Hərb meydanındakı əməliyyatlar respublikamıza qarşı artan siyasi-diplomatik təzyiqlər fonunda həyata keçirilirdi: “Cənab Prezident bu siyasi-diplomatik təzyiqlərə sinə gərir, məharətli diplomatik addımlarla ölkəmizə qarşı olan təzyiqləri neytrallaşdırır. Belə olan halda, Moskva danışıqlarından imtina düzgün addım sayılmazdı. Bu danışıqlarda iştirak etməklə, Ermənistanın və havadarlarının bir araya gələrək, respublikamız qarşı vahid diplomatik cəbhə təşkil etməsinin qarşısını almış olduq.
Etiraf edək, siyasi-diplomatik cəbhədə yanlışlıq, hərb cəbhəsindəki üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “Yox!” deməsi, Ermənistanın mövqeyini gücləndirmiş olardı. İndi isə açıq şəkildə deyirik: buyurun, biz hərb meydanında da, sülh masasında da birüzlüyük, sözümüz bütöv və etimadlıdır. Özü də, dövlət başçımız səviyyəsində elan edilib ki, Moskva danışıqlarında iştirakımız işğalçıya son şansdır, son şans! – Yox, əgər bu tarixi şansı da düzgün qiymətləndirə bilməsələr, zərər görən ilk növbədə özləri olacaq! O zaman, zəhmət çəkib, yeni tabutlar, yeni matəm çələngləri sifariş verməli olacaqlar”.
Bizim mövqeyimiz ədalətli, hüquq əsaslıdır və biz Azərbaycanın milli maraqlarını özünün həyat amalına çevirmiş bir rəhbərə malikik: “Mövqeyimiz haqlı, rəhbərimiz qətiyyətli, əhalimiz dövlətcanlı, vətəncanlı, ordumuz güclü! Belə olduğu halda, hansısa danışıqlarda iştirakdan çəkinəcəyimiz yoxdur!
Bu yerdə, Prezident İlham Əliyevin məşhur sözlərini xatırlatmaq istərdim: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
Bu günədək aparılan dövlət siyasəti, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçımızın fikirlərinin tam əsaslı olduğunu bir daha təsdiq edir. İstər danışıqlar masasında, istərsə hərb meydanında atılan hər bir addım düşünülüb və dəqiqdir. Bu addımlar bizi əsas hədəfə daha da yaxınlaşdırır. İşimiz haqq işidir, biz qalib gələcəyik! Dövlətimiz var olsun!”
İradə Hüseynova
Nəsimi rayon sakini