2019-ciilin maynda Bakının Süleyman Rüstəm küçəsində yerləşən və əvvəllər «Molokan dua evi» kimi tanınan tarixi bina sökülmə təhlükəsi ilə üzləşmişdi. Tarixi bina işbazların hədəfində idi və yerində başqa tikinti planlanırdı. O vaxt bu məsələ ictimai etirazlara səbəb oldu. İş o yerə çatdı ki, söküntünü qarşısını almaq üçün bir qrup gənc binada keşik çəkməyə başladı. Sonda birinci vitse-prezident Mehriban Əliyevanın müdaxiləsi binanı xilas etdi.
Ardınca da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qanunsuz ictimai iaşə obyektisinin tikilməsi xəbəri yayıldı. Yenə birinci vitse-prezidentin müdaxiləsi ilə məsələ çözüldü. Təbii ki, hər 2 halda müdaxilə yerində idi. Çünki tarixi binalar və onların əraziləri toxunulmazdır və dövlət səviyyəsində qorunmalıdır.
2-ci Qarabağ müharibəsi başlayandan isə Bakının simvollarından biri olan, məşhur “Taqovı” ərazisində növbəti vandalizim aktı baş verir - Nizami küçəsində yerləşən bir sıra binalara yeni əlavələr edilir. Konkret desək, mülkiyyətçi sahibi olduğu binanı tikinti standartlarına və müvafiq qanunvericiliyə zidd qaydada “böyüdərək”, paytaxtın memarlıq estetikasını tamamilə korlayır.
Söhbət təkcə estetikadan da getmir – binalara əlavə mərtəbələrin artırılması həm də təhlükəsizlik baxımından risklidir. Tutaq ki, binanın özülü 3 mərtəbəyə hesablanıb. 4-cü mərtəbəni əlavə edəndə, artıq yüklənmə yaranır və bina çökmək təhlükəsi ilə üzləşir. Hətta yaxın keçmişimizdə də bunun canlı şahidi olmuşuq.
2009-cu ilin avqustunda 12 mərtəbəyə hesablanan özül üzərindən qanunsuz 16 mərtəbə tikməyə cəhd etdilər. Nəticədə bina uçdu və 30-a yaxın insan həyatını itirdi.
Nəhayət, hər bir şəhərin elə tarixi əraziləri var ki, orada olan tikililərin görünüşünü dəyişmək cinayət əməlinə bərabər tutulur. Məsələn, İstanbulda Taksim, Moskvada Arbat meydanı toxunulmaz ərazilər sayılır. Bu meydanları görünüşünü dəyişmək qanunla qadağandır. Eyni sözləri Bakının “Tarqovı”sı haqda da demək olar.
Məsələ burasındadır ki, bu qanunsuzluğa görə heç bir qurum məsuliyyəti üzərinə götürmək istəmir. Bakı şəhər İcra Hakimiyyəti deyir ki, prezidentin sərəncamı ilə memarlıq və tikintiyə nəzarət funksiyası 2018-ci il avqustun 1-dən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib, bu məsələyə görə, məsuliyyət daşımırlar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə iddia edir ki, bu tikintilər 2018-ci ilin avqustun 1-ə qədər tikilib. Ona görə məsiliyyət daşımırlar. Ancaq artırmalarla bağlı tikinti bu gün də davam edir.
Təbii ki, bu ötür-ötür oyunu etdikcə vəziyyət daha da qəlizləşir və işbazların yeni “ideyaları” ortaya çıxır və tikilillər tanınmaz hala düşür.
Yaxşı olardı ki, “Taqovı”nı vandallardan xilas etmək üçün Nazirlər Kabineti məsələyə müdaxilə etsin. Nazirlər Kabineti bir neçə məsələyə aydınlıq gətirməlidir.
1. Binalara artırmalara hansı dövlət qurumu və hansı əsasla icazə verib?
2. Artırmalar tarixi binaların qədim görkəminə nə qədər adekvatdır?
3. Artırmalar tarixi bina sakinlərinin və orada yerləşən ofislərin əməkdaşlarının təhlükəsizliyinə ciddi təhdidlər yaradırmı?
Nazirlər Kabineti bu suallara aydınlıq gətirməli, qanunsuz artırmaların sökülməsi və günahkarların cəzalandırılması üçün uyğun qərarlar verməlidir. Əks halda Bakının simvollarından sayılan “Taqqovı” klassik görkəmini itirəcək!
istiqlal.az