GündəmManşet

20 yanvar faciəsindən 32 ötür

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.[1]

Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.

1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri idi və siyasi dissidentlər üçün burada yer yox idi. Ermənistan SSR-də də partiya iyerarxiyasının böyük hissəsi yeni millətçi hərəkatla əməkdaşlıq etmək arzusunda olduğundan, burada millətçilər hakimiyyəti daha asanlıqla ələ keçirdilər. Azərbaycanda hakimiyyət və müxalifət arasında kompromis üçün heç bir əsas yox idi, həm də respublikanın gələcək taleyi barədə onlar fərqli fikirdə idilər. Fikir ayrılığının digər səbəbi rusdilli kosmopolit Bakı ziyalıları ilə respublikanın digər əhalisini bir-birindən ayıran uçurum idi. “Alimlər klubu”nun bəzi iştirakçıları partiya üzvləri idilər. Millətçiliyi təbliğ edən və Mixail Qorbaçovun perestroykaya maraq göstərməyən radikal ictimai xadimlər onlara nifrət edirdilər. İki ən məşhur radikal – tarixçi Etibar Məmmədov və həmkarlar ittifaqı fəalı Nemət Pənahov 1940-cı illərdə Ermənistanı tərk etmiş azərbaycanlı ailələrindən idilər. Hökumət və parçalanmış müxalifət “oyunun qaydalarını” razılaşdıra bilmədiklərindən, hakimiyyət uğrunda mübarizə uzun sürdü. Sonda, 1990-cı ilin yanvarında Bakıda rəsmi Moskva və Azərbaycan Xalq Cəbhəsi arasında qanlı qarşıdurma baş verdi. Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi.[2]

Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi: hüquq-mühafizə orqanları tərəfindən müdafiəsiz qalmış ermənilər; Xalq Cəbhəsində mötədillərin radikallar tərəfindən sıxışdırılması; hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi; Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi.[2] Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında – Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunların dörd əsgəri öldürüldü.[3]

Yanvarın 6–7-də Xalq Cəbhəsi parçalandı. Mötədil baxışlarına sadiq qalan ziyalılardan ibarət kiçik qrup təşkilatın tərkibindən çıxdı və Leyla Yunus və Zərdüşt Əlizadənin rəhbərliyi altında Azərbaycan Sosial Demokrat Partiyasını yaratdı. Cəbhənin tərkibində qalanlar isə Lenin meydanında kütləvi nümayişlərə başladılar, lakin onlar da artıq iki dəstəyə bölünmüşdülər. Moskvadan Bakıya daha bir neçə min nəfərlik daxili qoşun kontingenti göndərildi. Yanvarın 11-də Xalq Cəbhəsinin bir qrup radikalı Lənkəran şəhərində bir neçə inzibati binanı zəbt etdi və hakimiyyəti ələ keçirdi.[2] İki gün sonra vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə göndərilmiş “Bakinski raboçi” qəzetinin müxbiri şəhərdə sovet hakimiyyətinin devrilməsinin şahidi oldu:

Yanvarın 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü. Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda “Milli Müdafiə Şurası”nın yaradılacağı bəyan olundu. Komitənin beş liderindən dördü Xalq Cəbhəsinin radikal qanadını təmsil edirdilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin qəddar düşmənləri idilər. Onlardan ikisi – Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər. Pənahov bəyan etdi ki, Bakı evsiz qaçqınlarla doludur, lakin minlərlə erməni hələ də rahatlıq içində yaşayır, bununla da o, əhalini ermənilərə qarşı yönəlmiş zorakılığa təhrik etdi.[2]

Ermənilər Bakıdan qovulduqdan sonra Moskva və Xalq Cəbhəsi arasında münasibətlərə aydınlıq gətirməyin məqamı çatdı. Hələ basqınlar bitməmiş, yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxminli qoşunlara şəxsən komanda etmək üçün SSRİ müdafiə naziri Dmitri Yazov həmçinin bura gəldi. Dağlıq Qarabağda, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil olunmadı.[2]

Bakı küçələrində millətçi hərəkatın fəalları ağalıq edirdilər. Şəhər kənarındakı əsgər kazarmalarına aparan yollarda onlar yük maşınlarından və beton bloklardan barrikadalar qurmuşdular. Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başladılar. Binanın önündə dar ağacı peyda oldu, lakin onun əsl məqsədi – hədə-qorxu və ya həqiqi edam aləti olması – elə də sirr olaraq qaldı. Moskva emissarları və Xalq Cəbhəsinin rəhbərliyi üstüörtülü oyun aparırdılar.[2] Etibar Məmmədovun sözlərinə görə, Primakov Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına razı olmayacağı haqqında onlara xəbərdarlıq etdi və qoşun yeridəcəyinə işarə etdi:

Bakıya hücum

Hücumun gedişi

20 yanvarda Sovet qoşunlarının əməliyyat xəritəsi

Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 7:30-da televiziya stansiyasınin enerji bloku partladıldığından televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.[6][7]

Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər. Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər.[8] Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər.[8] Dinc sakinlərlə dolu avtobus gülləbaran edildi, bir çox sərnişinlər, o cümlədən on üç yaşlı Larisa Məmmədova qətlə yetirildi.[9][10]

SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə — Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi.[11]

20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edirdi.[12]

Binə — Qala marşrutu

Sovet qoşunlarının BinəQala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş “Komsomol” dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun “Komsomol” dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub.[12]

Salyan kazarmasından hərəkət

1990-cı ildə Bakıda Sovet qoşunları

Yanvarın 16-dan Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı “İskra” zavodunun qarşısında piket qurulmuşdu. Piketin iştirakçıları qoşunların şəhərə gəlməyinin qarşısını almaq istəyirdi. Yanvarın 20-si tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi.[13] Hərbçilərdən çoxu Stavropol vilayətindən gəlmişdi. Bir tank Suvorov (indiki 20 yanvar) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. İnsanların dağılması üçün bir zabit danışmaq istədi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı.[8] 5–6 dəqiqəlik mübahisədən sonra tankdan piket iştirakçıların üstündən qarşıdakı binaya atəş açdılar.[14] Camaat tankların qarşısında oturdu. Hərbçilər piketçilərə qaz bombaları (şaşkaları) atdılar və ətrafı tüstü bürüdü.[8] Piketçilər qazdan boğulduğuna görə, yerlərindən qalxıb dağılışmaq istəyirdi. Lakin hərbçilər onlara arxadan atəş açdı.[8]

Salyan kazarmasından saat 23:50 radələrində ağır texnikanın müşayiəti ilə çıxan qoşun Bakının tutulmasında müstəsna xidmətlər göstərib. Kazarmanın girişini əliyalın insanlar kəsdiyindən qoşun divarı uçuraraq hərəkət edib. Salyan kazarmasının qarşısında 20-yə qədər mülki insan öldürülüb. Bundan sonra qoşun üç istiqamətdə hərəkət edib. Birinci istiqamət köhnə avtovağzal, ikinci istiqamət “20 Yanvar” meydanı, üçüncü istiqamət isə keçmiş “Kimyaçılar Evi”-nin yanı ilə metronun Elmlər Akademiyası metrostansiyası stansiyasının qarşısı olub. Sonradan həmin qoşunun bəzi bölmələri keçmiş Mərkəzi Komitə, indi isə Prezident Administrasiyasının binasının qarşısına qədər hərəkət edib. Gecə saat 1-ə qalmış Mərkəzi Komitənin yanından keçən qoşunlar ora toplaşmış insanları dağıtmağa bir elə də cəhd göstərməyib.[12]

Səhər saat 9 radələrində isə Mərkəzi Komitənin binası qarşısında qoşunların hərəkətini dayandırmaq üçün Anar Qəribov adlı bir şəxs özünü BTR-in altına atıb. 7 gün koma vəziyyətində qalan bu şəxs xoşbəxtlikdən vəfat etməyib.[12]

“Qurd qapısı” marşrutu

“Qurd qapısı” istiqamətindən isə Sovet qoşunları saat 24:00 radələrində hərəkət etməyə başlayıb. Badamdar yolunu kəsən bu qoşun hissələri də sonradan üç istiqamətdə hərəkət edib. Birinci istiqamət metronun “Elmlər Akademiyası” stansiyası, ikinci istiqamət keçmiş “Sovetski” küçəsi, üçüncü istiqamət isə Ali Sovetin qarşısı olub.[12]

