Üç qadının sevdiyi rejissor...

15/09/2019 [15:20] - Mədəniyyət (118)



Heç vaxt müəllim işləməyib, amma “müəllim” adını qazanıb. Yetirmələri “müəllim”dən sevgi və ağrı ilə söhbət açırlar. 

“Aktyor evinin” birinci mərtəbəsində, qapısı arxadan açılan soyuq, şəraitsiz yerdə özünün yaratdığı və rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında 20 ildən artıq bir müddətdə ard-arda tamaşalar hazırladı, istər klassik, istər müasir əsərlərə səhnə quruluşu verdi. Neçə-neçə gənc aktyorluğu, səhnə məharətini ondan öyrəndi. İstedadlara qapıları taybatay açdı, gənc yazıçılar onun etibar göstərib əsərlərinə səhnə həlli verməsi, bununla da qarşılarındakı maneələri götürməsi sayəsində dramaturq oldular.

Qısa ömründə yalnız öz işi ilə məşğul oldu və yetirmələrinə də bunu tövsiyə etdi. Hazırladığı tamaşalar bəlkə bu gün Azərbaycan teatr tarixinin bir küncünə belə yazılmayıb, amma yetişdirdiyi sənətkarlar nəsli hələ uzun illər fəaliyyət göstərəcək, sonra da yetirmələrinin yetirmələri yetişəcək. Hüseynağa Atakişiyev – deyiləndə hələ uzun illər onların gözləri dolacaq, hələ uzun illər  “bir başqa kişi idi” deyəcəklər.

İlk məsuliyyət

Hüseynağa Atakişiyev 1949-cu ilin sentyabrında Bakıda Çəmbərəkənddə kasıb bir ailədə dünyaya gəlmişdi. Atası sürücü, anası evdar qadın idi. Ailədə üç uşaq vadı-bir qız, iki oğlan... Xudmani dolanırdılar. Ata axşam işdən gəlir, ailə süfrə arxasına yığışır,  Allah verəndən yeyib-içib, bir-biriləri ilə söhbətləşir, şad-xürrəm yaşayırdılar. Ana dünyasını dəyişənə qədər. 

Ananın gənc yaşında həyatdan köçməsi balaca tifillərin də, bu ailənin də tifağını dağıtdı. Tezliklə ata yenidən ailə qurdu.
Uşaqların yükü onlardan bir az böyük, cəmi-cümlətanı 12 yaşı olan Hüseynağanın boynuna düşdü. 

Bacısı Elmira Atakişiyeva danışır, daha doğrusu göz yaşlarına boğulduğundan danışa bilmir. Qırıq-qırıq söylədiklərindən anlaşılır ki, Hüseynağa çox qayğıkeşmiş, onların dərsləri ilə maraqlanmaqdan tutmuş, əyin-başlarına, yemək-içməklərinə qədər hər şeyi öhdəsinə götürübmüş. Həm işləyir, həm oxuyur, həm də bacı - qardaşının qayğısına qalır.

Teatrda işə işıqçılıqdan başlayır
 
12 yaşında uşaq iş axtarmaqdan haldan düşüb, arzusuna rəğmən bəlkə teatrda bir iş tapılar-deyə ora baş vurur. Əslində bu binaya ali təhsilli aktyor kimi işləməyə gəlmək ən böyük arzusudur. Onun əsl teatr adamı olduğunu işə götürən şəxs də başa düşür:

“Gəl, bizim işıqçıya ehtiyacımız var, hələlik bundan başla, sonra təhsil də alarsan, baxarıq”. 

Bu minvalla teatr aləminə işıqçı kimi daxil olur. İllər keçir, balaca Hüseynağa böyüdükcə teatrda ən müxtəlif işlərdə çalışır, hamısının da sirlərinə yiyələnib ustalaşır. 

1975-ci il...  Nəhayət günlərin bir günü Hüseynağa teatra aktyor kimi daxil olur... Şəki Dövlət Teatrına. Çox keçmir ki, həmin teatrda həm də baş rejissor olur.
 
Şəki Teatrı

 Bu teatr artıq Hüseynağa Atakişiyev adlı bir sənətkarın varlığını ortaya qoyur. 1975-85-ci illərdə əvvəlcə rejissor, sonra baş rejissor olduğu truppa ilə Azərbaycan və dünya dramaturgiyasının şah əsərlərini tamaşaya qoyur. Şəki Teatrı ölkədən kənarlara çıxır, qastrollarda uğurlu tamaşalar göstərir. 1974-cü ildə 9 tamaşa ilə Moskvada qastrolda olması isə teatr tarixinin qırmızı səhifələrindəndir.   

Bu uğurlara görə həmin il əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Sonra onu Milli Dram Teatrına baş rejissor dəvət edirlər. Gəlir, amma Şəkidə qazandığı uğurları nədənsə bu teatrda əldə edə bilmir. Çox keçmir ki, Gənclər Teatrını yaradır.

 “Kaş bu dünyadan köçəndə ...”

Gənclər Teatrının aktyoru, indi Milli Dram Teatrında çalışan Ayşad Məmmədovu dinləyək:

“Kaş bu dünyadan köçəndə tamaşalarımın musiqilərini özümlə apara biləydim”. Bir dəfə bu sözü mənim yanımda demişdi. Hər an fikrimdə dolanır, yaman tutub o söz məni. İlk sənət addımlarımı onun yanında, onun özülünü qoyduğu teatrda, o əllərimdən tutmaqla atmağa başlamışam. 3-cü kursda oxuyurdum, gəldim yanına ki sizinlə işləmək istəyirəm, dedi, gəl. Mənə ilk dəfədən “Romeo və Cülyetta”da Romeo rolunu verdi. Mənə, yetirmələrinə onsuz çox çətindir. Hüseynağa müəllim bizə səhnədən tamaşaçı ilə canlı tellərlə bağlanmağı öyrətmişdi, onun ruhu ilə yetişmişik. İndi harda işləməyimdən asılı olmayaraq çox çətindir”.

“Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir” 

 Gənclər Teatrının aktyoru, indi Gənc Tamaşaçılar Teatrında çalışan Qurban İsmayılovun dedikləri:

“Onunla 17 il bir yerdə işləmişəm, nə dostluğumuz olub, nə qardaşlığımız. İş vaxtı bədii rəhbərim olub, düşəndə bir məclisdə yeyib-içmişik. Əvvəl başqa teatrda çalışırdım, amma “Qətl günü” tamaşasına baxanda dostlara demişdim ki, çox istəyərdim Gənclər Teatrının aktyorları ilə işləyim. Dostlar da-Abbas Qəhrəmanov, Ayşad Məmmədov Hüseynağa müəllimə demişdilər, razı olmamışdı, çünki məni heç tanımırdı. Sonra elə oldu ki, premyeraya üç gün qalmış teatrdan gedən bir aktyorun yerinə məşqlərə çağırdılar. İlk tamaşadan sonra Hüseynağa Atakişiyev dedi, sənədlərini götür, gəl. Mənə həmişə baş rollar etibar edib. Başqa düşüncənin yiyəsi idi. Məsələn, hamı elə bilirdi ki, Hamleti Ayşada verəcək, amma gözlənilmədən mənə verdi. Dedi, indiki zamanda romantik Hamlet olmaz, bir az kobud, hadisələrə real baxan biri olmalıdır. 

Əməli ilə sözü eyni olan, sözü bütöv, danışmaqdan çox iş görən bir insan kimi yadımda qalıb, sevmişəm onu. İndiyə qədər həyatımda, sənətimdə yeri görünür, çox çətindir onsuz. İnanın, ikiüç dəfə məni başqa teatra dəvət etdilər, getmədim. Gənclər Teatrının çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq onunla işləmək zövqünü başqa heç bir şeylə əvəz etmək olmazdı. İlin cəmi 4 ayını tamaşa göstərirdik, soyuq ayları geyinib-qıfıllanıb məşq elətdirərdi bizə ki, formadan düşməyək. Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir”. 

“Çoxdan heç nəyə təəccüblənmirdi”

Dramaturq Əli Əmirli: “Meydan” adlı əsərimin ilk tamaşasından sonra Gənclər Teatrı ilə mənim uzun çəkən əməkdaşlığım başladı- Hüseynağa müəllim on beş ilin içində daha yeddi pyesimi səhnələşdirdi. Bir qayda olaraq mən pyesi verirdim, bir neçə gündən sonra o mənə premyeranın nə vaxt olacağını deyirdi, heç vaxt da sözü yalan çıxmırdı. Pyeslərim haqqında fikir demirdi, ancaq qəzetlərə müsahibələr verəndə qiymətləndirdiyi iki-üç dramaturqun adını çəkirdisə, onlardan biri mütləq mənim imzam olurdu. Hüseynağa müəllim öz qiymətini çox yaxşı bilən təvazökar insan idi. Çox da qürurlu idi, amma onu həmişə gizlətməyə, göstərməməyə çalışırdı. Ömrünün axır illərində hiss olunurdu ki, onu çox şey sıxır, çox şey darıxdırır, amma on beş ildən çox davam edən tanışlığımız, dostluğumuz, işbirliyimiz müddətində onun nə şikayətləndiyini, nə gileyləndiyini gördüm. O çox mərd insan idi, gözü tox, təmənna sözü ona yad idi.

Hüseynağa Atakişiyevlə tanış, dost olduğum on beş ildə hər həftə onunla Aktyor Evindəki qapısı hamının üzünə açıq iş otağında görüşürdüm, daha doğrusu mən onu görməyə gəlirdim, işim olanda da, olmayanda da, əslində bu bir mənəvi ehtiyac idi. O özü heç yerə, heç kimin görüşünə getməzdi, onu görmək istəyənlər və ya getməyə başqa yeri olmayanlar da gəlirdi bu hücrəyə. Hamıya xoş üz göstərirdi. Əslində bu iş otağı onun əsas evi, mənziliydi, səhər gəlib axşamdan neçə saat keçənəcən burda olurdu. 

Teatr haqqında az danışardı, teatra gələn pyesləri müzakirə etməz, özündən söz salmaz, uzun söhbətləri xoşlamazdı, hərdən əhvalının yaxşı məqamlarında Şəki xatirələrindən əhvalatlar, məzəli hadisələri yada salardı. Həyatdan yorulmuş adam təsiri bağışlayırdı, çoxdan heç nəyə təəccüblənmirdi. 

Şəkidəki uğurlarına görə Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdü, davamı çoxdan olmalıydı, olmamışdı. Üzə vurmazdı, amma içində sıxıntı, bəlkə də pərtlik hiss olunurdu, axı gözü-könlü nə qədər tox olsa da, o da bu mühitin əhatəsində idi. İçində haqlı sualların baş qaldırması təbii idi. 

Amma şikayətlənməyi, istəməyi, qəbullara getməyi bacarmırdı. Heç çoxdan onu incidən xəstəliyindən də danışmağı sevməzdi, yüz altmış, yüz səksən qan təzyiqi ilə işə gəlirdi, elə bil məqsədli şəkildə ölümünə doğru gedirdi, onun gəlişini sürətləndirirdi. Ətrafında olanlar da bunu görürdü, amma o məsləhəti, illah da öyüdnəsihəti heç sevmirdi. 

Üzeyir Hacıbəyov rolunda - Anarın “Uzun ömrün akkordları” filmində görüb yadda saxlamışdılar. Onu tanıyanların və sevənlərin xatirində Hüseynağa Atakişiyev elə o işıqlı, xeyirxah, mehriban, məlahətli təbəssümü ilə qalır”.

