Avqustun 26-da Sankt-Peterburqda, Rusiya Federasiyası Müdafiə Nazirliyinin artilleriya, mühəndis və rabitə korpusunun hərbi-tarixi muzeyində "XVII-XIX əsrlərin silah ustaları” adlı sərgisi açılacaq.
AZƏRTAC TASS agentliyinə istinadən bildirir ki, bu barədə Rusiyanın qərb hərbi dairəsinin mətbuat xidməti məlumat verib.
Məlumatda qeyd olunub ki, sərgidə ölkənin Moskva, Sankt-Peterburq, Zlatoust, Sestroretsk və Tula şəhərlərinin hərbi məktəbləri təmsil olunur. Sərgidə, həmçinin Sestroretsk silah zavodunun I Pyotr üçün hazırladığı tüfəng də nümayiş olunacaq. Bildirilib ki, tüfəngin qundağında imperatorun venzeli - latın qrafikası ilə adının baş hərfi (P) və tacı həkk olunub.
Sərgiyə gələnlər, eyni zamanda, imperator II Nikolaya mənsub olan, Qafqaz üslubunda hazırlanmış revolveri, imperator I Aleksandrın venzelli qılıncını və knyaz Mixail Pavloviçin şpaqasını da görə biləcəklər.
Bundan əlavə ziyarətçilər bu sərgidə Avropa və Asiya ölkələrinin soyuq, odlu və müdafiə silahları nümunələri ilə tanış olacaq. Burada Fransa, İspaniya, İtaliya, Almaniya, İngiltərə, Polşa və digər ölkələrin silahları da geniş şəkildə nümayiş olunacaq.