Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunan Səfirlikləri ilə birgə Park Cinemada Bakıda 10-cu Avropa Film Festivalının açılışını edib.
İstiqlal.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas açılışda çıxış edərək deyib ki, insanların Avropa filmləri və mədəniyyəti ilə maraqlanması onlar üçün böyük mükafatdır və bu, onları tanımaq və əməkdaşlıq qurmaq üçün cox gözəl yoldur. Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi açılışın məhz macar filminin təqdim olunmasından qürur hissi keçirdiyini deyərək, filmin bəşəriyyətin ən böyük faciəsi olan Holokost haqqında olduğunu vurğulayıb. Səfir deyib ki, Holokost haqqında çox film çəkilsə də, “Saulun oğlu” filmində yeni metodlardan və yanaşmalardan istifadə edilib. Diplomat, filmin Oskar mükafatına layiq görüldüyünü də qeyd edib.
Avropa Film Festivalı 16 oktyabr tarixinə kimi tamaşaçılara müxtəlif mövzuda filmlər təqdim edəcək. Avropa Film Festivalının 10 illik yubileyi ilə bağlı keçirilən film festivalın proqrama 14 Avropa İttifaqı ölkəsindən (Xorvatiya, Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, İspaniya və İsveç) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilib.