Bizi bağışlama, ya Rəsulzadə!

28/01/2019 [18:39] - Köşə (374)
Cavid İsmayıl


Hər şey yanvarın 15-də başladı. Səhər açılar-açılmaz saytlarda xəbər yayıldı ki, gecə Bakının Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin banisi və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin doğulub boya-başa çatdığı və hazırda körpələr evi kimi istifadə olunan evin divarına vurulmuş barelyef oğurlanıb.

Hadisədən ilk xəbər tutan qonşular olub, bu barədə polisə də onlar məlumat verib. Oğurlanan barelyefin üzərində isə bunlar yazılmışdı: “Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının yaradıcısı Məmmədəmin Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də bu evdə doğulub”.

Barelyefdəki “Ə” səslərinin üzərində nöqtə olan “E” kimi yazılmasından anlaşılan bu idi ki, bu lövhə 1992-93-cü illərdə, Xalq Cəbhəsi hakimiyyəti zamanında qoyulub. Yəni Azərbaycan prezidenti Heydər Əliyevin latın qrafikalı əlifbaya keçid haqqında 9 avqust 2001-ci il tarixli fərmanından sonra da bu barelyefi dəyişdirmək Abşeron Rayon İcra Hakimiyyəti başçılarının ağlına 18 il ərzində gəlməyib.

Barelyef oğurlandıqdan bir gün sonra Daxili İşlər Nazirliyi açıqlama yaydı ki, oğrular tutulub: “Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək, uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq, paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkar olunaraq, maddi sübut kimi götürülüb”.

Bu hadisədə ilk olaraq diqqətçəkən məqam nə oğruların, nə də metal qəbuletmə məntəqəsində işləyənlərin ya barelyefin üzərində yazılanları oxumaması, ya da oxuyub da Rəsulzadənin kimliyini bilməməsi idi. Yəni cəmiyyət bu tiplərin savadsızlığının miqyasından şoka düşmüşdü. Amma sən demə, şoka düşüləsi hadisələr hələ qarşıda idi.

Yanvarın 24-də Novxanı qəsəbə icra nümayəndəliyi Rəsulzadənin yeni barelyefinin doğulduğu evin divarına vurulması haqqında açıqlama yaydı. Barelyefdə bu sözlər yazılmışdı: “Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur”.

Bu barelyef ictimaiyyət arasında haqlı narazılıq doğurdu. Çünki tariximizdə nə Azərbaycan Dövlət Cümhuriyyəti adlı dövlət, nə də Milli Müsavat Partiyası adlı siyasi təşkilat olub. Böyük öndərin adı ilə bağlı “Məmmədəmin”, yoxsa “Məhəmməd Əmin” mübahisələrini də kənara qoymaq olmaz. Şəxsən mən “Məhəmməd Əmin” variantının tərəfdarıyam. Burada iki məqam nəzərə alınmalıdır. Əvvəla, Rəsulzadənin atası Axund Hacı Molla Ələkbər dövrünün tanınmış din xadimi olduğundan, yəqin ki, oğlunu İslam Peyğəmbərinin şərəfinə belə adlandırıb. Bildiyimiz kimi, hələ ticarətlə məşğul olduğu dövrdə Məhəmməd peyğəmbər öz dürüstlüyünə görə “Əmin” təxəllüsü qazanmışdı. İkincisi, Azərbaycanda “Məmməd” adının populyarlaşması sirr deyil ki, sovet işğalından sonra baş verib.

Mətləbdən çox da uzaqlaşmayaq. İkinci barelyef ciddi narazılıq doğurduğundan, Abşeron və Novxanı başbilənləri bu gün onu yenisi ilə əvəzləyiblər. Bu dəfə özlərinə çox əziyyət verməyiblər: “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur”.



Necə deyərlər, üzrü günahından betər. Bu olay maraqlı bir hadisəni də xatırlatdı. Azərbaycanda “Ç” səsini “K” kimi, “C” səsini “G” kimi tələffüz edən üç kənd və bir rayon var. Bir gün rəhmətlik professor Əliyar Səfərli Bakı Dövlət Universitetində bu bölgələrin birindən olan tələbədən imtahan götürür. Görür ki, heç nə bilmir, deyir “cücə” sözünü düzgün yaz, imtahandan kəsməyim səni. Tələbə kağıza nəsə yazıb Əliyar müəllimə uzadır, o da baxıb görür ki, kağızda “cücə” əvəzinə “toyuq balası” yazılıb. Professor təəccüblənir ki, axı mən sənin “cücə” yazmağını istədim. Tələbə isə cavab verir ki, müəllim, “cücə” yazsaydım, iki səhvim olacaqdı.

Deyəsən, bu barelyefi hazırlayanlar da səhvə yol vermək istəməyən tələbə kimi düşünüblər. Belə barelyef olmur, əziz qardaşlar! İnanmırsınızsa, “İçərişəhər” metrosundan çıxıb, yeraltı keçidlə yolun qarşı tərəfinə keçin və oradan üzüaşağı, Fəvvarələr meydanına tərəf gedin. Küçə boyu yolun sol tərəfindəki binaların üzərində Əliheydər Qarayevdən tutmuş Dadaş Bünyadzadəyə qədər bolşevik inqilabçılarının barelyeflərini oxuyun. O barelyefin vurulduğu körpələr evində təhsil alan uşaqlar və ya qarşısından keçən ibtidai sinif şagirdləri valideynlərindən niyə soruşmalıdırlar ki, Məhəmməd Əmin Rəsulzadə kim olub, neçənci illərdə yaşayıb? Bu sualla qarşılaşan valideynlərin hamısının barelyefi oğurlayan və onu qəbul edən “metallom”dan daha savadlı olacağına kim zəmanət verir?

