Moskavanın ən böyük meyvə-tərəvəz bazarı olan “Fud siti”də (“Food City”) Ermənistandan gətirilən məhsullara qarşı boykot aksiyası bir anın içində xəbər saytlarının əsas yazısına, manşetə çevrildi.
Bu qərarı verənlər “Fud siti” sahibləri İlham Rəhimovla Azərbaycan mənşəli yəhudi biznesmen Qod Nisanov idi. Bu xəbər manşetlərdən çıxmamış Qod Nisanovun yaxın qohumlarına qarşı Bakıda haqsızlıq edilməsi haqda xəbərlər gəlməkdədir. Məsələ çox sadədir. Deməli Nisanovun yaxın qohumu olan A.Baazova Bakıda olmadığı müddətdə “Sovetski”də evini söküblər. Bu haqda mülkiyyət sahibinə xəbər vermək isə kimsənin yadına düşməyib. A.Baazova evinin sökülməsindən xəbər tutub Bakıya qayıdandan sonra isə onu sakitləşdiriblər.
Deyiblər ki, heç narahat olmasın, sənədlərini versin və ona kompensasiya ödəniləcək. İsrail vətəndaşı A.Baazovanın mülkiyyətində olan evi özünün razılığı olmadan sökənlər ev əşyalarının məhv edib və ona ödənilməli olan kompensasiya bu günə qədər ödənmir. A.Baazova “Sovetski” adlanan ərazidə yerləmiş və sökülmüş evinin kompensasiyasının ödənilməsi məqsədi ilə yaradılmış Komissiyada, Maliyyə Nazirliyinin məsul şəxlərinin qəbulunda olmuş, lakin hər dəfə müxtəlif bəhanələr ilə kompensasiyanın ödənilməsi uzadılıb. A.Baazova düşünür ki, onun maliyyə naziri Samir Şərifova yazdığı məktublar ünvana çatmır. Nazirə onun işi üzrə qeyri-dəqiq məlumatlar verilir. Buna görə də 2 ildir ki, A.Baazova sökülmüş mülkiyyətinə görə kompensasiya ala bilmir.
A.Baazova qeyd edir ki, ona məxsus olan mülk M.Əliyev küçəsi dalan 2, 10 a ünvanında yerləşib. Evin bütün sənədləri var, Mənzil Kommunal İstismar Sahəsi (MKİS)təsdiq edib ki, A.Baazovaya məxsus mülk sökülüb.
Sonradan isə MKİS-ə təzyiq edilib və ümumiyyətlə mülkün olmasını şübhə altına alan cavab yazılıb. Halbuki İcra Hakimiyyətinin nəzdində yaradılan, Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı ilə təşkil olunmuş Komissiyada A.Baazovanın əmlakının dəyərinin hesablaması aparılıb. Qiymət də müəyyən olunub. Sonradan isə qərara gəliblər ki, pulu ödəməsinlər. Hazırkı vəziyyətdə ayrı-seçkilik edirlər. Pulu ödəmirlər. Qod Nisanovla qohumluq əlaqələri olan mülkiyyətçi Samir Şərifova da müraciət edərək məsələni şəxsi nəzarətinə götürməsini, nəhayət ki, ona qarşı ayrı-seçkiliyə son qoymasını istəyib.