Azercell yeni “Audio
Kitablar” layihəsini təqdim etdi
Artıq mobil telefonda kitab oxumaq daha rahat
olacaq. Çünki Azercell Telekom öz abunəçilərinə elektron kitabların həm də səsli
versiyasını yükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar” (“Audiobook”)
xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda
hazırlanıb. Kitablar “Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində
səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış
nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat
nümunələrimizin də səsli versiyasının hazırlanması
planlaşdırılıb.
26 Noyabr 2018-ci il tarixində “Audio Kitablar”
layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirə “Bookmate” şirkətinin baş
direktoru Andrey Bayev, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, şair və
yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıb. “Azercell Telecom” MMC-nin
prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə
mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində “Bookmate” və
“Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müsair
dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə
birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir
yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının
bədii nömrələri ilə müşayiət olunub.
“Audio Kitablar” xidməti Azercell şirkətinin
Bookmate layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz
istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə
arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə
ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə
təbliğ olunmasına dəstək olmaqdır.
Qeyd edək ki, “Bookmate” – mobil telefonla yanaşı,
istənilən elektron cihaz üzərindən kitabların oxunmasını mümkün edən bir
xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları
əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq
platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana
oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir
araya gətirir. “Bookmate”-də aktiv oxucular tanış olduqları kitablar barədə rəy
yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.
Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab
oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza
yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə də kitabları
istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu da
qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate”-dən 1 həftə
ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı
və qoşulma qaydalarını
www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.