı, harmoniyanı, “Qütb Minarəsi” memarlıq şedevrini, möcüzəsini əks etdirir, “Çəhrayı şəhər” – Caypur isə insanın yaradıcılığının, təxəyyülünün ən müxtəlif çalarlarının rəmzidir. Bu adların səslənməsi belə insanı həyacanlandırır, dərhal “Hindistan” deyirsən…

Bu ölkəyə növbəti səfərimin məqsədi əsrarəngiz Hindistanı bir daha kəşf etmək, onun mədəniyyət, memarlıq, incəsənət incilərini, “Qızıl üçbucaq” adlandırılan Dehli, Aqra, Racastanın ən məşhur yerlərini ziyarət etmək idi. Dehlidən Aqraya avtomobillə 3-4 saatlıq, Aqradan Racastana isə 4-5 saatlıq yol qət etmək gərəkdir. Bu səfər qeydlərimlə sizləri “Qızıl üçbucağın” tarixi məkanlarını addım-addım gəzməyə, maraqlı məqamları öyrənməyə dəvət edirəm.

Hindistan qapılarnı hər kəs üçün açıb

Ötən ilin oktyabr ayından Hindistan çarter reysləri ilə səfər edəcək ilk turist qrupları da daxil olmaqla bütün səyahətçilərə turizm e-vizalarının verilməsini bərpa etdi. Eyni zamanda bu ölkəyə getmək istəyən ilk 5 milyon insan vizanı pulsuz əldə etmək imkanı qazandı. Bu fürsəti qaçırmamaqdan ötürü e-viza üçün müraciət edib ərizə (application) doldurmaq kifayətdir, 72 saat sonra pulsuz viza hazırdır.

Air Suvidha portalına daxil olaraq səfərlə bağlı qeydiyyatdan keçmək, peyvənd sertifikatına malik olmaq, uçuşdan 48 saat əvvəl PCR testi vermək və təyyarədə stüardessalar tərəfindən təqdim edilən blankı doldurmaq mütləqdir. Bu çox qısa və sadə prosedurlardan sonra budur, artıq sən ayrı dünyadasan…

İndira Qandi Beynəlxalq Hava Limanı Hindistanın ən böyük hava limanlarındandır. Hazırda təxminən 70 milyon sərnişinə xidmət göstərən bu liman sərnişin axınına görə dünyada 16-ci, Asiyada 6-cı ən işlək hava limanıdır. Hindistanın bütün hava limanlarının təhlükəsizliyi polislər və hərbçilər tərəfindən ciddi şəkildə mühafizə edilir. Bütün sərnişinlər bir neçə dəfə yoxlamadan keçir.

Hindistanın ürəyi və yaxud moğollar şəhəri Dehli

Dehli mühüm ticarət, nəqliyyat və mədəniyyət mərkəzi, habelə Hindistanın siyasi mərkəzi kimi böyük tarixi əhəmiyyətə malikdir. Dehlinin köhnə adı Mahabharata dövrünə görə İndraparasthadır. Pandavalar əvvəllər İndraprastada yaşayırdı. Eyni zamanda tarixi qaynaqlara görə, şəhər eramızdan əvvəl I əsrdə bölgədə hökmdarlıq edən kral Raca Dhilunun şərəfinə adlandırılıb. Şəhərin tanındığı adlar – Delhi, Dehli, Dilli, Dhillidir.

 

 

Dehlidəki ilk müsəlman şəhəri olan Mehrauli ən məşhur məkanlarından sayılır. Türk kökənli Qütbəddin Aybək 1206-1210-cu illərdə Dehli Türk sultanlığının qurucusu və ilk hömkdarı olub. Dehlidəki ilk İslam memarlığı örnəklərindən biri sayılan və Dünya Mədəniyyət İrsi siyahısına salınan Qütb Minarəsi sultan Qütbəddin Aybək dönəmində inşa edilib. Rəvayətlərə görə, sultan Qütbəddin Aybək hər gün minarənin üst mərtəbəsinə qalxıb oradan Yamuna çayına baxardı, çayda balıqları gördükdən sonra yemək yeyərdi. Qütb Minarəsinin qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, onun hündürlüyü 73 metrdir, qırmızı daş və mərmərdən tikilən bu beş mərtəbəli memarlıq abidəsi dünyanın ən möhtəşəm minarəsidir. 14 il əvvəl məktəblilərin ekskursiyası zamanı bir neçə şagird Qütb Minarəsinə qalxmış və oradan yıxılaraq ölmüşdü. Bundan sonra minarənin içinə daxil olmaq qadağan edilib.

