Artıq 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi davam edir. 30 ildir xalqımız öz dədə-baba yurdlarından didərgin salınmış, vətən həsrəti çəkmişdir. Uzun illərdir gedən danışıqlar prosesi çox təəssüf ki, heç bir nəticə verməmişdir. Atəşkəs olmasına baxmayaraq, ermənilər zaman – zaman təxribatlara əl atmış, daim dinc əhalini hədəf seçmişdir.
Aprel döyüşlərində ordumuz mənfur ermənilərin növbətini təxribatının qarşısını alaraq Cocuq Mərcanlı kəndini və bir çox strateji yüksəklikləri düşmən işğalından azad edə bilmişdir.
Təbii ki, erməni təxribatları bununla bitmədi, onlar yenidən 12 iyulda təxribata əl atdı və ordumuz tərəfində layiqli cavab verildi. Bundan sonra geri çəkilmək və bu cavabdan dərs almaq yerinə əksinə, müharibəyə hazırlıq görməyə başladılar. Cənab Prezident İlham Əliyev bütün beynəlxalq konfranslarda çıxış edərkən ermənilərin müharibəyə hazırlaşdığını, bunun dərhal qarşısının alınmalı olduğunu bildirmişdir. Çox təəssüflər olsun ki, heç bir beynəlxalq təşkilat bu barədə tədbir görmədi və nəhayət, 27 sentyabrda ermənilər növbəti təxribata əl atdılar. Lakin bu dəfə Ali Baş Komandanımız İlham Əliyev düşmənə qarşı əks-hücum tədbirləri həyata keçirmək üçün əmr verdi. 10 gündən artıqdır ki, əməliyyatlar uğurla davam etdirilir və bu əməliyyatlar nəticəsində şanlı ordumuz Cəbrayıl rayonunu, Suqovuşan su anbarını, onlarla kənd və strateji yüksəklikləri işğaldan azad etdi.
Cənab Prezident öz çıxışında bildirmişdi ki: “Nəyi, nə vaxt, necə etməli olduğumuzu biz bilirik. Nəyi ediriksə, dəqiqliklə edirik”. Əməliyyatlar zamanı əldə etdiyimiz uğurlar bu sözləri bir daha təsdiqlədi. Bu gün Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mövqeyini dəyişir. Məhz prezidentimizin iradəsi və qətiyyətli mövqeyi sayəsində, uzun illərdir ATƏT-in Minsk qrupunun dəyişdirmək üçün heç bir cəhd etmədiyi status-kvo dəyişmişdir. Artıq təmas xətti anlayışı yoxdur.
Artıq həm Ermənistan tərəfi, həm də hərbi yolla məsələnin həlli olmadığını söyləyən digər ölkələr Azərbaycan ordusunun gücü gördülər. Beynəlxalq hüququn norma və prinsiplərini pozaraq qanunsuz məskunlaşma həyata keçirən Ermənistan tərəfi artıq bunu edə bilməyəcək. Azərbaycan Ordusunun gücünü görən heç kəs birdə bu ərazilərdə məskunlaşmaq istəməyəcək.
Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə 11 saat davam edən görüşün sonunda Azərbaycan və Ermənistan arasında ölənlərin və əsirlərin dəyişdirilməsi, döyüş meydanından ölənlərin daşınması üçün humanitar atəşkəs elan olundu. Təbii ki. Bu atəşkəs müvəqqəti xarakter daşıyır və Ermənistanın bizim torpaqlarımızı tərk etməsi və vaxt cədvəli verərək qoşunlarını geri çəkməsi üçün son şansdır. Əgər yenə də öz işğalçılıq siyasətlərini davam etdirsələr, təbii ki, yenidən hərbi əməliyyatlar davam edəcək. Belə bir vəziyyətdə Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinə daha çox təzyiq etməli və məsələnin diplomatik yollarla həll olunmasına çalışmalıdırlar.
İstər diplomatik, istərsə də hərbi yolla Azərbaycan xalqı öz torpaqlarını düşmən işğalından azad edəcək. Hər bir Azərbaycan vətəndaşı öz liderinin-İlham Əliyevin yanındadır!
Vəliyeva Rumiyə
Nəsimi RİH könüllüsü