“İqlim dəyişikliyi qlobal təhlükədir. Azərbaycan onun fəsadlarına qarşı mübarizə üzrə beynəlxalq səyləri dəstəkləyir”.
İstiqlal.az xəbər verir ki, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib. Prezident vurğulayıb ki, Azərbaycan Paris Sazişini ratifikasiya edib, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb: “Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir: “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin baş katibi Antonio Quterreş “Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirib. “Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınıb. Hörmətli qonaqlar, əminəm ki, Zirvə Görüşü çərçivəsində aparılacaq müzakirələr Qoşulmama Hərəkatının gündəliyində duran hədəflərin həyata keçirilməsinə xidmət göstərəcəkdir. Azərbaycan Hərəkata sədrlik edəcəyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcək”.