Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksində “2019-cu il Qaçqın və Məcburi köçkünlərə dəstək tədbirləri” həyata keçiriləcək.
İstiqlal.az xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi, “SEBA” Koreya Şərq Təbabəti Klinikası və Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təşkilatçığı ilə 20-21 sentyabr tarixlərində keçiriləcək dəstək tədbirlərində, “Qobu Park” yaşayış kompleksində məskunlaşan sakinlərdən 200 nəfər üçün “SEBA” Koreya Şərq Təbabəti Klinikasının tibbi heyəti tərəfindən şərq və qərb üsulları ilə müayinə və müalicələr aparılacaq. Məktəblilər arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq, məktəbə müxtəlif texniki və məktəb ləvazimatları hədiyyə ediləcək və qaçqın və məcburi köçkün ailələri ziyarət ediləcək.
Həmçinin, bu dəfəki tədbirdə bu ilin may ayında keçirilən “K-pop” Koreya musiqi festivalınının Azərbaycan seçmələrində rəqs kateqoriyası üzrə qalib olan 1 və 2-ci yerin sahibləri tərəfindən Koreya müasir rəqsləri və məktəb şagirdləri tərəfindən Azərbaycan milli rəqsləri nümayiş ediləcək.
Koreya Respublikasının Azərbaycandakı Səfirliyi 2014-cü ildən başlayaraq Dağlıq Qarabağ müharibəsi zamanı yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirləri təşkil etməkdədir. Bu cür tədbirlərin ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid edilir.