Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
İstiqlal.az xəbər verir ki, səfir Beybit İsabayev çıxışında deyib ki, müstəqillik illərində Qazaxıstan bu çətin illərdə inkişafın çətin mərhələlərindən və geniş miqyaslı islahatlardan keçərək böyük nəticələr və nailiyyətlər əldə edib. Səfir qeyd edib ki, Qazaxıstan dinamik inkişaf edən iqtisadiyyatı, dünya birliyinin hörmətli üzvü, beynəlxalq proseslərdə fəal iştirakçı, regional və qlobal təşəbbüslərin müəllifidir. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müstəqil Qazaxıstanın formalaşması və inkişafı prosesində müstəsna rolu barədə danışan səfir deyib ki, tarixin çətin anında N.Nazarbayev məsuliyyəti üzərinə götürərək ölkəni dünyanın uğurlu dövlətləri sırasına çıxarmaq üçün qısa müddətdə idarə edib: “Belə bir qısa müddətdə çox işlər görülsə də, qarşıda görüləsi daha çox işlər var. Qlobal iqtisadiyyatda mürəkkəb geosiyasi proseslər və mürəkkəblik kontekstində 21-ci əsrin reallıqlarına uyğunlaşmaq, çağdaş çağırışlara cavab tapmaq və yeni problemləri həll etmək lazımdır”.
Ölkələrimiz arasındakı münasibətlərə toxunan diplomat deyib ki, ikitərəfli əlaqələr yüksək xətlə inkişaf edir, Qazaxıstanın qardaş ölkə ilə dostluq və əməkdaşlığın dərinləşdirilməsi siyasəti dəyişməz olaraq qalır.
Xatırladaq ki, 2012-ci ildən etibarən, Birinci Prezident Günü hər il dekabrın 1-də Qazaxıstanda qeyd olunur. 1991-ci il dekabrın 1-də baş tutan seçkilərdə Nursultan Nazarbayev Qazaxıstan prezidenti seçilib.