Maliyyə naziri Samir Şərifov 2021-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsnin gecikməsinə aydınlıq gətiririb: “Ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır”.
Təbbi ki. maliyyə nazirinin izahatı yetərlidir. "Büdcə sistemi haqqında qanun"unun 11-ci maddəsinin 1-ci bəndinə görə, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır. Yəni artıq fevralda büdcə tərtibi başlanmışdı və onda müharibə söhbətləri təsəvvürdə belə yox idi. İndi artıq situasiya kəskin dəyişib - 10 min kvadrat kilometrdən çox ərazi işğaldan azad edilib və edilir.
Müqayisə üçün deyək ki, işğaldan azad edilən ərazilər ölkənin ən böyük regionu sayılan Bakıdan düz 5 dəfə çoxdur. Bu o deməkdir ki, bu ərazilərdə quruculuq-abadlıq işləri böyük vəsait tələb edir və bu xərclərin ən azı bir hissəsi 2021-ci ilin büdcəsində mütləq nəzərə alınmalıdır.
O biri tərəfdənsə, Azərbaycan prezidenti İlham Əliyev də dönə-dönə vurğulayıb ki, işğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Deməli, 2021-ci ilə büdcəsinə dəyişikli edilməsi, xərclərin strukturunun yenilənməsi artıq zərurətdir.
2021-ci ilin dövlət büdcəsi layihəsində işğaldan azad olunmuş rayonlarda hansı layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub? Maliyyə əsas istiqamətləri açıqlayıb: "İşğaldan azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır. Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir".
Qeyd edək ki, prezidentin sərəncamı ilə artıq ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.
Çox güman ki, dövlət büdcəsindən ayırmalarla yanaşı, Prezidentin 500 milyon manatlıq ehtiyat fondu hesabına da gələn il azad olunmuş ərazilərdə xeyli infrastruktur layihələri maliyyələşəcək. Eyni zamanda Neft Fondunda 44 milyard dollarlıq vəsaitlərinin bir hissəssi də bu məqsədlə xərclənə bilər. Bir sözlə, ölkənin maliyyə resursları dövlət və mühafizə təsisatlarının formalaşdırılması üçün yetərlidir. Növbəti mərhələdə isə yerli və xarici investorları cəlb etməklə prosesi sürətləndirmək olar.
Qadir İBRAHİMLİ