Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yanvarın 16-da Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.
Görüşdə Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafında xanım Mehriban Əliyevanın rolu vurğulanıb. Qeyd edilib ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.
Görüşdə eyni zamanda bildirilib ki, Nikola Sarkozinin prezidentliyi dövründə Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdikləri fəaliyyət nəticəsində ölkələrimiz arasında əlaqələr bir çox sahələrdə genişlənib.
***
Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
AzərTAc xəbər verir ki, Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində nümayiş etdirilən sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin yay məktəbi zamanı Strasburqda çəkdikləri fotolar, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri nümayiş olunur.
Nikola Sarkozi universitetin tələbələri ilə söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən laboratoriyalarla tanış olub.
Fransanın sabiq prezidenti tələbələr qarşısındakı çıxışına “Sizin çox güclü və önəmli ölkəniz var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl ölkə olan Azərbaycana daha böyük üstünlüklər gətirir. O, qeyd edib ki, Azərbaycanın gələcəyi sayılan gənclər daim öz üzərilərində işləməlidirlər.
Sonda sabiq prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürək sözlərini yazıb.