Ədəbiyyatımızın Mirzə Fətəli əsri

12/07/2020 [20:25] - Mədəniyyət (994)



XIX əsr Azərbaycan ictimai fikrinin görkəmli şəxsiyyətlərindən olan filosof, ictimai xadim Mirzə Fətəli Axundzadə özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olmuşdur. O, həmçinin Azərbaycan dramaturgiyasının, teatrın və ədəbi tənqidin banisidir. Mirzə Fətəli dini fanatizmin, cəhalətin, mövhumatın, avamlıq və nadanlığın hökm sürdüyü bir zamanda demokratik düşüncənin intişarı yolunda dindarların, qaragüruhçuların təqiblərinə məruz qalsa da, millətin gözünün açılması, həyatının dəyişilməsi uğrunda mübarizəsini ömrünün sonunadək davam etdirmişdir.

Mirzə Fətəlinin tərcümeyi-halından və doğmalarının xatirələrindən bəzi məqamlara nəzər yetirəndə ağrılı, çətin və mübarizələr dolu həyat yaşayan mütəfəkkirin bir maarifçi, ictimai xadim, yazıçı, tənqidçi kimi yetişməsində nə qədər əziyyətlərə qatlaşdığına şahid oluruq.

Mirzə Fətəli Şəkidə xırda ticarətlə dolanışıq edən Mirzə Məhəmmədtağının ailəsində dünyaya gəlmiş (1812), iki yaşından sonra əslən Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan atasının işlərində çətinlik yarandığından ailəsi ilə Xamnəyə köçmüşlər.

Fətəlinin anası gəlişlərinin ilk günündən görür ki, burda ərinin arvad-uşaqları var. Nanə xanım bu qadınla bir evdə dolana bilmədiyindən onunla daim münaqişədə olurlar. Belə vəziyyətdə yaşamağın mümkün olmadığını açıq-aşkar gördüyündən ərindən rica edir ki, onun talağını versin, vətəninə qayıtmaq istəyir. Əri onun talağını verir, amma bildirir ki, Fətəli onun yanında qalacaq. Nanə xanım etiraz edə bilmir, çünki o zaman uşaqlar yalnız ataya məxsus idilər. Yola düşmək vaxtı yetişir, ana oğlunu oyatmamaq üçün ondan gizlin getmək istəyir. Dərin yuxunun içində mışıl-mışıl yatan balasını bağrına basıb gözüyaşlı həyətə çıxır. Lakin Fətəlinin ögey bacılarından biri, 9 yaşlı qız qaçaraq evə girir və özünü qardaşının üstünə atır: “Fətəli, qalx, anan gedir”, sən bir də onu görə bilməyəcəksən, - deyib oğlanı oyadır. Fətəli qalxıb çığıra-çığıra həyətə qaçır. Dəvə karvanı darvazanın ağzında dayanıb, uşaq dəvəyə minməyə hazırlaşan anasının ətəyindən bərk-bərk yapışır. Ana bala bir-birinə sarılıb hönkürtü ilə ağlayırlar. Bu mənzərəni seyr edən ev adamları da ana-balanın görüş-ayrılıq səhnəsindən kövrəlib ağlaşırlar. Bu yerdə atanın da ürəyi yumşalır və bundan sonra Fətəlinin anası ilə getməsinə mane olmur. Həyatı boyu bu hadisəni tez-tez yadına salan Mirzə Fətəli bacısını minnətdarlıqla xatırlayırdı. Bəlkə də 4 yaşlı Fətəlinin həyatında bu hadisə baş verməsəydi, yəqin ki, Azərbaycan maarifi, ədəbiyyatı, mədəniyyətinin həmin dövr tarixində belə bir düha yetişməyəcəkdi...

Nanə xanım balaca Fətəlini götürüb, əmisi Axund Ələsgərin yanına gələrək onun himayəsində yaşamağa başlayır. Sonralar böyük mütəfəkkir özünün tərcümeyi-halında yazırdı: ”Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. Bir ildən sonra axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı... Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum”.

