Fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviareyslər bərpa olunacaq.
Bunu Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
Nazirin sözlərinə görə, uçuşlar bütün tibbi protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək: “Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcəklər”.
Xatırladaq ki, Gürcüstan 2020-ci ilin mart ayından bütün beynəlxalq uçuşlara qadağa qoyub. Hazırda Gürcüstandan yalnız Berlin, Münhen, Paris, Riqa, Amsterdam, Afina, Varşava, Vilnüs, Dortmund, Doha və Milan şəhərlərinə aviareyslər həyata keçirilir.