Ramiz Mehdiyevin yeni kitabı - Paşinyanın səhvləri...

20/08/2019 [10:26] - Siyasət (79)



Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosialyönümlü daxili siyasət onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir.

AzərTAc xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında yer alıb.

Birinci Qarabağ müharibəsi

Akademik Ramiz Mehdiyev yeni əsərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə nüfuz edərək hadisənin nədən başladığını ən mötəbər mənbələr əsasında, sistemli şəkildə və mərhələlər üzrə təhlil edir. Alimin fikrincə, bu münaqişənin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır.

Əsərdə I Pyotrun Qafqaza yürüşü və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi, XIX əsrdə rus-İran müharibələri, Türkmənçay müqaviləsi və ermənilərin əzəli Azərbaycan torpaqlarına – keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqları ərazisinə köçürülməsinin birinci dalğası, habelə Rusiya ilə Osmanlı İmperiyası arasında Adrianopol sülh müqaviləsindən sonra ermənilərin köçürülməsinin ikinci dalğası məntiqi ardıcıllıqla diqqətə çatdırılır. Bütün bunları müəllif hadisələrin cərəyan etdiyi dövrün mənbələri, o cümlədən Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovun “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” (1828) qeydləri, Sergey Qlinkanın “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (1831), Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (1878) və digər mənbələr əsasında təqdim edir. Məsələn, kitabda istinad edilən Nikolay Şavrovun 1911-ci ilə aid qeydlərindən aydın olur ki, hələ o zaman Zaqafqaziyada 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, Rusiya tərəfindən köçürülənlər olub. Bu və digər mənbələr regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbətinin süni şəkildə dəyişdirildiyini təsdiqləyir. Akademik təkzibedilməz faktları ümumiləşdirərək yazır: “Monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu”.

Çar Rusiyasının ermənipərəst siyasətinin sovet Rusiyası tərəfindən də davam etdirildiyini əsaslandıran akademik Dağlıq Qarabağ Muxtar Vilayətinin süni şəkildə yaradılmasını, habelə Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqlarının Ermənistanın tərkibinə qatılmasını, Naxçıvanın anklava çevrilməsini buna misal olaraq göstərir. Müəllif, həmçinin sovet dövlətinin Türkiyə ilə bağlı təşvişindən qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərəst dairələrin məqsədyönlü fəaliyyətini diqqətə çatdırır: “Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər”.

Qafqaz Bürosunun tarixi iclasından sonra

Akademik Ramiz Mehdiyevin vurğuladığı məqamlardan biri də ermənilərin köçürüldükləri ərazidə etnik tərkibin dəyişdirilməsinə yönəldilən siyasətdir. Kitaba azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dən kütləvi deportasiyası, 1946-1949-cu illərdə Ermənistan ərazisinə ermənilərin köçürülməsinə dair faktlar daxil edilib. Görkəmli alim bu qənaətə gəlir ki, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. 1988-1993-cü illərdə azərbaycanlıların Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması bu prosesin son akkordu olub. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır.

Müəllif ötən əsrin 80-ci illərində baş vermiş hadisələrə toxunaraq yazır ki, SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana birləşdirilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. Mixail Qorbaçov başda olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyinin millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçməsi vəziyyəti daha da kəskinləşdirdi və 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribata məhz bu kontekstdə yanaşmaq lazımdır.

Akademik Dağlıq Qarabağda faciəli hadisələrin başlanğıcında Azərbaycanın ovaxtkı kommunist rəhbərlərinin və Xalq Cəbhəsi liderlərinin mövqesizliyinin, məsuliyyətsizliyinin və qeyri-peşəkarlığının da Azərbaycan ərazilərinin işğalına şərait yaratdığını təəssüflə qeyd edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi dövlətlərarası münaqişə kontekstində

Münaqişənin sonradan SSRİ-nin dağılmasında katalizatorlardan birinə çevrildiyi fikri ilə razılaşan müəllif problemi, həmçinin dövlətlərarası münaqişə kontekstində araşdıraraq yazır: “Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu”.

Kitabda problemin nizamlanmasının hüquqi əsası olan və bu gün də hüquqi qüvvəsini saxlayan beynəlxalq sənədlər nəzərdən keçirilir. Məsələn, SSRİ dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu müddəa Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib. Müəllif buna misal olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələrini xatırladır.

Heydər Əliyevi Siyasi Büronun tərkibindən çıxarmasaydılar...

Bununla yanaşı, əsərdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət, o cümlədən Budapeşt, Lissabon samitlərində münaqişənin həlli istiqamətində irəliləyişlər də diqqətə çatdırılır. Eyni zamanda, Qərb dövlətlərinin ikili standartları problemin həllinə mane olan amillərdən biri kimi göstərilir və konkret faktlarla əsaslandırılır.

Ermənistan fürsəti əldən verərək sülhü uduzub

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivləri barədə fikir yürüdən müəllif problemin həll edilməməsinin Ermənistana mənfi təsirlərinə dair yeni misallar gətirir. Məsələn, sabiq prezident Levon Ter-Petrosyanın “Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” məqaləsindən götürülən tezislər bu gün də aktuallığını saxlayır. Yaxud “BE Berlin Economics GmbH” konsaltinq şirkətinin Berlin qərargahının bu ilin əvvəllərində apardığı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmada sülhün qonşu dövlət üçün faydaları göstərilir.

Eləcə də siyasi kontekstdə, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələnin heç vaxt praktik müstəvidə qoyulmadığını bildirən akademik Ramiz Mehdiyev Ermənistanın baş naziri N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirmək cəhdinin beynəlxalq vasitəçilər tərəfindən rədd edildiyini və martın 29-da Vyanada iki dövlətin rəhbərlərinin görüşünün formatının dəyişmədiyini vurğulayır. Həmçinin Prezident İlham Əliyevin görüşdən sonra TASS agentliyinə müsahibəsində səsləndirdiyi bu fikri xatırladır: “Danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”.

Akademik yazır: “Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.

Əsərdə Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş işğalçı rejimin cinayətkar mahiyyəti bir çox mənbələrə, o cümlədən britaniyalı Harrold Keynin “Narko-Qarabağ” kitabına istinadla açılıb göstərilir.

Ter-Petrosyanın ayıqlığı və Paşinyanın səhvləri

Amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan “Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!” sözlərini xatırladan akademik Ramiz Mehdiyev vurğulayır ki, münaqişə ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.

Akademik Ramiz Mehdiyevin yeni kitabı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivləri barədə aydın və bitkin təsəvvür yaradır. Problemin mahiyyətini ictimaiyyətə, xüsusən rusdilli oxuculara çatdırmaq baxımından böyük əhəmiyyətə malik olan bu əsər politoloji tədqiqatlar, siyasi araşdırmalar üçün də mötəbər mənbədir.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
21/09/2019 [11:27]:
Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
21/09/2019 [11:16]:
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
21/09/2019 [10:50]:
Turist avtobusu qəzaya düşüb - Xeyli sayda ölənvə xəsarət alan var
21/09/2019 [10:37]:
“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
21/09/2019 [10:14]:
Bakıda 10 yaşlı oğlan uşağı itkin düşüb
21/09/2019 [09:51]:
Nazirlik: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"
21/09/2019 [09:36]:
Texasda "İmelda" fırtınası qurbanlarının sayı dörd nəfərə çatıb
21/09/2019 [09:31]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
21/09/2019 [09:26]:
Atəşkəs 23 dəfə pozulub
20/09/2019 [23:58]:
Türkiyədə dəniz reysləri təxirə salındı
20/09/2019 [22:34]:
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20/09/2019 [21:48]:
Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıb
20/09/2019 [20:23]:
11 saylı məktəbdə kütləvi zəhərlənmə olub
20/09/2019 [19:32]:
Azərbaycanda daha iki Data mərkəzi tikilir
20/09/2019 [18:49]:
Nazir Naftalan şəhəri və Samux rayonunda qəbul keçirib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Səfir: “Azərbaycan hər zaman Əfqanıstana bütün sahələrdə dəstək verib”
Azərbaycan əhalisinin hazırkı sayı nə qədərdir?
Dizel bahalaşıb
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
Həbsxana rəisi rüşvətə görə həbs olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin