İyun ayında dünyanın 80-dən çox ölkəsi Atalar Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda UNICEF hökumətləri və işəgötürənləri yeni doğulan və körpə uşaqların erkən inkişafının dəstəklənməsində ataların roluna daha çox diqqət ayırmağa çağırır.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyindən İstiqlal.az saytına daxil olan məlumatda bildirilir ki, Azərbaycanda qadınların doğuşundan sonra kişilər üçün 14 təqvim gününədək ödənişsiz məzuniyyət qanunla nəzərdə tutulub ki, təcrübədə bu cür halların əksəriyyətinə yalnız dövlət sektorunda rast həlmək olar. UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, kişilər öz uşaqlarının erkən inkişafının dəstəklənməsində birmənalı şəkildə iştirak edə bilərlər və iştirak etməlidirlər. Dünyaya gəldikləri ilk günlərdən ana və ataları ilə qurulan müsbət və mənalı qarşılıqlı əlaqə uşaqların zehni və hərtərəfli inkişafını formalaşdıraraq daha da sağlam və xöşbəxt olmalarına, habelə öyrənmə qabiliyyətinin artırılmasına şərait yaradır. Edvard Karvardin qeyd edib ki, ilk anlardan kişilər öz uşaqlarının yanında olmaq istəyir və biz işləyən ataların əmək fəaliyyətinə təsir etmədən uşaqları üçün vaxt ayırmağa şərait yaradan siyasətlərin mövcudluğunu təmin etməliyik. Bu baxımdan Azərbaycanda 2-4 yaşlı uşaqlar üçün erkən təhsil və tərbiyə proqramlarına daha çox sərmayə qoymaqla yanaşı dövlət və özəl sektorlarda analıq və atalıq məzuniyyətini və ana südü ilə qidalanmanı nəzərdə tutan siyasətlərin hərtərəfli yerinə yetirilməsi olduqca vacibdir.
UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə hər bir uşağın hüquqlarını və rifahını dəstəkləyir: “Biz bu öhdəliyi reallaşdırmaq üçün tərəfdaşlarımızla birlikdə 190 ölkədə və ərazidə fəaliyyət göstəririk. Fəaliyyətimizin diqqət mərkəzində dünyanın istənilən yerindəki bütün uşaqların maraqları naminə, ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yarada bilmək üçün xüsusi səylərin göstərilməsi dayanır”.