Dünya

Əfqanıstanın keçmiş dövlət məmurları müqavimət şurası yaradıblar

Əfqanıstanın tanınmış siyasi xadimləri və ölkənin devrilmiş rəhbərliyinin nümayəndələri “Taliban”a qarşı Milli Müqavimət Ali Şurasını yaradıblar.
“Report” xəbər verir ki, Şuranın yaradılması barədə müvafiq bəyannamə hazırda Özbəkistanda olan Əfqanıstan İslam Cəmiyyətinin liderlərindən biri Ata Məhəmməd Nurun feysbuk hesabında yayımlanıb.
“Şura “Taliban”ı tanımadığına görə beynəlxalq ictimaiyyətə minnətdarlığını bildirir, BMT və bütün dünya ölkələrini müxtəlif etnik qrupların və əfqan qadınlarının pozulmuş hüquqlarının bərpa edilməsinə köməyə çağırır”, – bəyanatda deyilir.
Bundan əlavə, siyasətçilər Əfqanıstan xalqını daxili zülmə, xarici təcavüzə və işğala qarşı çətin və uzunmüddətli müqavimətə hazırlaşmağa səsləyib.
Bəyanatda hərbçilərin öldürülməsi və həbsi, siyasi xadimlərin təqib edilməsi, vətəndaş zorakılığı kimi mənfi hallara qarşı mübarizənin vacibliyi bildirilir.
Yeni siyasi birliyin qurucuları “Taliban” tərəfindən hakimiyyəti ələ keçirməsinin səbəbinin total korrupsiya olduğunu qeyd ediblər.
Şura, həmçinin beynəlxalq ictimaiyyət və müxtəlif təşkilatları Əfqanıstan xalqına birbaşa humanitar yardım göstərməyə çağırıb.
Bəyannamədə yeni siyasi quruma kimlərin daxil ediləcəyi dəqiq göstərilməsə də, yerli mətbuat Yeni Əfqanıstan partiyasının lideri Məhəmməd Yunus Qanuni, Milli İslam Partiyasının lideri Marşal Əbdürrəşid Dustum, 2014-2020-ci illərdə hökumət başçısının birinci müavini və Əfqanıstan İslam Partiyasının liderlərindən biri Məhəmməd Xan və Əfqanıstan Xalq-İslam Birliyi Partiyasının rəhbəri Məhəmməd Mohakikin adlarını qeyd edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button