Dehlidəki Lotos Məbədi dünyanın ən çox ziyarət edilən və milyonlarla insanın getdiyi məbədlər sırasındadır. Ağ rəngli bu məbəd 27 ləçəkdən ibarət lotos gülü formasında tikilib, ətrafında 9 hovuz yerləşir. Məbədin tikintisi 1980-ci ildə başlanılıb, 1986-cı ildə sona çatıb. Bu, dünyada tikilən 7 əsas Bəhai məbədinin sonuncusudur, Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəzidir.

 

 

Məbəddə 1.300 nəfər insan eyni anda ibadət edə, meditasiya ilə məşğul ola bilər. Məbədin daxilində sakit və səssiz olmaq vacibdir, şəkil çəkilməsinə icazə verilmir. Bura bütün dinlərə mənsub insanların toplaşması, ibadət etməsi üçün bir məkandır. Bütün Bahai ibadət evlərində olduğu kimi dini mənsubiyyətindən, cinsindən və digər fərqlərindən asılı olmayaraq hər kəs Lotos Məbədinə girə bilər.

Hümayun türbəsi – Bu, Hindistanda Moğol memarlığının ilk əsas nümunəsidir. Rəvayətlərə görə, Böyük Moğol imperatoru sultan Hümayunun vəfatından 9 il sonra, həyat yoldaşının göstərişi ilə 1565-ci ildə tikilən bu türbə Tac Mahalın prototipidir. Türbədə sultanın və onun ailə üzvlərinin qəbrləri var. Türbə 1993-cü ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb. Ərazidə həmçinin, Suri sülaləsindən olan Şer Şah Surinin sarayında moğollara qarşı vuruşan əfqan zadəgan İsa Xan Niyazinin eramızdan əvvəl 1547-ci ildə tikilən türbəsi yerləşir. Bu türbədə İsa Xanın ailəsi ilə birgə qəbrləri var.

 

 

Bir çox Bollivud filmlərinin çəkilişində, eləcə də, Hindistan kino ulduzları Aamir Xan ilə Kajolun birgə oynadığı “Fanaa” filminin rəqs səhnələri zamanı geniş, bağ-bağça, yaşıllıqdan ibarət olan Qütb Minarəsinin, Hümayun və İsa Xan Niyazinin türbələrinin yerləşdiyi bu məkanlardan istifadə olunub.

 

 

Aqra – Moğol İmperiyasının paytaxtı

Yamuna çayının sahilində yerləşən və 1528-1658-ci illərdə Moğol İmperiyasının paytaxtı olan Aqra, hazırda Moğol İmperiyası dövrünün binaları və xüsusən də Tac Mahal sayəsində Hindistanın ən böyük turizm mərkəzlərindən birinə çevrilib. Aqrada bir sıra tarixi məkanlar olsa da, Hindistana səfər edən hər kəs sadəcə Tac Mahala baş çəkir. Hər il milyonlarla insan Aqradakı bu gözəl məkanı ziyarət edir. Gün ərzində ziyarətçilərin sayı 10 min olur. Pandemiyadan əvvəl isə hər gün 30 min insan gəlirdi.

Sevginin başladığı və bitmədiyi məkan –Tac Mahal

Tac Mahal dünyanın yeni yeddi möcüzəsindən biridir. Tac Mahal Moğol İmperatoru Şah Cahan tərəfindən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə inşa edilib. Mümtaz Mahal 14-cü övladını dünyaya gətirdiyi vaxt vəfat edib. Şah Cahan ölənə qədər qəlbində yaşadacağı sevgili xanımının xatirəsinə bu türbəni tikdirmək üçün dünyanın hər tərəfindən məşhur sənətkarlar, ustalar dəvət edir.

 

 

Tac Mahalın tikintisində 20 min insan çalışıb və sarayın inşası 21 ilə başa çatıb. Tac Mahal 1,2 hektar ərazidə, böyük və gözəl fəvvarəli bağın içində yerləşir. Ağ mərmərdən inşa edilən Tac Mahalın tikintisi üçün yüz minlərlə əqiq, sədəf, firuzə, zümrüd, yaqut, brilyant, incidən istifadə edilib. XIX əsrin sonunda Tac Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşüb. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət olunub, binanın divarlarındakı qiymətli daşlar sökülərək aparılıb. O vaxtdan sonra lord Kerzon genişmiqyaslı yenidənqurma işləri başaladıb və 1908-ci ildə bərpa prosesi başa çatıb. Şah Cahan və Mümtaz Mahalın sərdabələri türbənin içində, alt qatdadır. Ora heç kim buraxılmır. Yuxarı qatda hər ikisinin maketdən hazırlanmış qəbri qoyulub. Maketin yanında şəkil çəkdirməyə isə icazə verilmir.

Tac Mahala giriş üçün əvvəldən onlayn bilet almaq vacibdir. Məkan ciddi mühafizə olunur, polis və hərbçilərin nəzarəti altındadır. Ziyarətçilər iki dəfə – üst-başları, çantaları yoxlanıldıqdan sonra içəri buraxılır. Tac Mahala baxıl geyinməyən heç kim buraxılmır. Bu, təmizliyi qoruyub saxlamaq və buranın müqəddəs məkan hesab edildi üçün vacibdir.

 

 

Tac Mahalın qarşısındakı su hovuzunun yanındakı skamyada oturub şəkil şəkdirmək üçün həmişə turistlər, ziyarətçilər, fotoqraflar arasında ciddi mübahisə yaranır. Nəticədə nəzarətçilər, polis müdaxilə etməli olur. Hamı dünya liderləri, sənət adamlarının oturduğu o skamyada əyləşib şəkil çəkdirmək istəyir. O sakmyada kimlər şəkil çəkdirməyib ki? Şahzadə Diana, Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf ilə həyat yoldaşı, Çinin keçmiş prezidenti Jiang Zemin və həyat yoldaşı, Türkiyənin keçmiş baş naziri Bülənt Ecevit və həyat yoldaşı, İsrailin keçmiş baş nazir Benyamin Netanyahu və həyat yoldaşı, Bill və Hillari Klintonlar, Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı, Putin və keçmiş həyat yoldaşı, Böyük Britaniya şahzadəsi Uilyam və Kate Middleton, eləcə də dünya ulduzları, idmançılar, sənətçilər.

Racastanın “Çəhrayı şəhər”i Caypur

Caypur Racastan ştatının paytaxtıdır. Aqradan bura avtomobillə 4-5 saatlıq yoldur. Şəhərdə binaların, hasarların rəngi çəhrayı olduğundan buranı “Çəhrayı şəhər” də adlandırırlar. 1857-ci ildə Caypur şəhərinin bütün abidələri, o cümlədən City Palace(Şəhər Sarayı) çəhrayı rəngə boyadılıb.

 

 

O zamandan şəhərə “Çəhrayı Şəhər” deyirlər. Caypurda gəzməli, görməli yerlər, tarixi məkanlar çoxdur. Caypurun 60 milyon əhalisi var ki, onun da 20 faizini müsəlmanlar təşkil edir. Turistlər Caypurda daha çox City Palace, Hava Mahal və Amer Qalasına üz tutur.

City Palace( Şəhər Sarayı) 1727-ci ildə məhkəməsini Amberdən Caypura köçürən Maharaca Savai Jai Sinq II tərəfindən Caypur şəhəri ilə eyni vaxtda yaradılıb. 1949-cu ilə qədər City Palace Caypur Maharacasının mərasim və inzibati binası olub. Sarayda dini və mədəni tədbirlər təşkil olunub. Caypur krallığı 1949-cu ildə Hindistan İttifaqı ilə birləşdikdən sonra digər əyalətləri ilə birlikdə kral ailəsinin iqamətgahı olmaqda davam edib. Hazırda burada sonuncu Caypur kralı II Maharaca Savai Man Sinq Muzeyi yerləşir.

