“Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir”.
İstiqlal.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Prezident vurğulayıb ki, kadr islahatları davam etdiriləcək: “Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz. Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır”.
Dövlət başçısı qeyd edib ki, işsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir: “Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, əhali artır və sovet dövründən sonra - müstəqillik illərində təqribən 30 faizə yaxın artıbdır, 7 milyondan 10 milyona çatıbdır. Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun”.