Təzə Pir məscidi müstəqillik tərəfdarlarının yığıldığı mərkəz idi...

27/09/2018 [01:10] - Köşə (226)
Dilavər Əzimli


Son zamanlar Azərbaycanda dini münasibətlər, o cümlədən dini cameənin başında dayanan Şeyx Allahşükür Paşazədə müəyyən qüvvələr tərəfindən daha çox hücuma məruz qalır. Bunun kökündə nə dayanır? Bu qüvvələr haradan qaynaqlanır?  Məqsədləri nədir? 

Bəllidir ki, dini tolerantlığın qədim məskəni olan Azərbaycan İkinci müstəqillik dövründə aparılan ağıllı dini siyasət nəticəsində dini tolerantlığın mərkəzinə çevrilmişdir. Bunun başlıca səbəblərindən biri ölkəmizin ən qədim sivilizasiya mərkəzlərindən biri olmasıdır. Bu mənada Azərbaycan Ön Asiyanın və Qafqazın ən qədim və zəngin mədəniyyət beşiyi sayılan bir ölkəsidir. Bizim ölkədə dini münasibətlər bütün dünyada olan dini münasibətlərə ən böyük nümunədir. Bunun  da çox dərin kökləri vardır. Ta qədim zamanlardan bəri Azərbaycan əraziləri müxtəlif dinlərin beşiyinə çevrilmiş, burada müxtəlif dinlərin, məzhəblərin, təriqətlərin nümayəndələri birgə yaşamış, bir-birləri ilə sıx münasibətlərdə olmuşlar. İslam dininin ölkəmizdə bərqərar olmasından sonra da digər dinlərə sayğı ilə yanaşılmış, ehtiram göstərilmişdir.  

Dini münasibətlərdə böyük təcrübəsi olan Azərbaycan zaman-zaman dünyada tanınan din xadimləri yetişdirmişdir, onların əsərlərindən indi də istifadə olunmaqdadır. XX əsrdə də dünyada barmaqla göstərilə biləcək din xadimləri ilə seçilən Azərbaycan bu gün də bütün dinlərin azad və sərbəst göstərdiyi bir ərazidir.  Dini münasibətlər baxımından  dünya mədəniyyəti tarixinə öz töhvələrini verən bu insanlar dini rəhbər olmaqla bərabər, xalqımızın ağır günlərində onlara rəhbərlik edən liderə çevrilmişlər.

Məhz, din xadimlərinin liderliyi sayəsində iki yüz illik çarizm və ardınca sovet işğalı bizdə dini münasibətlərə kölgə sala bilmədi. İkinci müstəqillik dövründə Azərbaycanın müstəqilliyi uğrunda ön sırada gedən insanlar içərisində yenə də din xadimləri gəlirdi. Bunların önündə də Şeyx Allahşükür Paşazadə dayanırdı.

 Yadımdadır, 1988-ci  ildən ta 1991-ci ilə, yəni ölkəmiz müstəqillik əldə edən zamana qədər Təzə Pir məscidi müstəqillik tərəfdarlarının yığıldığı mərkəzə çevrilmişdi.  Böyük bir həyat yolu keçmiş Şeyxülislam  öz həyatını riskə qoyaraq Təzə Pir məscidinin qapılarını müstəqillik mücahidlərinin üzünə açmışdı.  O zaman ölkədə insanlar arasında dinə qarşı böyük sevgi yaranmışdı. Böyük həyat yolu keçmiş və ölkədə dini münasibətlərin nəyə qadir olduğunu çox gözəl bilən Şeyxülislam proseslərin ardıcıllığını böyük ustalıqla izləyirdi.  

