Rusiyalı milyarderlərə ötən 2018-ci ildə ümumilikdə 6 milyard dollar ziyan dəyib.
“AzPolitika” xəbər verir ki, “Bloomberg Billionaires Index (BBI)” dünyanın 500 ən varlı adamının siyahısını dərc edib ki, həmin siyahıda göstərilən rəqəmlərdən də rusiyalı milyarderlərin varidatının azaldığı məlum olur.
Ümumilikdə siyahıya 25 rusiyalı oliqarxın adı daxil edilib. Onların sırasına “Lukoil”-in rəhbəri olan həmyerlimiz Vahid Ələkbərov da daxildir. Rusiya mətbuatının yazdığına görə, siyahıdakı 25 oliqarxın yalnız 9-u ötən il öz varidatını çoxalda bilib, digərləri isə ötən ili ziyanla başa vurublar.
Ən varlı rusiyalıların siyahısına “Nornikel”-in sahibi Vladimir Potanin başçılıq edir. O, ötən il 687 milyon dollar qazanıb və varidatını 19.5 milyard dollara çatdırıb. Siyahıdan belə görünür ki, 2018-ci il ən çox Vahid Ələkbərov üçün uğurlu olub. “Lukoil”-in sahibi il ərzində təqribən 3.5 milyard dollar qazanıb və hazırda 16 milyard dollarla siyahıda 5-cidir.
Ən çox ziyan edən isə “Severstal”-n sahibi Aleksey Mordaşovdur. Hazırda 17.4 milyard dolları olan bu oliqarx ötən ili 2.33 milyard dollar ziyanla başa vurub və siyahıda dördüncüdür. İkinci yerdə 19.4 milyardla Leonid Mixelson (“NOVOTEK”), üçüncü yerdə isə 17.9 milyardla Vladimir Lisin qərarlaşıb.