Siyasət

17 ŞƏHİD MƏZARI VƏ… – Qaradağdakı məzarlıqda baş verənlər kimin “əsəri”dir?

Ötən gün Qaradağ rayonunda bir qrup şəhid ailəsinin övladlarının layiqli məzar yerilə təmin olunmamasına, onlara göstərilən biganəliyə, saymazlığa görə etiraz etmələri bir daha göstərdi ki, təkcə xalqın deyil, elə hakimiyyətin də ən böyük düşməni məsuliyyətsiz, yalnız özünü və ətrafını düşünən məmurlar, eləcə də əksər yerli icra hakimiyyəti orqanları və onlara rəhbərlik edən “qoçular”dır. Belə görünür ki, bunların beş-altısını tutub “içəri” salmaqla, iş düzəlmir və idarəetmədəki sistem problemi qaldıqca bu cür ağrılı məsələlər öz həllini tapmayacaq…

Ümumiyyətlə, şəhid məzarları kimi həssas mövzu ətrafında baş verən belə hadisələrin birliyimizə, dövlətçiliyimizə, qələbəmizə kölgə sala biləcəyini anlasaq da, müvafiq qurumların çox vaxt bütün əndazələri aşan məsuliyyətsizliyinə, nadanlığına, hətta vicdansızlığına soyuqqanlı yanaşmaq mümkün olmur. Dünən bütün sosial şəbəkələri bürüyən və cəmiyyətdə böyük hiddət yaradan məlum görüntülərdən aydın olur ki, şəhidlərin valideynləri nə ev, nə pul, nə torpaq və s. yox, sadəcə, övladlarının məzarına, ruhuna hörmət, diqqət tələb edirlər. Baxmayaraq ki, daha artığını tələb etməyə də tam haqları çatır. Ancaq müvafiq hökumət strukturlarının, icra orqanlarının gönü qalın, yekəbaş, dindən, insafdan, vicdandan kasad başçıları müqəddəs şəhid adına belə insan kimi, layiqincə münasibət bəsləməyi bacarmırlar.

Sual olunur: Cəmi 17 şəhid ailəsini qəbul etmək, dinləmək, özünü onların yerinə qoymaq, başa düşməyə çalışmaq, hansısa formada onların razı salmaq bu qədərmi çətindir?! Müdafiə Nazirliyində, müvafiq icra strukturlarında yoxdurmu bircə belə adam?

Videodan görünür ki, nədənsə Qaradağın icra başçısı Süleyman Mikayılov şəhid valideynlərinin qarşısına çıxmır, baxmayaraq ki, onun ünvanına səsləndirilməyən, deyilməyən söz qalmadı. Görəsən, niyə? Ancaq həmin ərazidə kimsə ondan icazəsiz, onun “saqqalının altından keçmədən” bir balaca toyuq hini tiksəydi, bayaqdan əlaltıları, məsələ biraz da böyüsəydi hətta özü durub qaça-qaça gələrdi. Onu da qeyd edək ki, nəhayət, bu gün mətbuata iki kəlməlik açıqlama verən başçı şəhid məzarı ətrafında baş verənlərə görə məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə atıb…

Məmurları qınayan, söyən şəhid ailələrini isə anlamaq çətin deyil. Həmin kadrlarda valideynlər çarəsizlikdən bu durumun yaranmasında günahı olanlara onlar kimi övlad acısı, müsibəti yaşamağı arzu edirlər. Əslində, faciə insanın tutduğu vəzifəyə, onun imkanına baxmır. Şəmkirin icra başçısı Aslan Aslanovun oğlunun hansısa məişət məsələsi üstündə qətlə yetirildiyini çoxları xatırlayır. Heç kimə belə acını arzulamaq doğru olmaz. Ancaq nə həmin gəncin, nə də hansısa digər icra başçısı, prokuror, nazir və s. övladının Qaradağdakı gözdən-könüldən uzaq, urvatsız, bataqlığa bənzəyən bir yerdə dəfn olunması kimi hala rast gəlməzsiniz…

Ümumiyyətlə, sözügedən 17 şəhid məzarı, onların ailələrinin etirazı ilə bağlı məsələyə təkcə icra hakimiyyəti deyil, hökumətdəki müvafiq orqanların münasibəti də düşündürücü, hətta müəmmalıdır. Məlumata görə, həmin 17 şəhid Qaradağ rayonundan yox, Yasamal və Nəsimi rayonlarındandır. Belə olan halda, nədən onları digərlərindən ayırıb, bir yerə toplayaraq, Qaradağdakı uzaq və baxımsız yerdə dəfn ediblər, bunun səbəbi nədir? Hökumətdən çıxıb kimsə buna izahat verməlidir. İstər müharibə dövründə, istərsə də ondan sonra şəhid və qazilərimizlə bağlı mümkün qədər həssaslıq göstərməyə, ən azından hər bir epizod üzrə ayrılıqda rəsmi izahat verməyə çalışan Müdafiə Nazirliyi, digər müvafiq hökumət qurumları, artıq bir neçə gündür davam edən, hətta erməni sosial şəbəkələrində xalqımıza, ordumuza qarşı rişxənd mövzusuna çevrilən, bir sözlə düşməni sevindirən bu hadisəyə nədən dərhal reaksiya vermədi? Niyə bu ailələrin qarşısına çıxıb, onları sakitləşdirən və həmin məzarların ya başqa yerə köçürüləcəyinə, ya da heç olmasa həmin ərazilərin yüksək səviyyədə abadlaşdırılacağına dair heç nə deyilmir? Bu biganəlik, susqunluq nəyə və kimlərin maraqlarına xidmət edir?…

Əgər şəhid məzarlarına və ailələrinə bu yaramaz münasibət sadəcə biganəlik, saymazlıq, məmur özbaşınalığının nəticəsidirsə, buna vəsilə olanlar mütləq ən sərt şəkildə cəzalandırılmalıdır. / “AzPolitika.info”



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button