Bu ilin 6 ayında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon dollar və ya 6,9 faiz azalaraq 911,9 milyon dollar təşkil edib.
Musavat.com İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən xəbər verir ki, ilin birinci yarısında Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 6 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 4,3 faiz, İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.
2020-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,3 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85.7 milyon dollar) ikinci və pambıq mahlıcı (58,6 milyon dollar) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 6 ayı ərzində meyvə-tərəvəz ixracı 328 milyon, pambıq lifi ixracı 59,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,9 milyon, kimya sənayesi məhsullarının ixracı 40,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, pambıq ipliyi ixracı 9,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 6,5 milyon, şəkər ixracı 7,7 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 11,4 milyon, çay ixracı 4,8 milyon dollar təşkil edib.
2020-ci ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 190,4 milyon dollar təşkil edib. Xüsusilə, 2020-ci ilin iyun ayında yeyinti məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 milyon dollar və ya 10 faiz artıb.
Bu ilin iyun ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (99,3 milyon dollar), Türkiyəyə (32,9 milyon dollar), İsveçrəyə (24,6 milyon dollar), Gürcüstana (6,2 milyon dollar) və Ukraynaya (5,1 milyon dollar) ixrac edilib.
Sizinyol.com
2020-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 39,2 milyon dollar) birinci, təzə albalı və gilas (32,2 milyon dollar), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 21,5 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.
Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunub. Bunun nəticəsində 2020-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23,7 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-iyun ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 279,7 milyon manatlıq əməliyyat aparıblar.