Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib

31/10/2020 [13:33] - Siyasət (499)



“Heç bir cavab yoxdur. Mən bir aydır bu sualı verirəm. Biz ilkin hesablama aparmışıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab nədir?” sualına cavabında deyib.

Jurnalist “Bu sualı davamlı olaraq verən şəxsdə müəyyən mənada bir cavab olmalıdır” deyə növbəti sualı Azərbaycan Prezidentinə ünvanlayıb.

Dövlət başçısı belə cavab verib: “Cavabım olsaydı, soruşmazdım. Hələ də soruşuramsa, o deməkdir ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin hesablama aparmışıq, yeri gəlmişkən, mən bizim məhv etdiklərimizin hamısını açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır”.
***

“Düşünürəm ki, bunu Ermənistan dayandırmalıdır. Beynəlxalq güc - sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir. Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir”.

Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biri Rusiya, biri isə ABŞ-la danışıqlar nəticəsində elan edilmişdi. Bu müharibəni hansı beynəlxalq güc dayandıra bilər” sualına cavabında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik - biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar”.

Dövlət başçısı Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyinin uğurlu olmadığını vurğulayıb: “Bəli, uğurlu olmadı, çünki onlar Ermənistana sanksiya tətbiq etmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistana qarşı sanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işğal edəndə İraqa qarşı sanksiyalar tətbiq edilmişdi, dərhal. İraqa qarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistana edilsəydi, onda onlar qüvvələri geri çəkərdilər”.

Prezident qeyd edib ki, bu üç ölkə hər zaman hərbi həllin olmadığını bildirib: “Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər”.

Müxbirin “Siz onlara qulaq asırsınız” sualına dövlət başçısı “Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram” cavabını verib.
***

“Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbs ediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur və müxalifət...”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Azərbaycanda bir çox müxalifət üzvləri də həbsdə deyilmi?” sualına cavabında deyib.

Jurnalistin “Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə bağlı?” sualına cavabında dövlət başçısı qeyd edib: “Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Mən dəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adi cinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkincisi, pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardan biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir, xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur, niyə mən buna başlamalıyam”.

“Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?” sualında cavabında isə Azərbaycan Prezidenti belə cavab verib: “Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız?”

Jurnalist cavabında bildirib ki, müəyyən mənada, bəli.

“Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Jurnalist etiraz etsə də dövlət başçısı əlavə edib: “Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist - adını unutmuşam. Siz onlara qadağa qoydunuz”.

Jurnalist bu barədə bilmədiyini, hətta koronavirus dövründə də etirazlar keçirildiyini söyləyib.

Azərbaycan Prezidentinin jurnalistə cavabı belə olub: “Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib. Küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur”.
***

“Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. 

Prezident bildirib ki, bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır: “Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz. Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər bizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlar həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmır”.
***

“Bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər”.

Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib” sualına cavabında deyib.

“Xristianlar öz kilsələrinə atəş açıblar” sualına cavab olaraq Azərbaycan dövlət başçısı bunun kiçik ziyan olduğunu, kilsənin dağılmadığını bildirib: “Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik.

Prezident “Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz” sualını isə belə cavablandırıb: “Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyə də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır”.

***

“Bu, tamamilə yanlış qiymətləndirmədir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız” sualına cavabında deyib.

“Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyə bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var?”, - deyə dövlət başçısı vurğulayıb.

Jurnalist isə hazırda ondan həmin şəxsin adının olmadığını bildirib: “Hazırda məndə adı yoxdur, öyrənərəm”.

Azərbaycan Prezidenti bu sualı etibarsız hesab etdiyini vurğulayıb: “Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur. Diqqətin yayındırılmasına gəlincə, diqqəti yayındırmağa ehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var. Siyasi proses çox səmərəlidir”.

***

“Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. 

Prezident bildirib ki, onlar orada əsrlər boyu yaşamayıblar: Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər”.

Müxbirin “Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər?” sualına Prezident İlham Əliyev “Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun” cavabını verib. 

Dövlət başçısı bildirib ki, biz etnik təmizləməyə məruz qalmışıq: “Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik.

Müxbirin “Lakin indi orada, son bir neçə həftədə mülki şəxslər qətlə yetirilib?” sualının cavabında dövlət başçısı qeyd edib ki, Azərbaycanın da mülki şəxsləri qətlə yetirilib – 69 nəfər: “Çünki bu, müharibədir. Lakin 69 mülki şəxs münaqişə zonasından uzaqda olan Gəncədə və digər ərazilərdə qətlə yetirilib, 300-dən çox mülki şəxs yaralanıb. Bu, müharibədir. Əfsuslar olsun ki, bu, olur”.
***

“Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Siz orada - muxtar regionda hansı təsirə malik olmaq istəyirsiniz? Bu, özü-özlüyündə ziddiyyət təşkil edir” sualına cavabında deyib.

“Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq. Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”, - deyə dövlət başçısı qeyd edib.
***

“Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir”.

Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına cavabında deyib.

Azərbaycan Prezidenti bunun resurslar məsələsi olmadığını bildirib: “Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
***

“Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Onlar iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz?” sualına cavab olaraq deyib. 

Prezident bildirib ki, onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər: “Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?

Müxbirin “Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçə dəfə müraciət ediblər, lakin Siz onlara girişə icazə verməyibsiniz” sualının cavabında Prezident İlham Əliyev qeyd edib ki, “Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görə gəlmədiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq. Bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar...Onlar bunu etməlidirlər. Çünki onların “yox” demək imkanı yoxdur. Qoyun, onlar desinlər. Çünki bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi”. 

Prezident vurğulayıb ki, onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər: “Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər”.
***

“Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?” sualına cavabında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu: “Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib. Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır”.

Dövlət başçısı jurnalistin “Azərbaycanın heç bir təsiri olmadan muxtar rayon?” sualına cavabında deyib ki, bu, müzakirələrin bir hissəsi idi.

“Lakin biz bununla bağlı yekun razılığa gəlmədik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Jurnalistin “Lakin Siz buna razılaşardınız?” sualına cavabında Azərbaycan Prezidenti qeyd edib ki, biz bunu indi müzakirə etməliyik: “Çünki indi ortada yeni reallıq var”.
***

İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır: "Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də gələcək təxribatları üçün zəmin yaradır. 

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur".


***

“Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir”.

Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bizim kifayət qədər silah-sursatımız var: “Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.

***

“Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Bu müharibə nə qədər davam edəcək?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu.

“Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var. Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


***

“Cavab, Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi”.

 Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir” sualına cavablında deyib.

Prezident qeyd edib ki, hərbi təxribat birinci, iyul ayında törədilib: “O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”.
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
28/11/2020 [20:17]:
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin