Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi vətəndaşlara tövsiyəsi edib.
İstiqlal.az xəbər verir ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.
Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.