Siyasət

Əli Əsədov Ermənistan baş nazirinin müavininin böhtanlarına cavab verdi

Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib. Ə.Əsədov iclasın gündəliyində duran məsələlərlə bağlı çıxış edib.

Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğunu deyən Baş nazir bildirib ki, ötən müddət ərzində Birlik mürəkkəb formalaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb.

Azərbaycanın ənənəvi olaraq MDB-də iştirakına və Birlik çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük önəm verdiyi vurğulanıb.

A.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə yönəldib. O bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, işğal olunmuş ərazilərinin azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edib.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həmin regionda dəhşətli dağıntıların miqyasını üzə çıxardığı, orada Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin qəsdən məhv edilməsi siyasətinin həyata keçirildiyi, urbisid, kultursid və ekosid törədildiyi qeyd edildi.

Diqqətə çatdırıldı ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün çox böyük işlər görməlidir.

Əsas vəzifənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi olduğunu qeyd edən Baş nazir Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsinin vacibliyini vurğuladı.

Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edildi. Bununla bağlı bildirildi ki, regionda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycanın, həm Ermənistanın, həm də bütün region ölkələrinin maraqlarına cavab verir.

Ə.Əsədov qeyd etdi ki, nəqliyyat marşrutlarının açılması təkcə region miqyasında deyil, Birliyə üzv olan bütün dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək.

Həmçinin hər iki ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyi vurğulandı.

Qeyd olundu ki, Azərbaycan maksimum konstruktivlik və xoşməramlılıq nümayiş etdirərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmağa, hətta sülh müqaviləsini imzalamağa hazırdır.

Baş nazir, həmçinin Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdən söz açdı. Bildirildi ki, Azərbaycan cari ilin yanvar ayından regionda peyvəndlənməyə ilk başlayan ölkələrdən biri olub. Diqqətə çatdırıldı ki, peyvəndlənmə tamamilə könüllülük əsasında həyata keçirilir və vətəndaşlara hansı peyvəndlə vaksinasiya olunmaqları ilə bağlı seçim imkanı verilmişdir.

MDB məkanında əməkdaşlığın bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminlik ifadə olundu.

Sonra MDB Hökumət Başçıları Şurasının digər üzvlərinin çıxışları oldu, MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan öz çıxışında əsassız olaraq Azərbaycanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9/10 noyabr tarixli razılaşmalarının icrasını təhlükə altına almaqda ittiham etdi. Nəqliyyat kommunikasiyası məsələsinə toxunan M.Qriqoryan bildirdi ki, Azərbaycan guya güc tətbiqi hədələri ilə müşayiət olunan dəhliz ideyasını şişirdərək onu təbliğ edir. Ermənistanın Baş nazirinin müavini, həmçinin Azərbaycanı guya erməni “hərbi əsirləri”ni saxlamaqda ittiham etdi.

Ümumi fikir mübadiləsindən sonra Baş nazir Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək söz götürdü və Ermənistan tərəfinin yalan dolu ittihamlarına cavab verdi. A.Əsədov qeyd etdi ki, 44 günlük müharibə artıq başa çatıb və Azərbaycan 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarını azad edib.

Baş nazir bir daha diqqətə çatdırdı ki, Azərbaycan birgə Bəyanatın bütün bəndlərinə tam sadiqdir və bundan sonra da onları yerinə yetirəcəkdir.

Bəyanatın regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinə toxunan Ə.Əsədov xatırlatdı ki, bu məsələyə Azərbaycanın Baş nazirinin müavini, Rusiya hökuməti sədrinin müavini və iclasda iştirak edən Ermənistanın Baş nazirinin müavinin həmsədrliyi ilə işçi qrup çərçivəsində baxılır. “Bu baxımdan Azərbaycanın guya bu məsələlərin həllini güc tətbiqi və ya hədə-qorxu ilə müşayiət etməsi ilə bağlı bəyanata gəldikcə, zənnimcə, burada artıq şərhə ehtiyac yoxdur. Çunki bu məsələlərə işçi qrup çərçivəsində baxılır, və bu, təkcə Azərbaycanın deyil, regionun digər nümayəndələrinin də bu yaxınlarda bəyan etdiyi kimi, bütün region ölkələrinin maraqlarına cavab verir”.

Baş nazir, həmçinin M.Qriqoryanın rəsmi Bakının guya erməni “hərbi əsirləri”ni əsirlikdə saxlaması ilə bağlı böhtan dolu açıqlamasına da cavab verdi. Ə.Əsədov bəyan etdi ki, Azərbaycan hərbi əsirlərlə bağlı birgə Bəyanatın müvafiq bəndinə tam əməl edir. Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli bəyanatına istinad edərək bildirdi ki, Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb.

Vurğulandı ki, üçtərəfli Bəyanatın imzalanmasından iki həftədən artıq müddət keçəndən sonra Ermənistan tərəfindən 62 nəfərdən ibarət silahlı qruplaşma təxribat törətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə, artıq işğaldan azad edilmiş ərazilərə atılıb və onlar tərksilah edilərək Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Qeyd edildi ki, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, bu şəxslər hərbi əsir sayıla bilməz.

Baş nazir bildirdi ki, buna baxmayaraq, Azərbaycan həmin şəxslərdən 29-nu Ermənistan tərəfinə qaytarıb, bu qrupdan olan digər 33 nəfər isə törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müddətlərə məhkum edilib.

Həmçinin qeyd olundu ki, cari ilin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı Sessiyasında Azərbaycan öz ərazisində artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin olmadığını bəyan etmişdir. “Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var”, – deyə Ə.Əsədov çıxışını yekunlaşdırıb.

İclas zamanı MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2022-ci ilin mayında Qazaxıstan Respublikasında keçirilməsinə dair qərar qəbul edildi.

Sonda bir sıra sənədlər imzalandı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button