İspaniya hazırda vəfat edənlərin sayına görə yalnız İtaliyadan geri qalır. Bu ölkədə hazırda virus infeksiya Kataloniya, Kastiliya və Leon, Kastiliya-la-mança, Valensiya kimi muxtar bölgələrdə tüğyan edir. Son məlumata görə təkcə ötən gün ölkədə 514 nəfər virusdan dünyasını dəyişib. Bununla da İspaniyada koronavirusdan dünyasını dəyişənlərin sayı 3 min 434, virusa yoluxanların sayı isə 7 min nəfər artaraq 47 min 610 nəfərə çatıb.
“Biz hələ virusun təsirini artırdığı nöqtədəyik və təəssüf ki bu bir müddət belə davam edəcək” deyə İspaniyanın Epidemiologiya Mərkəzinin rəhbəri Pere Qodoy qeyd edib.
Virusun daha çox tüğyan etdiyi şəhər isə paytaxt Madriddir. Şəhər rəhbərliyi qeyd edib ki, buradakı əhalinin təxminən 80 faizinin yolxuma təhlükəsi var. Ölkənin səhiyyə nazirliyindən verilən məlumata görə ötən gün Madriddə virusdan ölənlərin sayı 290 nəfər artaraq, 1825 nəfərə çatıb.
Beləliklə hər gün yüzlərlə vətəndaşını itirən İspaniya çarəsiz vəziyyətdə qalaraq, NATO-dan yardım tələb edib.
Koronavirusla mübarizədə aciz qalan ölkə digər tərəfdən ən böyük problemini yaşamaqdadır. Belə ki, ölkədə vəziyyət ağırlaşdıqca tibb işçilərinə təlabat artır, lakin digər tərəfdən də tibb işçilərinin özləri də virusa yoluxur və ciddi problemlər ortaya çıxır. Məlumata görə bu günə qədər İspaniyada 5 min 400 tibbi işçisi koronavirusa yoluxub. Bu isə kifayət qədər böyük rəqəmdir. Ölkədə tibbi maska, əlcək və digər qoruyucu ləvazimatlarla bağlı çatışmazlıqlar var. Ən əsası İspaniya 24 fevraldan başlayaraq virusla mübarizəyə başlamaqda gec qalıb.
Koronavirus bəlası bu ölkədə hər keçən gün iqtisadi böhranı daha da dərinləşdirir. Belə ki, virus ucbatından həyatın durduğu İspaniyada hər gün çoxlu sayda şirkət və firmalar işçilərlə bağlı ixtisarlar edir. İşçilərin ixtisar olunduğu sahələr isə əsasən qida, turizm, tekstil sahələridir. Mütəxəssislər bildirir ki, ölkə daxilində 1.5 milyon insan işdən çıxarıla bilər.
Qeyd edək ki, ölkədə çölə çıxmaq qadağası qoyulub. Bu qadağanı pozan 102 mindən çox insan cərimə olunub, 926 nəfər nəzarətə götürülüb.
Musavat.com