 Millətin millət kimi möhkəmlənib inkişafında onun tarixi və dini münasibətləri ciddi rol oynayır. Tarixini bilən millət həmişə ondan nəticələr çıxarmağı bacarır. Bir milləti məhv edirsənsə, onun tarixini məhv et. Tarixi şəxsiyyətlərini, din xadimlərini gözdən sal. Buradan yaranan boşluq düşmən üçün əlverişli şərait yaradacaqdır. 1991-ci ildən bu yana dəfələrlə tarixi şəxsiyyətlərin və şeyxülislamın üzərinə hücuma keçiblər. Tarixi şəxsiyyətlərimizi gözdən salmaq üçün müxtəlif üsullardan yararlanıblar. Eyni zamanda şeyxülislama qarşı da eyni ssenari ilə hərəkət ediblər. Dünyanın heç bir ölkəsində belə hərəkətlərə yol verilmir. Bəs nədən bizdə baş verir? İstərdik ki, bu məsələlərə aydınlıq gətirək. 

Götürək dini münasibətləri.... Hansısa qüvvələr tərəfindən şeyxülislam ölkədə ən böyük monopolist, alverçi,  gözünü nəzir qutularına dikən insan kimi təqdim olunur. Hansı qüvvələr? Dərindən düşünsək bunu qruplaşdırmaq çətin deyildir. Məsələn, SSRİ dağılan dövrdə xaricdə olan qüvvələr və Azərbaycanda olan əlaltıları elə güman edirdilər ki, Azərbaycanda yalnız ölü götürən mollalardan ibarət bir dini qurum vardır və rahat şəkildə burada özlərinə yer edəcəklər. Bura daxil olan məzhəbçilər, təriqətçilər onların planlarını həyata keçirəcəklər. 

Azərbaycanın yerləşdiyi coğrafi məkan onların planlarını həyata keçirmək üçün ən əlverişli yer idi. Buraya yüz minlərlə manatlar xərclənirdi. Amma 20 yanvar faciəsi zamanı baş verən proseslər onların planlarını alt-üst etdi. Daha doğrusu, çaş-baş qaldılar. Baxdılar ki, Azərbaycanda dini qurumun başında qoc-qoca ictimai bir xadim dayanıbdır. Bu xadim milyonların önünə çıxıb o dövrdə Bakı qırğınlarının ilhamvericisi SSRİ-nin Baş katibi M.S.Qorbaçovla üz-üzə gələ bildi.  Qorbaçovun dünyaya meydan oxuduğu vaxt bu adam həyatını bir daha riskə ataraq ona ittiham oxuması bütün dünyanı heyrətə saldı. Şeyxülislam onu qatil adlandırdı. 

Bəllidir ki, mürəkkəb hadisələrlə zəngin tariximizdə 20 Yanvarın xüsusi  yeri var. 1990-cı ilin həmin günü Azərbaycan xalqı özünə qayıtdı, tarixinə qayıtdı, öz iradəsini ortaya qoymağı bacardı. Yüzlərlə şəhid versə də sovet imperiyasının xain basqını qarşısından çəkilmədi. Sonda şər qüvvələrə qalib gələrək yenidən müstəqillik arzusuna qovuşdu. 20 Yanvar günlərində o zamankı təslimçi mövqe tutan qorxaq hakimiyyət təmsilçilərindən fərqli olaraq, Şeyxülislam Allahşükür Paşazadə xalqla bir sırada idi. Şeyxülislam həzrətləri Bakıya və Azərbaycanın digər şəhərlərinə qoşun yeridilməsi ilə bağlı qərar verən Mixail Qorbaçovu və bu məkrli planın həyata keçirilməsində iştirak edən əlaltılarını pisləyən sərt bəyanatla çıxış etdi. Əlini xalqımızın qanına boyayan cəlladların cəzalandırılmasını istədi. 

Azərbaycan övladı və dini rəhbər kimi dünya ictimaiyyətini Bakıda baş verən qanlı hadisələri düzgün qiymətləndirməyə çağırdı. Bütün Qafqazın Şeyxülislamı Allahşükür Paşazadənin bu qətiyyətli mövqeyi o zaman bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Qanlı hadisədən cəmi bir neçə gün sonra Moskvaya gələn İtaliyanın dünyaca məşhur “Reppublika” qəzetinin əməkdaşı Etsio Mauro Roma Papası II İoann Pavelin xüsusi tapşırığına əsasən Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaratdı. Şeyxülislam həzrətləri ilə 40 dəqiqə çəkən telefon danışığı əsasında hazırladığı müsahibəni “Reppublika” qəzetində çap etdirən Etsio Mauro ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist oldu. 

