
"İyulun 14-də insanlarımızın siyasi mənsubiyyətindən və iqtidara münasibətindən asılı olmayaraq bir araya gəlməsi, Azərbaycan dövlətinə və ordusuna dəstək və inam ifadə etməsi nə qədər qürurverici olsa da, dəstək yürüşünün sonunda ayrı-ayrı şəxslərin Milli Məclisin inzibati binasına daxil olaraq dağıntılar törətməsi, dövlət əmlakına ziyan vurması utanc gətirən məsələdir". İstiqlal.az-a bu fikirləri Qulamhüseyn Əlibəyli bildirib. O qeyd edib ki, bu həm də onu göstərir ki, xalqımız həsas məqamlarda bir araya gələ bilsə də, təxribatçalardan və təxribat xarakterli hərəkətlərdən tam sığortalanmayıb: "Kimliyindən asılı olmayaraq təxribatı hazırlayan və həyata keçirən şəxslər, o cümlədən bu təxribata uyub konkret cinayət əməli törədənlər aşkara çıxarılıb qanuna uyğun şəkildə cəzalandırılmalıdır. Lakin həmin gün Milli Məclisin inzibati binasına daxil olmayan, ümumiyyətlə dəstək yürüşündə iştirak etməyən şəxslərin siyasi mənsubiyyətinə görə həbs olunması, etirafedici ifadələr alınması üçün onlara işgəncələr tətbiq edilməsi haqqında məlumatlar yayılır və bu məlumatlar narahatlıq döğurur. Bu məlumatların hər biri ayrı-ayrılıqda ciddi şəkildə araşdırılmalı və qanuna müvafiq qiymətləndirilməlidir. Törədilmiş təxribat təqsirsiz şəxslərin siyasi repressiyaları və işgəncələrə məruz qoyulması üçün əsas ola bilməz" - deyə Q.Əlibəyli əlavə edib.