Sumqayıt — “Nasosnı” marşrutu

1990-cı ildə Bakıda Sovet qoşunları

Gecə saat 12-yə qalmış həmin istiqamətdən də hərəkət edən qoşunlar həm Biləcəri yolunda qurulan barrikadanı uçuraraq bu qəsəbəyə, həm də Bakıya daxil olub. Biləcəri qəsəbəsində, “Şamaxinka” deyilən ərazidə və keçmiş “XI Qızıl Ordu”, indiki “20 Yanvar” meydanında çoxsaylı ölənlər, yaralananlar olub.[12]

İnsanların çoxu indiki metroya tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər.[8]

Xəzər dənizində Sovet Hərbi Donanmasının hazırlıq əməliyyatları

1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər. 20 yanvar deputat istintaq komissiyasının məlumatlarında deyilir ki, 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmalı idi. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır. Sonradan bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti həbs edilir.[12]

Kəşfiyyat məlumatına görə, hərbçilərin hədəfi Bakı portu idi, hara ki, “Sabit Orucov” gəmisinin AXC-inin qərargahı idi.[13] “Sabit Orucov” gəmisi SOS! siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar.[15] Yanvarın 21-də saat 20:30-da iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri ciddi zədələnmişdi.[15]

25 yanvarda Bakı buxtasının qarşısını almaq üçün gəmilər dəniz desantları tərəfindən ələ keçirilmişdi.[13] Xalq Cəbhəsinin müqaviməti bir neçə gün Naxçıvanda davam etsə də, tezliklə orada da susduruldu.[13] Hərbçilər fövqəladə vəziyyəti pozan şəxslərin silahlarını alıb onları həbs etdi. Təxminən 80 AXC fəalı, o cümlədən, Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev həbs edildi.[13]

Qara Yanvarın qurbanları

Bakıda Şəhidlər Xiyabanı, 1990-cı il

Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir.[16] Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25–26 nəfər öldürülmüşdü. Sonradan araşdırmalar aparan Moskvadakı “Şit” (“Qalxan”) adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi. Azərbaycan SSR Səhiyyə Nazirliyinin məlumatına görə 21, “Şit” təşkilatının araşdırmasının nəticəsinə görə isə 9 sovet əsgəri müxtəlif səbəblərdən, o cümlədən, dost atəşi nəticəsində öldürülmüşdü.[2]

“Şit” təşkilatı ekspertlərinin hesabatında qeyd olunur:

  • Adamların xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmələri. İçərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu atəşə tutulmuşdur.[17]
  • Xəstəxanaların, təcili yardım maşınlarının atəşə tutulması. Məsələn: 67–50 АГП, 67–51 АГП, 39–97 АГС dövlət nömrə nişanlı təcili yardım maşınları tanklar ilə atəşə tutulmuşdur. Həkim A.M.Marxevka öldürülmüşdür.[18]
  • Süngü-bıçaqla qətl hadisələri. Belə qurbanlardan biri kor və milliyyətcə rus B.V.Yefimiçevdir.[19]
  • “Kalaşnikov” avtomatlarında ağırlıq mərkəzi dəyişən 5,45 mm kalibrli güllələrdən istifadə edilmişdir.[19]

1998-ci il martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman vermişdir.[20] 2000-ci il yanvarın 17-də 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə bir milyon Azərbaycan manatı məbləğində birdəfəlik yardım ödənilmişdir.[21] Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq, daha altı nəfərə “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.[22]

Müstəqillik

Qara Yanvarda Sovet tankının əzdiyi maşın

Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Bütün Bakı əhalisi gecə qətlə yetirilənlərin kütləvi dəfn mərasiminə toplaşdı. Onlar şəhərin hündür hissəsində salınmış Şəhidlər Xiyabanında basdırılan ilk şəhidlər oldular. Kommunist partiyasının minlərlə üzvü öz partbiletlərini yandırdı, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə “hərbi canilərin” əməllərini pislədi.[2]

Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqsızlığını üzə çıxartdı. Fövqəladə vəziyyətin erməni basqınlanrın qarşısnı almaq üçün deyil, yalnız ermənilərin Bakını tamamilə tərk etdiklərindən sonra elan edilməsi hökumət orqanlanın tam mənəviyyatsızlığından və ya səriştəsizliyindən, ya da hər ikisindən xəbər verirdi. Xalq Cəbhəsinin meydan oxumasına hökumət orqanlanın öncə tərəddüdlü, sonra isə qəddar reaksiyası Sovet İttifaqında bir neçə bir-birindən fərqli güc mərkəzlərinin mövcudluğunu meydana çıxartdı. Bu qruplaşmaların hər birinin ayrı-ayrı məqsədləri var idi, Qorbaçov isə onların arasında götür-qoy edirdi.[13]

Kommunist partiyası qısa müddətlik hakimiyyətə qayıtdı. Xalq Cəbhəsinin onlarla fəalı və bir az əvvəl hökumətin icazəsi ilə yaradılmış Milli Müdafiə Şurasının üzvləri həbs edildi. Etibar Məmmədov mətbuat konfransı keçirmək üçün Moskvaya gedərkən saxlanıldı. Nemət Pənahov İranda gizləndi. Naxçıvanda qarşıdurma bir neçə gün davam etdi. Sovet İttifaqında ilk dəfə birtərəfli qaydada öz müstəqilliyini bəyan edən elə məhz Naxçıvan oldu, lakin çox keçməmiş burada da Xalq Cəbhəsinin müqavimətini qırdılar. Kəskin əsəb gərginliyi keçirmiş Kommunist partiyasmın birinci katibi Əbdürrəhman Vəzirov paytaxtı tərk edib Moskvaya qaçdı, onun əvəzinə birinci katib vəzifəsinə Ayaz Mütəllibov seçildi. Polyaniçko ikinci katib vəzifəsini və “boz kardinal” statusunu özündə saxladı.[13]

1990-cı ildə Bakıda Azərbaycanın müstəqilliyini tələb edən nümayişçilər

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya öz rəyini faciənin törədilməsində iki il sonra – 1992-ci ildə SSRİ süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.[15]

1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu keçirilmişdir. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir.[15]

Fevralın 4-də Mütəllibov Qorbaçovla görüşmək üçün Moskvaya yollandı. Elə həmin gün “Pravda” qəzeti Heydər Əliyevi Brejnev dövrünün korrupsiyaya uğramış qalığı adlandırıb sərt ittiham atəşinə tutdu. Heç şübhəsiz, məqalənin dərc edilməsi qəsdən Mütəllibovun səfəri ilə eyni vaxta salmışdı. Bununla belə, Mütəllibov özü təsdiq etdi ki, heç nəyə baxmayaraq onun Əliyevlə görüşü baş tutdu və onlar gecə saat üçə qədər söhbət etdilər. Yeni partiya rəhbərinin rəğbətdə olmayan Əliyevlə görüşməsi Əliyevin Azərbaycanda güclü pərdəarxası sima kimi öz nüfuzunu saxladığından xəbər verirdi. Əliyevin sözlərinə görə, nümayişlərin ən qızğın çağı Qorbaçov ona zəng edib “adamlarını Bakının küçələrindən yığışdırmağı” və açıq bəyanat verməyi xahiş etmişdi. Əliyev ona cavab verdi ki, o, Moskvadadır və Azərbaycanda baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Əliyevə zəng edən Qorbaçov əmin idi ki, Əliyev Bakıda gizli təsir mexanizmlərinə malikdir. Əliyevin basqınlara qədər rolundan asılı olmayaraq o, Qanlı Yanvar hadisələrindən yenidən hakimiyyətə gəlmək üçün məharətlə istifadə etdi. 20 yanvar qantökməsindən sonra o, Moskvadakı Azərbaycan nümayəndəliyində mətbuat konfransı çağırdı və qoşunların Bakıya daxil olmasını pislədi.[2]

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında göstərilmiş və bununla əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə olunmuşdur.[23]

1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir:

2015-ci ildə Mixail Qorbaçov özünün yazdığı “Həyat və islahatlar” kitabındakı memuarlarında Sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb. O, 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da etiraf edib. “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır” -deyə Mixail Qorbaçov vurğulayıb.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button