2020-ci ildə 2019-cu ilə nisbətən pensiya ödənişlərinə 20%, prezident təqaüdlərinə 25%, sosial müavinətlərə 15% çox vəsait ayrılıb. Orta pensiya 13 faiz artıb, 300 manata, yaşa görə orta pensiya 330 manata çatıb. Ünvanlı sosial yardımı proqramı genişləndirilib, yardımın ailəyə düşən orta məbləği də 15 faiz artıb.
Ümumilikdə son bir ildə pensiya, təqaüd, müavinət, ünvanlı yardım üzrə ayrılan vəsaitlər 1 milyard manat artıb. Ümumilikdə sosial paketə 5 milyard 750 milyona yaxın vəsait xərclənib. Rəqəmlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamalarından götürülüb. Nəzərə alsaq ki, bu artım adi vaxtlarda deyil, pandemiyanın hökm sürdüyü və iqtisadiyyata ciddi mənfi təsir etdiyi ildə bir dövrdə baş verib, bu, təqdirələyayiqdir.
Təbii ki, sosial problemlər çoxdur və bunu qısa zamanda həll etmək mümkün deyil. Ancaq hökumətin bu məsələlərə həssas yanaşması yaxşı haldır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu il Binəqədi, Abşeron, Bərdə və Quba rayonlarında da DOST mərkəzlərinin açılacağını bildirib. Bununla 2021-ci ilin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq.
Ötən il də 6 müəssisə - Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt Reabilitasiya mərkəzləri və Göygöl Psixonevroloji Sosial Xidmət Müəssisəsi tam şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir avadanlıqlarla da təchiz edilmiş bu reabilitasiya müəssisələri həm müharibədə yaralanmış hərbi qulluqçula, həm də digər əlilliyi olan şəxslərimizə keyfiyyətli xidmətlər göstərəcəklər. Hazırda Şağan Reabilitasiya Pansionatının, Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzlərinin, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışına hazırlıq işləri aparıldığını və bu il onların da istifadəyə veriləcək.
Bununla nazirliyin sosial xidmət və reabilitasiya müəssisələrinin sayı 30-dan çox olacaq. Qarşıdakı dövrdə bu müəssisələr şəbəkəsi daha da genişləndiriləcək. 2-ci Qarabağ müharibəsi yenicə başa çatıb. Rəsmi statistikaya görə 1500-ə yaxın əsgər bu və ya başqa formada yaralanıb, bir qismi isə sağlamlıqlarını ömürlük itirib. Bu baxımdan sosial xidmət və reabilitasiya müəssisələrinin sayının artması müsbət tendensiyadır.
Təbii ki, indiki vaxtda ən həssas məqam şəhid ailələri ilə bağlıdır. Şəhid ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi proqramı başa çatıb. Ötən il 1500 mənzil və fərdi ev şəhid ailələri, müharibə əlillərinə verilməsi proqramı icra olunub, ümumilikdə bu vaxta qədər 9100-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunub.
Prezidentin fərmanı ilə şəhid ailələri və müharibə əlillərinin sosial təminatı sahəsində mühüm sənədlər qəbul olunmaqla, onlara yönələn Prezidentin aylıq təqaüdləri 01.01.2021-ci il tarixdən əhəmiyyətli dərəcədə artırıldı, eyni zamanda yeni növ Prezident təqaüdləri də təsis olundu. Yaxın vaxtlarda şəhid ailələrinə keçmiş məcburi köçkünlər üçün tikimiş evlərin verilməsinə də başlanacaq. Bu da çox ciddi bir proqramdır. Bütün bunlar göstərir ki, dövlət bütün şəhid ailə üzvləri və müharibə əlillərinin sosial vəziyyətini daim diqqətdə saxlayır və onların rifah halının yaxşılaşdırılması istiqamətində sosial dəstək və sosial təminat işlərini davamlı olaraq həyata keçirir. Təbii ki, bunlar davamlı və daha əhatəli olmalıdır.
Sosil sektorun əsas prioritetlərindən biri məşğulluqdur. Bu yöndə də müsbət tendensiyalar var Məşğulluq tədbirləri müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Bu həm özünüməşğulluq proqramı, həm ictimai işlərə vətəndaşların cəlb edilməsi proqramı çərçivəsində həyata keçirilir. Bütün bu proqramlarda yüksək ictimai açıqlıq və şəffaflıq təmin edilir. 2020-ci ildə 100 min şəxs işlə təmin olunub. 12 min ailə özünüməşğulluq proqramına cəlb olunub. Bu il bu proqrama 16 min ailənin cəlb olunması nəzərdə tutulub. Nazir ötən il əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi addım atıldığını, əmək müqavilələrinin sayında 10 faizlik artımın olduğunu deyib. Bu çox vacib göstəricidir. Ancaq təbii ki, problemlər də çoxdur. Çünki sərt karantin rejimi işsizlik səviyyəsini artırıb. Ancaq problemin prioritet seçilməsi pozitiv tendensiyadır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 2021-ci ilin sosial hədəfləri, qarşıdakı dövrdə sosial sahədə aparılacaq işlərin, islahatların prioritetləri, elektronlaşdırma proqramının bu il üçün məqsədləri barədə məlumat verib. Nazir sosial müdafiə və aktiv məşğulluq proqramlarının daha da genişlənəcəyini anons edib. Şəffaflığın artırılmasının yenə də prioritet olacağını deyib. Nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 90 və ola bilsin 100-ə çatdırılacaq. Həmçinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyin prioritet olcağını bildirib. İşğaldan azad edilmiş ərazilərdə də müasir sosial infrastrukturun qurulacağını, sosial müdafiə və aktiv məşğulluq proqramlarının icra olunacağını qeyd edib.
Qadir İBRAHİMLİ