Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı
Bütün
vətəndaşlarımızın ürəyinin Qarabağda döyündüyü indiki dönəmdə hər bir
Azərbaycanlı rəşadətli Ordumuza yardım etmək arzusu ilə yaşayır. Azərbaycan
dövləti tərəfindən Silahlı Qüvvələrin təchizatı yüksək səviyyədə təmin olunsa
da, Orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürənlərin
sayı durmadan artır. İşindən və peşəsindən, fəaliyyət sahəsindən asılı
olmayaraq hər kəs cəbhədə döyüşən qəhrəman əsgərlərimizlə həmrəyliyini nümayiş
etdirir.
Azercell şirkəti də öz
abunəçilərinə Silahlı Qüvvələrə Yardım Fonduna daha rahat və sürətli formada
ianə köçürmək imkanını yaradır. Azercell-in “Kabinetim” tətbiqi üzərindən günün
istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Fonda vəsait köçürmək
mümkündür. Bunun üçün sadəcə “Kabinetim” tətbiqini işə salmaq və ”Mobil Ödəmə”
bölməsindən “Orduya ianə” əməliyyatını seçməklə ödəmə aparmaq kifayətdir. Mobil
tətbiq vasitəsilə ianə etmək üçün kredit kartına ehtiyac yoxdur, nömrə
balansında minimum 3 AZN olması yetərlidir. Birdəfəlik maksimal ianə məbləği 50
AZN, aylıq limit isə 500 AZN təşkil edir.
Qeyd
edək ki, abunəçilərin gündəlik iş və məişət proseslərini daha rahat etmək və
onlara ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə yaradılmış “Kabinetim”
mobil tətbiqi müəyyən ödəmələr aparmaqla yanaşı, nömrəyə tam nəzarət etmək
imkanını verir. Bu tətbiq balansı nəzarətdə saxlayıb artırmaq, internet
paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini
dəyişmək, eləcə də, məişət və kommunal ödənişlərini həyata keçirmək kimi imkanlar
təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim”
mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə
zamanı meqabaytlar xərclənmir.
Həm
iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional
"Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən
ödənişsiz olaraq yükləmək mümkündür. Əgər tətbiq avtomatik yenilənməyibsə,
yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.
Xatırladaq
ki, Azercell şirkətinin özü də ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə Milli
Ordumuza dəstəyini əsirgəməyib. Belə ki, işğal altında olan torpaqlarımızın
azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə
şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində
vəsait köçürülüb.
Bundan
əlavə, ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” döyüş bölgəsində
olan, informasiya müharibəsində savaşan media təmsilçilərini də unutmayıb. Belə
ki, hazırda cəbhə bölgələrinə ezam
olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına Azercell
tərəfindən 100 AZN köçürülüb.
Azercell şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün böyük və möhtəşəm qələbə ilə
başa çatacağına əmindir.
Qarabağ Azərbaycandır!