Əfqanıstan İslam Respublikasının müstəqilliyinin 100-cü ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
İstiqlal.az xəbər verir ki, səfir Xeyrullah Spelenay ölkəsinin müstəqillik tarixindən söz açıb, deyib ki, 1900-cü illərin erkən dövrlərində bütün Asiyada cərəyan edən hadisələlər yeni siyasi şəraitin yaranmasına, azadlıq və konstitusional dəyişiklilıərə rəvac verib. Bu müstəqilliik ideyaları həmçinin, Əfqan ziyalılarında da vardə və həmin dövrdə dərc olunan Seraj-Al-Axbar qəzeti gəncləri siyasi dünyagörüşlərinn formalaşmasında böyük rol oynayıb: “1919-cu ilin 19 Avqust tarixində Amanulla xan Əfqanıstan Şahı elan edildi və o, ölkənin müstəqiliyyini elan etdi”. Səfir deyib ki, həmin dövrdən 100 il keçdiyi bu müddət ərzində Əfqanıstan həm siyasi, həm sosial, həm də digər sahələrdə enişli-çıxışlı xeyli məsafə qət edib. Onilliklərdir davam edən müharibənin nəticəsi təhlükəsizliklə bağlı bir çox risklər yaradır. Amma butun bunlara baxmayaraq əfqan xalqı nəhəng uğurlar və nailiyyətlər əldə etmək üçün yorulmadan çalışır.
Azərbaycanla əlaqələrə toxunan diplomat deyib ki, dost və qardaş ölkə kimi Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib. Davamlı sülhün əldə olunması, müharibəyə son qoymaq üçün Azərbaycan yüksək səviyyəli Asiyanın Ürəyi İstanbul Prosesi və Beynəlxalq Böhran Qrupunun – Təmas Qrupunun toplantılarına ev sahibliyi edib. Bu Əfqanıstanla Azərbaycan arasında tarixi, iqtisadi və mədəni əlaqələrin bir daha parlaq təzahürüdür.
Əfqanıstan və Azərbaycan arasında dəmir yolunun inşası üçün informasiya və kommunikasiya texnologiyaları, mədəni əməkdaşlıq və əməkdaşlıq sahələrində müqavilələr və Memorandumlar imzalandığını xatırladan X. Spelenay, Əfqanıstan-Azərbaycan Birgə İşçi Qrupunun iqtisadi və ticarət əməkdaşlığını təşviq etmək və genişləndirmək üçün ilk iclasınınBakıda keçirildiyini, bu ilin iyun ayında iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının təşviqi və genişləndirilməsi ilə bağlı protokol imzalandığını qeyd edib: “Bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət 56 milyon ABŞ dollarından çox olub, Əfqanıstandan kənd təsərrüfatı məhsulları və tikinti materialları gətirilib. Əfqanıstan Ticarət və Sənaye Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə bu il oktyabrın 11-dən 14-dək Bakıda Əfqanıstan məhsullarının sərgisini keçirməyi planlaşdırır. Əfqanıstanın işgüzar dairələrinin geniş nümayəndələri ölkəmdə istehsal etdikləri məhsulları ilə orada olacaq”. Bu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatı Təşkilatının Zirvə toplantısında Əfqanıstan Prezidenti və xarici işlər nazirinin iştirak etmək niyyətində olduğunu vurğulayan diplomatın fikrincə, bu sammit dünyada terror təhlükələri ilə mübarizə məsələsində regional və beynəlxalq konsensusun gücləndirilməsi üçün çalışacaq, mövcud problemlərə görə Əfqanıstan bu zirvədən daha çox istifadə edəcək.
Səfir deyib ki, Əfqanıstan tarixi bir mərhələdədir, bir tərəfdən şəffaf, azad, ədalətli prezident seçkisinə hazırlaşır, digər tərəfdən uzun illərdir davam silahlı qarşıdurmaya son qoyaraq ölkəyə sülh gətirmək üçün Taliban ilə səmərəli dialoq səylərini davam etdirir. Əfqanıstan sülhə və terror təhlükələrini aradan qaldırmaq üçün bölgə ölkələrinin ciddi və təcili dəstəyinə ehtiyac duyur.
Azərbaycan hökuməti adından əfqan xalqını bayram münasibəti ilə təbrik edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Qulizadə deyib ki, dövlətlərimiz arasında mövcud olan əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq üzərində qurulub. Bildirib ki, Əfqanıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman beynəlxalq və regional təşkilatlarda dəstəkləyib və biz Azərbaycanın ərazi bütövlüyünün tərəfinizdən dəstəklənməsini yüksək qiymətləndiririk.
Nazir qeyd edib ki, son illər dövlətlərimiz arasında iqtisadi əlaqələr artan xətlə inkişaf edir, 2019-cu ilin yanvar-may aylarında ölkələrimzi arasında ticarət dövriyyəsinin həcmi 47,8 mln. ABŞ dolları olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin 15,02 faiz artması deməkdir: “Dostluq və tərəfdaşlıq münasibətlərinin, iqtisadi, mədəni və siyasi əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə yüksəlməsində yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Ölkələrimiz arasında informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, sənaye inkişafı və kənd təsərrüfatı, enerji, neft və qaz, mədən sənayesi sahələrində, həmçinin digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Ölkələrimiz arasında nəqliyyat sahəsində əlaqələrin inkişafı üçün vacib addımlar atılır”.
Nazir əlavə edib ki, Azərbaycanın “Silk Way Airlines” şirkəti Bakıdan Kabula həftədə 4 dəfə olmaqla yük daşımalarını həyata keçirir. Azərbaycan və Əfqanıstanın da iştirakçısı olduğu Lapis-Lazuli nəqliyyat marşrutunun hər iki ölkə üçün vacibliyini vurğulayan R.Quluzadə deyib ki, bu marşrut üzrə daşınan yüklər və sərnişinlərin Bakı-Tbilisi-Kars dəmiryolu xətti ilə Avropaya və əksinə çatdırılması mühüm əhəmiyyətə malikdir.