 

 

Muzeydə II Savai Man Sinq və ailəsinin şəxsi əşyaları, geyimləri saxlanılır. Muzeydə onların foto şəklini çəkməyə icazə yoxdur. Saray kompleksində bir neçə bina, həyətlər var. Caypur Hindistanın Racastan əyalətinin paytaxtı olandan sonra II Man Sinq bir müddət Rajapramukh, yəni qubernator, daha sonra Hindistanın İspaniyadakı səfiri təyin edilir.

Kral ailəsi City Palace yaxınlığındakı başqa iqamətgahda yaşayır. II Man Sinqin 41 yaşlı nəvəsi sahzadə Devrai Sinq hazırda simvolik olaraq kral titulunu daşıyır.

Jantar Mantar (Cantar Mantar) hərfi mənada “göylərin harmoniyasını ölçmək üçün alətlər” deməkdir. Bu, Caypurun banisi II Rajput kralı Savai Jai Sinq tərəfindən tikilən 19 astronomik alətdən ibarət kolleksiyadır. Rəsədxana 1734-cü ildə tamamlanıb.

 

 

O, dünyanın ən böyük daş günəş saatına malikdir, alətlər adi gözlə astronomik mövqeləri müşahidə etməyə imkan verir. Rəsədxana bir çox sivilizasiyalar tərəfindən paylaşılan Ptolemey mövqeli astronomiyanın bir nümunəsidir. YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib.

Hava Mahal (Badi-Səba Sarayı) Caypurun əsas turistik məkanıdır. Rajput memarlığının ən məşhur abidələrindəndir. 1799-cu ildə Caypurun banisi Maharaca Savai Jai Sinqin nəvəsi Maharaca Savai Pratap Sinq tərəfindən tikilib. Memarı Çand Ustad olub. Binanın fasadı, bal pətəyinə bənzəyən 953 kiçik pəncərəsi isti günlərdə daxili məkanı sərinlətmək üçün nəzərdə tutulub.

 

 

Buna görə binaya “Palace of Breeze” (Küləklər Sarayı) də deyirlər. Şəbəkə dizaynının ilkin məqsədi kral xanımlarına gündəlik həyatı və küçədə qeyd olunan bayramları görünmədən izləmək imkanı vermək idi. Çünki onlar “purdah”ın ciddi qaydalarına tabe olmalı idilər, bu da onlara üz örtüyü olmadan kənar insanlar arasına çıxmağı qadağan edirdi. Bir çox insanlar küçədən mənzərəsi görünən Hava Mahalı sarayın önü olduğunu düşünür, amma bu möhtəşəm mənzərə binanın arxa tərəfidir.

… Əvvəllər tütək çalıb ilan oynadanlara Hindistanın müxtəlif şəhərlərinin küçələrində tez-tez rast gəlinsə də, indi bu hallara az təsadüf edilir. Zəhərli kobraları tutub, dişlərini çıxaran ilan oynadanlar gün ərzində hər müştəridən təxminən 1-2 dollar qazanır. 

 

 

Düzdür, bu məbləğ dolanışıq üçün yetərli olmasa da, ilan oynadanlar adətən dolanşıqlarını insanların onlara verdiyi pullarla təmin edir. Elə Amer Fortda əcnəbi görən ilan oynadanlar, tez yanında oturar, tütəyini çalar, həsir zənbildən baş qaldıran kobrasını oynatmağa başlayar.

Amer Fort və ya Amber Fort (Amer Qalası) Hindistanın Racastan ştatının Amer şəhərində yerləşən qaladır. Təpənin üstündə yerləşən Amer Fort Caypurun əsas turistik məkanıdır. Gün ərzində 5 min turist Amer Forta baş çəkir. 55 min əhalisi olan şəhərin 20 faizi müsəlmanlardan ibarətdir.

