Macarıstandakı azərbaycanlılar Azərbaycan prezidenti İlham Əliyevə və Nazirlər Kabineti yanında Operativ Qərargahın əməkdaşlarına müraciət edib. İstiqlal.az müraciəti olduğu kimi təqdim edir:
Cənab Prezident,
Hörmətli Operativ Qərargah əməkdaşları və digər səlahiyyətli şəxslər,
Yazıb, Macarıstanda yaşayan Azərbaycan Respublikası vətəndaşları adından tələb və xahiş edirik ki, burdakı bizim sosial, mənəvi, maddi və psixoloji vəziyyətimizin gərginləşməsini əsas alaraq, bizə ən mümkün tarixdə çarter reysi təşkil edilsin. Avropada yaşayan Azərbaycan Respublikası vətəndaşları olaraq ən çox çarter reysi tələb edən və israrla 2-3 aydır ki, bununla məşğul olan ölkə olmağımıza baxmayaraq, dəfələrlə dövlətimizin fərqli səlahiyyətli qurumlarına e-poçt yazmağımıza baxmayaraq, əfsuslar olsun ki, hələ də bizim xahişlərimizə cavab verilmir və ya ümumiyyətlə e-poçtlarımıza baxılmır. Macarıstandan Azərbaycan Respublikasına təşkil olunan 1-ci çarter reysinin üstündən artıq 2 aydan çox vaxt keçir ki, biz istər özəl şirkətlərdən olsun, istər Azərbaycan Respublikasının digər səlahiyyətli qurumlarından olsun uçuşlarımız barəsində nikbin, konkret və müsbət cavab ala bilmirik. Bu artıq bir neçə səlahiyyətli qurumlara yazdığımız 2-ci e-poçtdur, sizdən xahiş edirik ki, bizim maddi, mənəvi, psixoloji, sosial durumlarımızı nəzərə alaraq, ən qısa vaxtda bizlərə cavab verəsiniz. Bu sadaladığımız kriteriyalarla yanaşı, Macarıstanda oturum vaxtımızın bitməsi, universitetlərin yekunlaşması, iş kontraklarının bitməsi kimi məsələlər bizim burdakı durumumuzu bir xeyli çətinləşdir.
Azərbaycanın Macarıstandakı Budapeşt səfirliyinə isə dəfələrlə müraciət etmişik, nəticə etibarı ilə, hər şeyin səlahiyyətli qurumlardan asılı olduğu, onlarlıq bir şey olmadığını söyləyirlər. Bizsə artıq səfirliyə yazmaq ehtiyacı görmədən, sizlərə müraciət edirik. Lütfən, xaricdə yaşayan azərbaycanlılar olaraq bizi öz dəstəyinizlə təmin edin və ən qısa müddətdə ölkəmizə qayıtmağı arzu etmək istəyərdik.