İnfrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri xüsusi əhəmiyyətə malikdir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir.
Son illərdə hazırlanan su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir.Bu layihə Abşeron yarımadasında içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihədir və Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin mümkünlüyünü bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.
Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Bakı və Sumqayıt şəhərlərində içməli su təminatının yaxşılaşdırılması üçün yaradılmışdır. 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər(meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yeni layihələrin icrası davam etdirilir. Bu cəhətdən 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək. İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur.
Su - həyat deməkdir. Su olan yerdə sağlamlıq var, inkişaf var, firavanlıq var. Ölkəmizdə hər sahədə olduğu kimi, su təsərrüfatı sahəsində də mühüm işlər görülür və görülən bütün işlər xalqımızın xoş gələcəyi naminədir.
Şəmilova Dünya Mərdan qızı
Nəsimi rayon gənci