Martın 26-da “Meydan tv”nin Facebook səhifəsində “Günün fotosu” adı altında paylaşılmış fotonun və orada əks olunan yararsız tibbi avadanlıqlar və antisanitar vəziyyətin Biləsuvar rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur. Bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətinin yaydığı rəsmi məlumatda bildirilir.
Qeyd edilir ki, “Meydan TV”nin “Facebook” şəbəkəsindəki səhifəsində (26 mart 2020-ci il, saat 21-44-də) “Günün fotosu: Biləsuvar Mərkəzi xəstəxanası. Sizcə bu şəraitdə xəstəxana olarmı?” başlığı altında yerləşdirilmiş foto xəstəxanasındakı mövcud vəziyyəti əks etdirmir, böhtan və şər xarakterlidir.
“Biləsuvar Rayon İcra Hakimiyyəti bildirir ki, rayon Mərkəzi Xəstəxanası Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə əsaslı şəkildə təmir olunaraq, ən müasir tibbi avadanlıqlarla təmin edilməklə 2016-cı ilin sentyabr ayında əhalinin istifadəsinə verilmişdir. Xəstəxana hazırda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərir”,-deyə məlumatda vurğulanır.
Hazırda xəstəxanada 8 şöbənin fəaliyyət göstərdiyi və bütün korpusların ən müasir standartlara cavab verdiyi bildirilir.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)