Ömrü boyu katibəsi olmadı,  qapısının üstündə bədii rəhbər yazdırmadı

Sərvər Əliyev (Gənclər Teatrının aktyoru, indi Gənc Tamaşaçılar Teatrında çalışır):

“Qara qutu” tamaşasının birinci hissəsini tam hazırlamışdı. Bu onun yaradıcılığında ilk dəfə təsadüf olunan bir hal idi, əsasən o tamaşanın skeletini hazırlayırdı, sonra ona can verirdi. Bu dəfə isə martın 28-i idi, dedi ki, birinci hissə hazırdır, uşaqlar bir az istirahət etsin, sonra ikinci hissəni qurarıq. Məşqdən sonra yemək yeməyə hazırlaşırdıq, dedi ki, göyərti al gətir, o, yazqabağı göyərti ilə atlamanı xoşlayardı. Göyərtini doğramağım xoşuna gəlmədi, aldı əlimdən başladı özü doğramağa. 

Birdən elə bıçaq əlində dedi, əlim işləmir, oturdu stula, dedim, o biri əlini qaldır görüm, cəhd etdi o əli də qalxmadı. Həsən müəllimə dedim ki, təcili yardım çağır, müəllim dedi, lazım deyil, biz yenə çağırdıq. Apardılar, Həsən müəllim onunla getdi, mən aktyorlarla Gənc Tamaşaçılar Teatrına, oranın səhnəsini icarəyə götürüb Əli Əmirlinin “Kişi və qadın” əsərinin tamaşasını oynayırdıq. Onu çatan kimi reanimasiyaya aparmışdılar. Tamaşanı oynadıq, Nəsibə xanım (sonuncu həyat yoldaşı-R.Q.) səhnədə olmalı idi və tamaşanı bitirincəyə qədər ona bildirmədik. 

Çox böyük şəxsiyyət idi, ömrü boyu yalnız başını aşağı salıb işi, sevdiyi sənəti ilə məşğul oldu. Bizə deyirdi ki, siyasətimiz sənətimizdir, başını aşağı sal işini gör, hər şey yaxşı olacaq. Adama böyük ümidlər verərdi, amma gəlişigözəl sözlər, vədlər verməyi xoşlamazdı. 

Bir əsəri tamaşaya qoymazdan əvvəl kollektivlə uzun müzakirələr aparardı, hamı həmin mövzunu artıq həzm edəndə məşqlərə başlayardı, qalırdı sadəcə mizan vermək. Gözəl insan idi, hamının kədərinə öz kədəri kimi baxardı. Bir dəfə Həsən müəllim danışdı ki, bir həmyerlisi ilə rastlaşıb. Kişi ona danışıb ki, oğlugilə gedib, gəlin qapını açmayıb. Müəllimin gözləri doldu, həmin adamı tapdırıb onu dinlədi, dərdinə şərik oldu. Sonra da o mövzuda “Axırı sakitlikdir” adlı bir tamaşa qoydu ortaya, ssenarisini də Elçin Hüseynbəyliyə həvalə etmişdi.

 27 mart teatrımızın 18 yaşı tamam olurdu, ona çox təntənəli hazırlıq gördü, elə bil hiss etmişdi. Elə bil özünə vida mərasimi keçirdi. Ayşad iştirak etmədi, dedi, yorulmuşam, ona da zəng elədi ki, niyə burda yoxsan. İnsanlığı sənətindən də yüksək idi, hamıya yaxşılıq edirdi. 

Onun otağının qapısına nə direktor, nə bədii rəhbər yazıldı.

Ömrü boyu katibəsi olmadı, qapısı hamının, onu deyib gələnlərin üzünə açıqdı, dərdlərin paylaşanların otağıydı. Bir dəfə bir nəfər gəldi ki, bir sinifdə oxumuşuq, müəllim onu dinlədi, maddi kömək göstərdi, o, gedəndən sonra dedi ki, tanımıram, sinif yoldaşım-filan deyil, insandır də”. 

 Kəlbətinli rejissor

“Bir dəfə hansısa tamaşasının premyerası idi, teatrın binasında xətlərdə nasazlıq ucundan işıqlar sönmüşdü. Hamı düşünürdü ki, premyeranın taleyi necə olacaq. Tamaşanın başlanmasına sanılı dəqiqələr qalmış işıqlar yandı, bir də gördüm ki, Hüseynağa Atakişiyev əlində kəlbətin foyedən keçir, xətti bərpa edib, indi də tamaşanı başlamaq üçün pərdə arxasına keçir. Məni görüb gülümsündü: “Həmişə də sən gələndə fövqəladə hal baş verir”. Belə deyildi. O binada elə vəziyyətlər çox olurdu, o zülmlə, üstəlik də icarə haqqı ödəyib teatrı yaşadırdı. 

Tez-tez yolumuz bir düşərdi, “Xalqlar dostluğu” metro stansiyasından “Sahil” metrosuna qədər bir yerdə gələrdik. Maraqlı söhbətlər edirdi, ömrü boyu kasıbçılıqla yaşayan bu insanda çox böyük daxili zənginlik vardı.  

“Hamlet” tamaşasını tənqid etmişdim, ətrafından mənə mesajlar gəldi, düşündüm ki, yəqin Hüseynağa müəllim bir daha üzümə baxmaz. Bir gün yeni tamaşasına getdim. Həmişə olduğu kimi gülərüzlə qarşıladı məni, üstəlik, “sağ ol ki, bizi diqqətdən kənarda qoymursan”, -dedi”. 

Üç dəfə ailə qurub, üçü də... 

 Nə bilək, uğurlu, ya uğursuz, yalnız özü bilib. Bu adamı üç dəfə evlənməyə nə vadar etdi, bilən olmadı, o sirr onunla qəbir evinə getdi. 2006-ci ilin aprelin 9-da həyatından artıq sevdiyi-teatrdan-həyatdan köçdü. Çox az sənətkarlardandır ki, ətrafındakı hər kəsin həyatında yeri görünür. 


Ramilə Qurbanlı,
“33 pərdəli dram”
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
15/12/2019 [23:59]:
“İŞİD-in hücumları nəticəsində 600-ə yaxın mülki vətəndaş həyatını itirib”
15/12/2019 [22:32]:
Türkiyəyə qanunsuz miqrant axını artıb
15/12/2019 [21:58]:
Liviya təhlükəsizlik səbəbiylə Misirdəki səfirliyini bağlayıb
15/12/2019 [20:40]:
Polşada keçiriləcək klassik musiqi müsabiqəsində 500-dən çox pianoçu iştirak edəcək
15/12/2019 [19:35]:
Stokholmda minlərlə insan etiraz aksiyası keçirib
15/12/2019 [18:36]:
Ölkənin sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olundu
15/12/2019 [17:29]:
ABŞ Energetika Nazirliyi 2020-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
15/12/2019 [16:36]:
“Atletiko” iki cavabsız qolla qalib gəlib
15/12/2019 [15:46]:
Livanda 50-dən çox etirazçı qarşıdurmalar zamanı xəsarət alıb
15/12/2019 [15:25]:
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir
15/12/2019 [14:50]:
Özbəkistan portalında Hüseyn Cavid haqqında məqalə yerləşdirilib
15/12/2019 [14:22]:
"Napoli" Qattuzonun rəhbərliyi ilə ilk matçda məğlub olub
15/12/2019 [13:40]:
Mövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"
15/12/2019 [13:18]:
Abşeronda əl qumbarası aşkarlanıb
15/12/2019 [12:44]:
Futbol klubunun prezidentinin evi qarət olunub
15/12/2019 [12:15]:
ABŞ öz ordusunun üçdə birini Əfqanıstandan çıxarmaq niyyətindədir
15/12/2019 [11:51]:
Venesuela hökuməti müxalifətin hərbçilərə qarşı terror hücumu hazırladığını bildirib
15/12/2019 [11:12]:
Bakı və Gəncədə kafe yanıb
15/12/2019 [10:48]:
Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub
15/12/2019 [10:00]:
Bələdiyyə seçkiləri ilə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır
14/12/2019 [23:59]:
Qurban Qurbanov: “Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”
14/12/2019 [22:38]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:52]:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
14/12/2019 [20:53]:
Evlərdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
14/12/2019 [19:45]:
Yük qatarı avtomobillə toqquşub - Ölənlər var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Elmar Məmmədyarov Latviyaya gedəcək
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Vilayət Eyvazov yeni səfirlə görüşüb
AŞPA-nın komitə iclasları keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin