ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Donald Trampı sərt şəkildə tənqid edərək onun ümumiyyətlə, bu vəzifəyə layiq olmadığını bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, eks-prezident bununla bağlı fikirlərini Demokrat partiyasının Milli konfransında səsləndirib. B.Obamanın fikrincə Co Baydenin seçilməsi əslində elə amerikan demokratiyasının xilası anlamına gələcək.
“Bu adam (Tramp) nə öz işinə maraq göstərib, nə də başqaları ilə dil tapmağa çalışıb. Onun düşüncəsi rəhbərlik etdiyi ofisin qüdrətli imkanlarından yalnız özü və dostları üçün istifadə etmək olub”,-deyə Barak Obama bildirib.
Demokrat siyasətçi xələfini koronavirus xəstəliyindən keçinən 170 min amerikalının ölümündə, milyonlarla iş yerlərinin itirilməsində, habelə həm ölkə daxilində, həm də onu xaricində demokratik prinsipləri zədələməkdə günahlandırıb.
Buna cavab olaraq Donald Tramp tvitter hesabında böyük hərflərlə Barak Obamanın əvvəldən Co Baydenə dəstək vermək istəmədiyini, yalnız onun vahid namizədliyini təsdiqləndikdən sonra belə bir addım atdığını yazıb.