Şəhərdə irili-xırdalı 65 məbəd var. Amer Fort bədii üslub elementləri ilə tanınır: böyük istehkamları, bir sıra darvazaları və daş döşənmiş yolları ilə qala Amer Sarayı üçün əsas su mənbəyi olan Maota gölünə baxır. Sarayda dörd bina var: Divan-e-Aam ( “İctimai Tamaşaçılar Zalı”), Divan-e-Khas (“Şəxsi Tamaşaçılar Zalı), Şiş Mahal və ya Jai Mandir (Güzgülü Saray) və Suk Nivas. Binalara vurulan naxışlar bu gün də təbiiliyini qoruyub saxlayb. Təbii rəngləri əldə etmək məqsədilə yaşıl rəng üçün ispanaq, qırmızı rəng üçün çuğundur, sarı rəng üçün yerkökü və digər müxtəlif tərəfəz bitkilərindən istifadə olunub. Amer Fort xalq arasında Amer Sarayı kimi də tanınır. Saray Rajput Maharacalarının və onların ailələrinin iqamətgahı olub. Raca Man Sinqin 12 kraliçası olduğundan hər kraliça üçün biri olmaqla 12 otaq düzəltdirib. Amer Fort və Şiş Mahal YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Şiş Mahal (Güzgülü Saray) Parisdəki Versal Sarayının Güzgülər Zalından sonra dünyada ikinci yerdədir. Şiş Mahal imperator Şah Cahan tərəfindən tikilib.

 

 

Jaiqarh Fort(Caiqarh Qalası) Aravalli təpələrinin zirvəsində yerləşir. Qaladakı “Jaivana” topu qala məntəqələrində istehsal edilib. Öz dövründə təkərlər üzərində dünyanın ən böyük topu olub. Amerin Rajput hökmdarları moğollarla dostluq münasibətlərinə malik olduğundan bu top heç bir döyüşdə istifadə edilməyib. Bu, qalanın yaxşı qorunan xüsusiyyətlərinə dəlalət edir.

 

 

Amer Portdakı bütün saraylar Rişi Kapur, Anil Kapur, Abhişek Baççan, Hrithik Roşan, Ayşvariya Ray, Ааmir Xan, Priyanka Çopra və bir çox Bollivud ulduzlarının iştirakı ilə çoxlu sayda film və serialların çəkiliş meydançası olub. Həmçinin, Amerikanın “The Amazing Race 14” realiti-şousunun 6-cı hissəsi Jaiqarh Fortda lentə alınıb.

Jal Mahal (Cal Mahal) Sarayı Man Sagar gölünün möhtəşəm mənzərəsinə malikdir. Saray dərinliyi 15 fut olan gölün sahil zolağında yerləşir. Qırmızı qumdaşla tikilən saray beş mərtəbəlidir, dörd mərtəbəsi göl dolduqda və üst mərtəbə açıq olduqda suyun altında qalır. Sarayın daxili ziyarətçilər üçün bağlıdır.

 

 

 

Bir yandan azan, digər yandan hind məbədinin səsləri…

Tibbi maskalar antisanitariyaya qarşı qoruyucu vasitə sayılsa da, hazırkı 34-36 dərəcə istidə Hindistanda onunla gəzməyin özü bir işgəncədir. Dehlidə cərimələrdən ehtiyat edib maskaları üzlərindən çıxarmayanlar da var. Amma Aqrada, Caypurda demək olar ki, az halda maskadan istifadə edən insan görmək olar. Pandemiyanın tüğyan etdiyi vaxtda cərimə 37 dollar idisə, indi bu, 7 dollara düşüb. Düzdür, muzeylər və qapalı məkanlar daxilinə bunu aid etmək olmaz. Orada maskadan istifadə etmək hələ də qüvvədədir. İsti demişkən, havanın temperaturunun yüksək olmasına baxmayaraq, baş çəkdiyim tarixi yerlərdə, muzeylərdə insanların ailəlikcə, böyüklü-kiçikli bu məkanlara daxil olmaq üçün uzun növbələr gözlədiyinin şahidi oldum. Bəlkə də məhz buna görədir ki, əsrlərdir Hindistanda ən qədim memarlıq inciləri, binalar, tarixi abidələr, qəsrlər, saraylar bu günə kimi qorunub saxlanıb.

Olduğum şəhərlərdə günün müxtəlif saatlarında bir yandan azan, digər yandan hind məbədinin zınqırov səsləri eşidilirdi. Müsəlmanlar məscidə, induslar məbədə tələsirdi, Allaha dua etmək üçün. Bəlkə də, Hindistan çox az yerlərdəndir ki, fərqli dinlərə aid insanlar rahat ibadət, dua edə bilirlər…

 

Laçın SƏMLA

“AzPolitika.info”

Bakı-Dehli-Aqra-Caypur-Bakı

 

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button