Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ilə görüşüb.
İstiqlal.az xəbər verir ki, ədəbiyyat sahəsində əməkdaşlığın inkişafı perspektivlərini araşdırmaq məqsədilə baş tutan görüşdə hər iki xalqın qarşılıqlı tanıtımı və yaxınlaşmasına təkan vermək üçün Meksika Səfirliyi tərəfindən həyata keçirilən mədəni tədbirlərdən söz açılıb. Səfir Labardini bu tədbirlərin yalnız paytaxtda deyil, həmçinin, ölkənin regionlarında qeyd olunmasının vacibliyini qeyd edib. O, vurğulayıb ki, yaxın zamanlarda tanınmış meksikalı yazıçı David Toskananın Azərbaycana səfəri gözlənilir. Əlavə edib ki, Səfirliyin açılmasından etibarən siyasi və iqtisadi kimi müxtəlif sahələrdə ikitərəfli münasibətlərin əhəmiyyətli inkişafı yer alıb. Eyni zamanda, mədəniyyət, incəsənət, ədəbiyyat, rəssamlıq, musiqi, teatr və digər sahələrdə də əlaqələr möhkəmlənib.
Yazıçılar Birliyinin sədri, təcrübə mübadiləsinə töhfə verəcək birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, tərəflər gələcək layihələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib.