“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatılıb. 2018-ci ildə ölkəmizdə
keçirilən "Seedstars World" müsabiqəsinin
qalibi “Onbranch” startapı ilə birlikdə mərkəz “Seedstars Sammiti”ndə
iştirak edib. İsveçrənin
Lozanna şəhərində baş tutan tədbirdə 75 ölkədən startap komandaları,
hökumət nümayəndələri, investorlar, yaradıcı insanlar, həmçinin nüfuzlu şirkətlərin
mentorları iştirak edib. Maliyyə, səhiyyə, təhsil, kənd təsərrüfatı və enerji
sahələrində mövcud olan qlobal problemləri həll etmək məqsədilə keçirilən
sammitdə Afrika, Latin
Amerikası, Asiya, Şərqi Avropa və Orta Şərqi təmsil edən 64 ən uğurlu startap
layihəsi 500,000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda
mübarizə aparıb. Nəticədə Argentinanı təmsil edən “Blended” startapı “Seedstars Sammiti”nin qalibi seçilib.
Məlumat üçün bildirək ki, “Seedstars
World" regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə
və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar
hazırlayan bacarıqlı startaplar axtarışındadır. Tədbirin keçirilməsində məqsəd
inkişaf etməkdə olan ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində
fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.
Qeyd edək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən
layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların müstəqil şirkət
kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və 6 ildir ki, “Seedstars
Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.
Fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzi Azercell və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda
sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra uğurlara
imza atıb. Ölkənin ilk biznes inkubatoru olan mərkəz startapların
inkişafının hər bir mərhələsində onlarla işləyir, uğur qazanmaq üçün lazım olan
vəsaitlər, resurslar və biliklərlə təmin edir.