Barelyef hansısa qəsəbə icra nümayəndəliyinin və ya bələdiyyənin öz bilik səviyyəsi ilə hazırlatdıracağı bir lövhə deyil. Hamımız Azərbaycanda yaşadığımızdan, qəsəbə icra nümayəndələri ilə bələdiyyə sədrlərinin savad səviyyəsini də bilirik. Nisbətən savadlı adamlar bəllidir ki, rayon icra hakimiyyətlərində çalışırlar. Onlar da Rəsulzadənin kim olduğunu bilmirlərsə, zəhmət çəkib Prezident Administrasiyasına və ya AMEA-nın Tarix İnstitutuna müraciət etsinlər. Gülüş hədəfi olmaqmı onlara xoş gəlir, yoxsa cəmiyyətin əsəbləri ilə oynamaqmı? Bu ölkədə düzəlməsi mümkün olan, amma düzəlməyən hər kiçik məsələni niyə prezident şəxsi nəzarəti altına almalıdır ki?

Bu həftə – yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür. Təəssüf ki, bu yubileyin dövlət səviyyəsində keçirilməsi barədə hələ də rəsmi qərarlar açıqlanmayıb. Bəlkə də bu mənada barelyef oğrularına “təşəkkür” düşür ki, Rəsulzadəni yenidən ictimai diqqətin mərkəzinə gətirməyi bacardılar.

Amma zarafat bir yana, durum doğrudan da gülməli deyil, faciəlidir. Dilimizin və milliyyətimizin adı ilə bağlı fikir ayrılıqları (Türk yoxsa Azərbaycan dili, türk yoxsa azərbaycanlı) azmış kimi, indi də Rəsulzadənin və onun yaratdığı dövlətin adları ilə bağlı dilemmalar yaradılır. Bizə yoxdan bir dövlət yaradan, Azərbaycanın istiqlalı uğrunda ailə üzvlərini belə qurban verən bir tarixi şəxsiyyətin doğulduğu ev çoxdan muzeyə çevrilməli ikən, hələ də körpələr evi kimi fəaliyyət göstərir, Bakının mərkəzində adını daşıyan küçə əslində bir siqaretin ömrü qədər uzanan kiçik bir dalandır. O küçədə yaşadığı evə də xatirə lövhəsi vurulmayıb, vaxtilə Kukla Teatrı ilə üzbəüz bağda heykəlinin qoyulması nəzərdə tutulan yerdə fəvvarə quraşdırılıb, 1990-cı illərdə Bakı Dövlət Universitetinin həyətində qoyulmuş və üzərində “Burada Məhəmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaq” yazılan qara daş isə üzərinə illərdir yağış yağsa da, göyərmir ki, göyərmir…

Bizi bağışlama, ya Rəsulzadə!
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
21/10/2019 [21:18]:
Səfirlik: "Azərbaycan hökumətini sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq"
21/10/2019 [21:10]:
Müstəqillik Günü Jitomir şəhərində qeyd olunub
21/10/2019 [20:52]:
Bankın keçmiş rəhbəri yeni böhran haqqında xəbərdarlıq edib
21/10/2019 [19:22]:
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
21/10/2019 [18:40]:
Ölkəyə 15 kq narkotik keçirilməsinin qarşısı alınıb
21/10/2019 [17:50]:
Efiopiya 700 mindən artıq qaçqına sığınacaq verib
21/10/2019 [17:46]:
Təbii qaz ucuzlaşıb
21/10/2019 [17:35]:
“Şanxayda Kolumbiya” Biznes Forumu keçiriləcək
21/10/2019 [17:33]:
Suriya müharibəsinin qalibi hansı ölkədir?
21/10/2019 [17:08]:
Səfir: “Türkiyəyə qucaq açan həmin insanlar üçün 40 milyard dollar vəsait xərclənib”
21/10/2019 [16:50]:
Pantomima Teatrı noyabr repertuarını açıqlayıb
21/10/2019 [16:43]:
Prezident İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi üçün verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21/10/2019 [16:38]:
Prezident İlham Əliyev Əli Həsənovu vəzifədən azad edilməsi üçün verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21/10/2019 [16:37]:
Zidan üçün son şans
21/10/2019 [16:34]:
Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib
21/10/2019 [16:32]:
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib
21/10/2019 [16:12]:
Azərbaycan nefti bahalaşıb
21/10/2019 [16:08]:
“Əli Kərimli başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub”
21/10/2019 [15:50]:
Bakıda Elektron Ticarət Forumu keçirilir
21/10/2019 [15:45]:
Zakir Həsənov Çində bir sıra görüşlər keçirib
21/10/2019 [15:28]:
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
21/10/2019 [15:22]:
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir
21/10/2019 [14:48]:
Bakıda yanğın olub
21/10/2019 [14:15]:
Sabunçuda yaşayış binaları sökülür
21/10/2019 [14:00]:
Kanadada 43-cü parlament seçkisi keçirilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
40-a yaxın rəssamın Qandiyə həsr olunan əsərləri sərgilənib
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin