Struktur islahatları və idarəetmənin mobilləşdirilməsi tədbirləri çərçivəsində ixtisarlar qaçılmaz və vacibdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb.
Son ilə qədər bu rəqəm mütəmadi olaraq artıb. Məsələn, 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub. Yəni məmur korpusunun sayı son 9 ildə 8,3 min nəfər və ya 3 faiz artıb.
Ümumiyyətlə, Azərbaycan məmurların sayına görə, arzuolunmaz liderlər sırasındadır. Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır. Bu baxımdan effektiv idarəçilik baxımından məmur korpusunun sayının azaldılmasına ehtiyac var və prezident İlham Əliyevin ilin əvvəlində Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, "indiki idarəçilik sisteminin köhnəlib, dövlət aparatı şişib və köhnəlib, effektiv deyil".
Ona görə də bu ixtisarlar qaçılmazdır və vacibdir. Dövlət başçısı ixtisara düşənlərin işlə təmin olunması ilə bağlı göstərişlər verib. Dünən də birinci vitse-prezident "Azərenerji"də ixtisara düşənlərin işlə təminatı ilə bağlı tapşırıq verib. Devalvasiya vaxtı da bu praktikadan istifadə olundu - prezidentin müdaxiləsindən sonra kütləvi ixtisarlar səngidi və dövlət şirkətləri məşğulluq problemini demək olar ki, həll etdi. Güman ki, bu dəfə də dövlət şirkətlərinin dəstəyi ilə problem həllini tapacaq.
Qadir İbrahimli