Dövrün ab-havasını duyan axund Hacı Ələsgər Fətəlini ruhani etmək məqsədilə Gəncəyə aparır. Burada o, məntiq və fiqh (şəriət hökmlərindən bəhs edən elm) elmlərini öyrənir. Bundan başqa Azərbaycanın görkəmli filosofu, şairi Mirzə Şəfi Vazehdən dərs alaraq xəttatlıq sənətinə də vaqif olur. Müəllimi Fətəlinin zehnli, bacarıqlı bir şagird olduğunu gördüyündən onun dini-fanatizmin girdabında məhv olacağına heyfsilənir. Odur ki, sevimli şagirdini bu yoldan çəkindirmək üçün ona təsir etməyə çalışır. Başqa sözlə, Mirzə Şəfinin bu gənclə tanışlığı, qəflətdə olan Fətəlinin gözünün açılmasına, dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Onların arasında dostluq əlaqələri yaranır. İllər sonra Mirzə Fətəli Axundzadə yazacaqdı: “Mən atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib məstəliq yazısının (hüsnüxətt) məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: ”Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” Təəccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!”. Mirzə Şəfinin M.F.Axundzadəyə təsiri bundan sonra onun maarifpərvər ziyalı, yazıçı, dramaturq, ictimai xadim kimi yetişməsinə öz təsirini göstərdi. M.F.Axundzadə özünün qabiliyyət və bacarığı sahəsində dövrünün müasir elmlərinə maraq göstərmiş, bir çox ədəbiyyat nümayəndələrinin – rus, Şərqi və Qərbi Avropa yazıçılarının, görkəmli tarixi şəxsiyyətlərin yaradıcılığına, həyat yoluna və mübarizəsinə vaqif olmuşdur. Elə bu elminə, təcrübəsinə görə də onun əsərləri dövrünün həyat gerçəkliklərini əks etdirdiyindən əbədiyaşarlıq qazanmışdır.

Böyük mütəfəkkirin tərcümeyi-halından bəllidir ki, o, 1933-cü ildə Şəkidə açılmış rus-tatar məktəbində bir il təhsil aldıqdan sonra Tiflis şəhərinə gedərək burada Qafqaz canişininin Baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsinə təyin olunmuş və bütün ömrünü bu vəzifədə işləmişdir. 1873-cü ildə isə ona polkovnik hərbi rütbəsi verilmişdir.

O, Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi işləməklə yanaşı bir neçə il Tiflis qəza məktəbində dərs demişdir. Burda da millətin balalarının gözünün açılmasına səy göstərmiş dünya ədəbiyyatı, mətbuatından oxuduğu çox maraqlı, yenilikçi əsərlər və məlumatlarla onların dünyagörüşünün formalaşmasına təsir göstərmişdir. O, bir müddət də Tiflis ruhani seminariyasında Azərbaycan dili müəllimi işləmişdir. Ömrünün sonanadək dövlət qulluğunda uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin də ordenlərinə layiq görülmüşdür.

Qeyd etməliyik ki, Tiflis ədəbi mühiti Mirzə Fətəliyə özünün müsbət təsirini göstərir. O, burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədəbi şəxsiyyətlər, ictimai-siyasi xadimlərlə yaxınlaşır. Açıqgözlü Mirzə Fətəli rus, şərq və Qərbi Avropa ədəbiyyatını, mətbuatını daim mütaliə edir. Bunun sayəsində də başqa xalqların inkişafında elmin, təhsilin, teatrın böyük rolu olduğunun fərqinə varır.

Millətinin avamlıq, qatı zülmət içində yaşadığı, haqqını, hüququnu dərk etmədiyi bir zamanda soydaşlarının acı həyatını düşünən Mirzə Fətəli taleyin ona həvalə etdiyi missiyanı bir an belə unutmadan, özünün aydın təfəkkürü, zəngin dünyagörüşü ilə fəaliyyət göstərdi. Xalqın həyatını dəyişərək köhnə təsirlərdən qurtarmaq istəyində olan ədib ilk olaraq əlifbanı dəyişmək fikrində olur. Bununla o, az bir vaxtda azərbaycanlıların asan oxuyub-yazacaqlarına, savadsızlığın aradan qalxacağına əmin idi. Lakin xalqının taleyində böyük irəliləyişə səbəb olacaq bu istəyinə nail ola bilmir. Çünki, o vaxtın qaydalarına görə yeni əlifbanın həyata keçməsinə osmanlı və İran hökumətlərinin razılığı olmalı idi. Lakin dindarlar, qaragüruhçular müxtəlif bəhanələr gətirərək onun bu arzusunu həyata keçirməyə mane olublar. Bundan dərin sarsıntı keçirən yazıçı öz əsərlərində avam xalqı qəflətdə saxlayan dindarların, mövhumatçıların prototipini yardırdı.

Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfərləri zamanı xalqın güzəranı ilə yaxından tanış olur, gələcək əsərləri üçün material toplayırdı. Dövrün eybəcərliyini, qoluzorluların, dindarların fitnə-fəsadını, eləcə də qadınların acı taleyini öz əsərlərində işıqlandırırdı. Cəlil Məmmədquluzadə yazırdı: “Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir”.

Ədib 1850-1855-ci illərdə özünün məşhur komediyalarını (“Hekayəti-Molla İbrahim-Xəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti-Xırsi-Quldurbasan”, “Sərgüzəşti-Mərdi-Xəsis” (Hacı Qara), “Mürafiyə vəkilləri”) məhz özünün müşahidələri, həyat gerçəklilkəri zəminində yazmışdır. Həmin komediyalar müəllifin rus dilinə öz tərcüməsində “Kafkaz” qəzetində çap olunmuşdur. Bu dram əsərləri ilə o, xalqın həyatında bir inqilab yaratmış, Azərbaycan ədəbiyyatını fars ədəbiyyatı təsirindən qurtarmışdı. Ədəbiyyat tarixçilərimiz, yazıçı, tənqidçilərimiz haqlı olaraq XIX əsri Mirzə Fətəli əsri adlandırmışlar. Məqalələrindən də aydın görünür ki, Avropalaşmaq fikri ilk olaraq Mirzə Fətəli Axundzadədən gəlmişdir. O, Avropalaşmağı ilk növbədə qəzet-jurnal oxumaqda, teatrların yaranması, tərəqqi etməsində gördüyündən həyatı boyu bu yolda yorulmadan mübarizə aparmışdır.

Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatına “Puşkinin ölümünə Şərq poeması” (1827), “Aldanmış kəvakib” (Hekayəti-Yusif şah ) povesi (1857), “Təhrisi-kitab” (1859), “Nəzm və nəsr haqqında” (1862), “Tənqid risaləsi” (1862), “Kəmalüddövlə məktubları” (1865) kimi məqalələr də bəxş etmişdir.

Qeyd olunduğu kimi, M.F.Axundzadə bütün həyatı boyu mövhumata, cəhalətə qarşı mübarizə aparmışdır. Əsərləri hələ sağlığında ilk dəfə fars dilinə tərcümə vasitəsilə ingilis, fransız və alman dillərinə tərcümə olunmuşdur. Bununla da Avropada Azərbaycan ədibinə böyük maraq yaranmışdır. Böyük yazıçı Y.V.Çəmənzəminli yazırdı: “Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı heç şübhəsiz, Mirzə Fətəli Axundzadədir. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. İlk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada, 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur”.

Azərbaycanda M.F.Axundzadənin həyat və yaradıcılığı, bütövlükdə ədəbi irsinin tədqiqinə ilk olaraq XIX əsrin sonu, XX əsrin əvvəllərində başlanmışdır. Belə ki, Azərbaycan ədəbiyyatında realizm və mütərəqqi ideyalar uğrunda fəal mübarizə aparan Firudin bəy Köçərli onun həyatı haqqında məlumat vermişdir. Ədəbiyyatımızda realist ədəbi məktəbin banisi olan Axundzadə “milli ədiblərimizin atası”, “dram yazanlarımızın ustadi-kamili”, “ədəbiyyatımızın fəxri” adlandırmışdır (Nadir Məmmədov). Bundan sonra, əsasən böyük mütəfəkkirin ölümünün 50-ci ildönümü münasibətilə (1928) maarifçi, yazıçı və tənqidçilər – H.Zərdabi, A.Şaiq, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, S.Hüseyn, C.Cabbarlı, H.Zeynallı, M.Quliyev və sonrakı nəsil – H.Hüseynov, M.Arif, Ə.Sultanlı, Ə.Şərif, Ə.Dəmirçizadə, M.İbrahimov, S.Vurğun, M.Cəlal, M.Rəfili, C.Cəfərov və başqaları M.F.Axundzadənin dövrü, həyat və yaradıcılığı, ədəbi-nəzəri görüşləri, əsərləri haqqında tədqiqi məqalələrlə dövrü mətbuatda çıxışlar etmişlər.

Mirzə Şəfi Vazehin məktəbində yetişən Mirzə Fətəli Axundzadə özündən sonra böyük bir ədəbi nəslin yetişməsinə yol açdı. S.Ə.Şirvani, H.B.Zərdabi, N.B.Vəzirov, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi mütəfəkkirlər Mirzə Fətəlinin əsərlərində qaldırdığı problemlərin – cəhalətin, nadanlığın, mədəni geriliyin insan həyatında faciələrə bais olduğunu öz yaradıcılıqlarında yeni düşüncəylə inkişafa apardılar. Bu da bir həqiqətdir ki, 100 ildən də artıq bir vaxtda ədəbiyyat tariximizdən, onun səhifələrində özünəməxsus yeri olan ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs olunarkən bütün tədqiqatlara giriş, işin sonrakı mərhələlərində əsərlərin istinadında tələb olunan ən mötəbər mənbələr də M.F.Axundzadədən iqtibas olunur. Çünki, ədəbiyyat tariximizdə ədəbi-mədəni və tənqidi fikrin başlanğıcı böyük mütəfəkkir M.F.Axundzadənin ictimai-ədəbi-nəzəri görüşlərindən keçir.

Azərbaycan maarifinin, ədəbiyyatının, dramaturgiyasının, teatrının, ədəbi tənqidinin banisi, fəxri Mirzə Fətəli Axundzadə bütün zamanların böyük mütəfəkkiri olaraq yaşayacaq.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin