"Bu gün Serbiya dövləti ilə Azərbaycan arasında dostluq münasibətləri, iqtisadi, siyasi, diplomatik əlaqələr mövcuddur. Amma bütün beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini üstün tutan Serbiya dövlətinin Azərbaycanın ərazi bütövlüyünü özümüqəddəratını təyin etmə prinsipi adı altına təcavüz edən bir dövlətlə hərbi-texniki sahədə əməkdaşlığı başadüşülməzdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Onun sözlərinə görə, əməkdaşlıq Azərbaycan-Serbiya əlaqələrinin (iqtisadi, enerji və s. sahələrdə) ruhuna uyğun deyil: "Ermənistan Serbiyaya hər hansı iqtisadi fayda verməyəcək. Hələ 1941-45-ci illərdə Serbiyanın azad olunmasında 123-cü Azərbaycan diviziyasının xüsusi rolu olub. Vaxtilə bizim orada Azərbaycan əsgərləri vuruşublar və Serbiya dövlətini faşistlərdən azad ediblər. Amma bu gün Serbiya Respublikasının Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığını erməni faşizminə dəstək kimi də qiymətləndirmək olar. Bir sözlə, Serbiyanın bu addımı faşizmə, cinayətkara dəstək kimi qiymətləndirilməlidir. Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür, cəbhə xəttində müxtəlif təxribatlar törədir. Müharibə zonasına xarici dövlətlərin, beynəlxalq konvensiyaların silah-sursat ötürməsi, satması qəti qadağandır".