Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Böyük Birlik: Birinci Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərginin açılışını edib.
İstiqlal.az xəbər verir ki, sərgidə çıxış edən kitabxananın direktoru Kərim Tahirov Rumıniyanın tarixinə nəzər salaraq bildirib ki, ölkə üç vilayətin birləşdirilməsindən yaradılıb, həmin hadisə uzun illərdir Rumıniyanın Böyük Birliyi kimi qeyd olunur.
Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku 2018-ci ilin Rumıniya və Azərbaycan ücün xüsusi əhəmiyyət daşıdığını deyərək bildirib ki, həmin tarixdə Azərbaycan müstəqilliyini elan edib, Rumıniya isə torpaqlarını birləşdirib. Ölkəsinin Böyük Birliyinin 100 illiyinin digər ölkələrdə də qeyd edildiyini deyən səfir bildirib ki, adıçəkilən sərgi bundan əvvəl Türkiyədə təşkil edilib, daha sonra isə bir çox ölkələrdə keçiriləcək. Səfir bildirib ki, sərgi əsasən kral ailəsindən – kral Ferdinand və kraliça Mariyadan bəhs edir, hansı ki bu iki şəxs 100 il əvvəl Rumıniyanın birləşdirilməsində mühüm rol oynanyıb.
Sərgiyə dəvət olunan Rumıniyanın Buxarest şəhərində yerləşən Kotroçeni Muzeyinin baş direktoru Liviu Jikman da öz təəssüratlarını bölüşüb, sərginin əhəmiyyətindən bəhs edib, təşkilatçılara təşəkkürini bildirib: “Sərgini təşkil etməkdə məqsədimiz öz əzəmətli tariximizlə Azərbaycan insanlarını tanış eləməkdir”.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlığı ilə Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyi və Rumıniyanın İstanbuldakı “Dimitrie Kantemir” Mədəniyyət İnstitutu tərəfindən təşkil edilən sərgi 10 gün davam edəcək.