Şeyxülislam bütün dünyanı Bakıda baş verən vəhşilikləri ittiham etməyə səslədi: “Mən müharibə istəmirəm, evimizdə uzun müddətdir ki, uzaq müharibənin izi görünür: atam cəbhədə bir ayağını itirmiş, üç dəfə yaralanmışdır. Və mən tələb edirəm ki, xristian qardaşlarımız həqiqəti bilsinlər. İnanıram ki, Vatikanın da səsini eşidəcəyik. Bütün dünyadan xahiş edirəm ki, bizi başa düşsünlər, bizə tərəfdar çıxsınlar və bizimlə əlaqə saxlasınlar ki, indiki vəziyyətdən xilas olaq”. Şeyxülislam M.S.Qorbaçova ünvanlandığı məktubda yazırdı:” Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Qətlə yetirilənlər arasında uşaqlar, qadınlar və qocalar vardır. Tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-tikə edilmiş cəsədlər insanları dəhşətə gətirir. Dövlət başçısı kimi  sizin imzanızla törədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz!”.

 İttihamla dolu bu məktub Şeyxülislam Allahşükür Paşazadə tərəfindən – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya daxil olmasına və dinc əhalinin qətlə yetirilməsinə göstəriş verən sovet dövlətinin başçısı M.S.Qorbaçova ünvanlanmışdı. Həmin hüznlü günlərdə Bakıda elə bir bina, elə bir küçə yox idi ki, ora Şeyxülislam Allahşükür Paşazadənin Mixail Qorbaçova ünvanladığı məktubun mətni yapışdırılmasın. O zamanın gəncləri olaraq bunun şahidi idik. Şeyxülislamın radio ilə bu çıxışını eşidənlər göz yaşı tökürdülər. Həyəcanlı göz yaşları... 

Ölkə rəhbərliyindən kiminsə səsi çıxmadığı halda, Şeyxülislamın səsi insanlarda olan mübarizə ovqatını daha da alovlandırır, düşmənə nifrəti artırırdı. Sovet dövlətinin başçısını ittiham edən və onu bütün dünyada nüfuzdan salan bu məktubu yazmaq həm də böyük cəsarət tələb edirdi. Bu məktubun sahibi xalqını canından çox sevən, Allahın müqəddəs kəlamları ilə nəfəs alan və onu təbliğ edən insan ola bilərdi. Bu şəxs Şeyxülislam Allahşükür Paşazadə idi. Sovet dövlətinin başçısını ittiham edən məktubda deyilirdi: “Biz bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. O dövlət ki, imperiya hökmranlığı iddiası ilə millətlərarası narazılıqları aradan qaldırmaq əvəzinə, onu daha da qızışdırır, o dövlət ki, ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz vətəndaşlarına layiqli güzarandan daha çox faciələr bəxş edir, belə dövlət nifrətə layiqdir”. 

Göründüyü kimi, Şeyxülislam SSRİ rəhbərliyinə meydan oxuyur, bu dövlətin imperiya olduğunu göstərirdi. 1990-cı ilin Qanlı yanvar günlərində Şeyxülislam öz mübarizliyini nümayiş etdirərək xalqı birləşməyə, hakimiyyətin tam iflic olduğu dövrdə millətin iradəsini, əzmini möhkəmləndirməyə müvəffəq oldu. O faciəli günlərdə Qafqaz Müsəlmanları İdarəsi və onun sədri xalqın yeganə nicat və ümid yeri oldu. Moskvadan Bakıda törədilən dövləti cinayətə öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında SSRİ-nin imperiya xislətini ifşa edən ümummilli lider Heydər Əliyev, Azərbaycandan isə M.S.Qorbaçova, azərbaycanlıların qatilinə nifrət və qəzəblə dolu açıq məktub ünvanlayan Şeyxülislam Hacı Allahşükür Paşazadə oldu.

1990-cı ilin 20 Yanvar faciəsində Hacı Allahşükür Paşazadə dünya ictimaiyyətinin gözü qarşısında özünü bir daha müsəlmanların dini lideri kimi təsdiq etdi. Onun M.S.Qorbaçova ünvanladığı məktubda deyilirdi: “Siz özlərini işğalçı kimi aparan bu cəza qoşununu Bakıya yeritməklə sovet hökumətini rüsvay etdiniz və bu əməlinizlə təsdiq etdiniz ki, müstəqillik və xalqların müqəddəratı kimi anlayışlar idarəçiliyinizə tamamilə yaddır. Siz bu faciənin törədilməsinə rəvac verməklə özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Bir əli ilə xarici dövlətlərlə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı amansız cəza tədbirlərinin həyata keçirilməsinə göstəriş verən adamı “Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir”.
Azərbaycanda hakimiyyətsizlikdən istifadə edən ermənipərəst sovet rəhbərliyi 20 Yanvar qırğınını törətməklə istədiyinə nail olmadı. Sovet rəhbərliyi onun ədalətsiz siyasətinə etiraz edən insanları susdura bilmədi. Bu insanların önündə gedən Allahşükür Paşazadə məktubda yazırdı: “Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan dərhal çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu müdaxilə 10 gün və ya Əfqanıstandakı kimi 10 il davam edə bilər, lakin haqq-ədalət əvvəl-axır çalacaqdır. Dərin inam və iman hissi ilə üzümü Allah-Təalaya tutur və onun ulu dərgahından şəhid olan balalrımıza rəhmət diləyirəm. Qoy Allah-Təala mənim xalqımın başına bu fəlakəti gətirənləri, bu işə rəvac verənləri zəlil etsin! Ya Rəbb, Vətənimin bu ağır günündə özün bizlərə kömək ol! Amin!”. Şəhidlərin dəfn mərasimində Allahşükür Paşazadə çox böyük cəsarətlə sinəsini qabağa verib, xalqın önündə gedir, bir sərkərdə kimi xalqı öz arxasınca aparırdı. Bu yol Şəhidlər Xiyabanına gedən adi bir yol deyildi, xalqın mənfur rus imperiyasına nifrət və etiraz yolu, milli qurtuluş yolu, ədalət, istiqlal və azadlıq yolu idi.


Mənə elə gəlir ki, burada artıq şərhə ehtiyac yoxdur. Belə bir dəmir iradəyə malik insanı sıradan çıxarmaq üçün nə etməliydilər? Təbii ki, onun ünvanına ləyaqətə sığmayan böhtanlar yağdırmalı və zəiflədib sıradan çıxarmalıydılar. Çünki həmin qüvvələrə aydın oldu ki, planlarını həyata keçirmək asan olmayacaqdır. Qarşılarında dayanan dəmir iradəli bu  şəxsi sıradan çıxarmadan heç nəyə nail olmaq mümkün deyildir. Deməli, bu cür siyasət ötən əsrin 90-cı illərindən başladı. Şeyxülsilama qarş həyata keçirilən bu kampaniya yalnız bir məqsədə xidmət edirdi: onu zəiflədib sıradan çıxarmaq.

Şeyxülislam isə bunları görür, amma ruhdan düşmür, daima ölkənin müstəqilliyinin möhkəmlənməsi yolunda əzmkar mübarizəsini davam etdirirdi. Onun artan nüfuzu isə ona qarşı olan qüvvələri dərindən narahat edirdi. Çünki Şeyxülislam Qafqazın dini lideri qismində çıxış edirdi. Təkcə Azərbaycanı deyil, bütün Qafqazı düşünürdü. Dağıstan, Çeçenistan, İnquşetiya dini liderləri onu özlərinə ağsaqqal qəbul edirdilər. Şeyxülislam Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, “Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir. Çeçenlərdə Şeyxülislama münasibət çox doğma idi. O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün mötəbər məclislərdə, müxtəlif tədbirlərdə bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini daima müdafiə edir.

 Şeyxülislam 1999-cu ildə Rusiya Federasiyasının Prezidenti B.Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz məktubu göndərərək, İslam ekstremizmi və terroru ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pislədi. Bu gün də Şeyxülslama Dağıstan və Çeçenistanda böyük sayğı vardır. Hətta vaxtilə Şeyxülislam Dağıstan və Çeçenistan dini nümayəndə heyətini özü ilə İran İslam Respublikasına - İslam Təşkilatının İranda keçirilən simpoziumuna aparmışdı. İran rəhbərliyinin gözləri kəllələrinə çıxmışdı.  Çünki Dağıstan və Çeçenistan imamları hansı səbəbdənsə İrana getmirdilər. Onları İrana aparmaq Şeyxülsilamın nüfuzunu göstərirdi. 

Bəli, nüfuzunu....

 Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək İraqda baş verən hadisələrlə, Fələstin xalqının başına gətirilən müsibətlərlə bağlı öz etiraz səsini ucaltmış, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırmışdır. O, ABŞ ordusunun suveren İraq ərazisinə müdaxiləsini, Fələstində və Livanda hərbi münaqişələri qətiyyətlə pisləmiş, din xadimi olaraq dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi özünün müqəddəs borcu hesab etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxalq konfransların ən yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı ardıcıl təbliğ edir, postsovet məkanında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət göstərir.

Onun nüfuzunu sübut edən amillərdən biri də dünyanın bir çox nüfuzlu təşkilatlarının üzvü olmasıdır. O, Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. "Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası"nın həmsədri, "Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası"nın üzvü (2006), UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir (2009). 
Hacı Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyəti dünyanın böyük dövlətləri və dini qurumları tərəfindən də yüksək qiymətləndirilmiş və bir çox ali mükafatlara layiq görülmüşdür. O, SSRİ-nin “Xalqlar dostluğu”, Misir Ərəb Respublikasının I dərəcəli “Əl-elm və əməl”, çeçenistan Respublikasının “Millət Qəhrəmanı - Koman Turpal” və “Kadırov”, Rus Pravoslav Kilsəsinin     I dərəcəli “Böyük Knyaz Vladimir” I dərəcəli “Müqəddəs Sergi Radonejevski” və “Şöhrət və Şərəf”, Gürcüstan Respublikasının “Şərəf” və “Qoyunun qızıl dərisi”,  Vatikan dövlətinin “Müqəddəs Qreqori”, Rusiya Müftilər Şurasının I dərəcəli “Əl-Fəxr”, Rusiya Federasiyasının “Dostluq” və “Şöhrət”, İordaniya Krallığının    I dərəcəli “Kral Hüseyn”, Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli “Müqəddəs Apostol Varfolomey”, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli “ümmət qarşısında xidmətlərinə görə”, Belarus Pravoslav Kilsəsinin I dərəcəli “Svyatitel Kiril Turovski” ordenləri, “İNTERSAFETY” terrorizm, korrupsiya, ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) “Aypara və Ulduz” ordeninin ali dərəcəsi, habelə Daşkənd İslam İnstitutunun, Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin, Beynəlxalq Təhlükəsizlik Komitəsinin (İNTERSAFETY), “Cəmiyyət qarşısında xidmətlərinə görə”, “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun “Vətən övladı”, “Krans Montana” Forumunun qızıl medalları, Serbiya Respublikasının “İmperator Böyük Konstantinin qızıl sikkəsi”, İraq dövlətinin “Türkman eli” Vəqfinin mükafatı ilə təltif olunmuşdur.

Onun İslam aləmində nüfuzunu İslam Konfranı Təşkilatının baş katibi Ekmələddin İnsanoğlunun onun haqqında dediyi aşağıdakı sözlər təsdiq edir: “Mənim əzizi qardaşıma “İslamın ulduzu” deyəcəm, çünki o, tək Qafqazın deyil, bütün İslam dünyasının ulduzudur”.
Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini yüksək qiymətləndirən Roma papası II İohan Pavel yazırdı: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənilən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.

Çəkdiyimiz bu misallar onun nəinki İslam dünyasında, eyni zamanda beynəlxalq aləmdə fəaliyyətinə verilən ən böyük qiymətdir. Ölkəmizdə dini sahəni ələ keçirməyə çalışan  qüvvələri də  qorxuya salan bu nüfuzdur. Şeyxülislmın gündən-günə artan nüfuzu...

Dilavər Əzimli, 
tarix üzrə fəlsəfə doktoru,
dosent
Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi
İlham Əliyevdən yeni təyinatlar - siyahı-yenilənib
Üç legioner "Qarabağ"ın məşqinə qatılmadı
Nazirlik: “Xırda uçqunlar və torpaq qopmaları baş verir”
Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq
Xəbər lenti
17/10/2018 [13:42]:
Şahlar Əsgərov: Heydər Əliyevlə həmin gün gecə 2-nin yarısınadək söhbət etdik...
17/10/2018 [12:28]:
AKP mətbuat katibi konsulunun Türkiyəni tərk etməsindən danışdı
17/10/2018 [11:35]:
Bolqarıstan «Avroviziya-2019» musiqi festivalından imtina etdi
17/10/2018 [10:48]:
İsrail tarixində yeganə Olimpiya çempionu qızıl medalını satır
17/10/2018 [09:59]:
Azərbaycan nefti ucuzlaşır
17/10/2018 [00:15]:
Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi
17/10/2018 [00:02]:
İlham Əliyevdən yeni təyinatlar - siyahı-yenilənib
16/10/2018 [23:36]:
Üç legioner "Qarabağ"ın məşqinə qatılmadı
16/10/2018 [23:21]:
Paşinyanın istefası qəbul edildi
16/10/2018 [22:42]:
Nazirlik: “Xırda uçqunlar və torpaq qopmaları baş verir”
16/10/2018 [21:29]:
Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq
16/10/2018 [20:23]:
Putin Fransaya səfər edəcək
16/10/2018 [19:37]:
“Yay başa çatır” filmi nümayiş olunacaq
16/10/2018 [19:34]:
Azərbaycanda 169 əcnəbi saxlanıldı
16/10/2018 [18:49]:
Mətbuat konfransında prezidentə sensasiyalı müraciət
16/10/2018 [18:24]:
ABŞ səfiri: "Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”
16/10/2018 [17:41]:
“Formula-1″-in Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır
16/10/2018 [16:58]:
“Orada ev tikən və onları rəsmiləşdirən şəxslər məsuliyyət daşıyırlar” - meriya
16/10/2018 [16:38]:
Paşinyan bu gün istefa verəcək
16/10/2018 [16:05]:
Yay məktəbi layihəsinə dəstək olan qurumlar mükafatlandırılıb
16/10/2018 [15:29]:
Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb
16/10/2018 [14:31]:
Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır
16/10/2018 [13:37]:
Azərbaycanın yeni xəbər telekanalı yayıma başlamağa hazırdır
16/10/2018 [12:48]:
15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb
16/10/2018 [12:20]:
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Günə 4 minlik şərab içir... - Dünya mediası Hacıyevadan yazır
Nemət Pənahlı həbs edildi
Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı
Azərbaycanda avro və lirə bahalaşdı - rəsmi
“Lotu Quli” Türkiyədən deportasiya edilir - təfsilat
İlham Əliyevdən yeni təyinatlar - siyahı-yenilənib
Azərbaycanda əhalinin son sayı açıqlandı
Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
Oktyabrın 14-də hava dəyişəcək - xəbərdarlıq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin