“2020-ci ildə bir çox ölkədə nümayəndəliyimizi açaçağıq. Bura Ukrayna, Cənubi Koreya, Yaponiya və başqa ölkələr daxildir”.
İstiqlal. az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təmsil etdiyi qurumun "Experience Azerbaijan" jurnalının təqdimat mərasimində deyib. F. Zenqstşmid bildirib ki, onlar potensial müştəriləri ilə, Azərbaycanı ziyarət edən turistlərlə əməkdaşlığı genişləndirməyi düşünürlər”. Baş icraçı direktor bildirib ki, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur. Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunur. Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır. Jurnalın tam yerli məhsul olduğunu, yerli redaktorların köməyi ilə nəşr edildiyini deyən F.Zenqstşmidin sözlərinə görə, jurnaldakı bütün foto-şəkillər yerli Azərbaycan fotoqrafları tərəfindən çəkilib. O, deyib ki, jurnalın ilk nəşridir və növbəti nəşr martda , digər nəşr isə sentyabra gözlənir, həmçinin, fevralın sonunda turizm portalının təqdimatı keçiriləcək.
Qeyd edək ki, jurnalı onlayn formada bu keçiddən istifadə edərək pulsuz əldə etmək mümkündür.
F. Zenqstşmid daha sonra deyib ki, keçən il turizm sahəsində 11,4 faiz artım olub. Avropa ölkələrindən gələn turistlərin sayında təxminən 14 faiz artım qeydə alındığını vurğulayan Baş icraçı direktor deyib ki, Asiya bazarı üzrə daha aşağı artım müşahidə edilib: “Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar”.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)