Vidadi Babanlı: Dostlarımın heç biri qalmayıb

11/05/2018 [12:31] - Mədəniyyət (1167)



Mən Vidadi Babanlının timsalında insanın, həm də yaşı 90-ı keçən insanın necə darıxdığını öz gözlərimlə gördüm. Görmək sözü bəlkə də bu darıxmağın kədərli halını ifadə etməkdə acizdir. Bunu hiss etmək, yaşamaq... və yenə yaşamaq lazımdır. Bir az diqqətli olsan, Vidadi Babanlının gözlərinin öləziyən işığında bu cümləni oxuya bilərsən:

- Qocalığın və xəstəliyin gətirdiyi əlacsızlıq çəkilməz olur, cavanlar.  

Bəs, bu darıxmağın əlacsızlığı necə olur? Məsələn, səni görməyə, sənə baş çəkməyə gələn bir gəncə ünvanı addım-adım nişan verirsən. Təki tez çatsın, təki dərdləşməyə, xatirələrə qulaq verməyə adam olsun.

Vidadi Babanlı APA-ya danışır:

“Üç ildir ayağım sınıb, kənara çıxa bilmirəm. Dəmirdən yapışıb evdə birtəhər hərəkət edirəm. Amma qalan cəhətdən maşallah, pis deyiləm, babatam. Sonra... yazı-pozu ilə də məşğul ola bilmirəm. Gözüm çox zəif görür. Bu da məni darıxdırır. Haradasa, 30-35 faiz görürəm. Burdan-bura sənin sifətini zorla seçirəm. Hərfləri də görə bilmirəm. Mənə baxan qadın var, bəzən ona diktə edirəm, yazır. Diktə eləməklə də bədii əsər o qədər yaxşı alınmır. Qələm-kağız başqa şeydir. Onda fikirlər elə bil, öz-özünə axıb gəlir qələmin ucuna. Hərdən də çatdıra bilmirsən, fikirlər korlanır. Mən makina ilə də heç vaxt yazmamışam. Başqa yazıçı yoldaşlarım, məsələn, Maqsud İbrahimbəyov, Anar makinada yazırdılar. İndi təzə əsər başlamışam. Gözüm görmür deyə, çətindir”.

 - Nə yazırsınız, Vidadi müəllim?

- Təzə roman. “Doğru söz” adında bir romandır. Keçid dövrümüzdən bəhs edir. Çox ciddi əsərdir. Yarıya qədər yazmışam, indi qalmışam çətinlikdə.

- Səhv etmirəmsə, yoldaşınızı iki il əvvəl itirmisiniz, hə?

- Yox, üç il. Üç ildir yoldaşımı itirmişəm. On yaş ondan böyük idim. Bilirsən də, mənim 91 yaşım var. Qıçımın sınmağı məni çətin vəziyyətdə qoydu. Ayağımın biri gödəlib. Evin içində də üç il qalmaq adamı darıxdırır. Bir yana gedə bilmirəm, heç kəslə görüşə bilmirəm. Həmişə yığıncaqlarda olan adam, indi evdən heç yerə çıxa bilmirəm. Yaxın adamlar hərdən gəlib baş çəkirlər. Hamının işi-gücü var, qınamaq da olmur.

 Zəruri qeyd: bu, elə anlaşılmasın ki, Vidadi Babanlı tək qalıb. Qətiyyən! Övladlardan, nəvələrdən doya-doya razılıq edir. Hamısının iş-gücünü, ev-eşiyini saymaq da öz yerində. Oxuduqları universitetə qədər. Bir ata, bir baba nəvələrlə, oğul-uşaqla necə qürur duyarsa, fəxr edərsə, o sayaq. Vidadi Babanlını darıxdıran səbəblər başqadır. Necə anladım? Bunun üçün insan 90 il qış soyuğuna üşüyüb, 90 il yaz Günəşinə gülümsəməlidir. Üstəgəl, dostlar yox, ömür gün yoldaşı da haqq dünyasında...

 O ömür-gün yoldaşı ki, deyir, təkcə uşaqlarımın anası, mənim qulluğumu tutan qadın olmayıb. Həm də ilk oxucum, əsərlərimin üzünü makinada yazan qadın olub.

- Onu itirəndən sonra mənə çətin oldu. Elə bil, həyat birdən-birə boşaldı, tək qaldım.

İndi Vidadi Babanlının qulluğunu tutan qadın var. Çayını-suyunu, dərmanlarını verir. Hələ üstəlik, yeni yazdığı romanını da ona diktə edir. Elə bu müsahibəni də mənə təxminən diktə etdi. Ki, səliqəli yaz ha, mənə sevgi ilə yanaş. Yəni vərdiş etdiyimiz yazıçı narahatlığı... Mən də “baş üstə” dedim, söz verdim.

 * * *

- Dostlarımın heç biri qalmayıb. Cavan yazıçı-şairlərdən yanıma gəlib-gedən yoxdur. Onların hamısı bizdən sonrakı nəsildir. Heç biri ilə də münasibətim olmayıb. Mənim dostlarım kimlər olub? İsmayıl Şıxlı, İsa Hüseynov, Qabil, Cabir Novruz, Əli Kərim, Nəbi Xəzri... Hamısı üçün darıxıram. Hamısı üçün. İsmayıl Şıxlı ilə tez-tez görüşürdük. İsa Hüseynovla dayıoğlu-bibioğluyuq. İsa məndən bir yaş kiçik idi. Qabillə də tez-tez telefonla danışırdıq. Ürəyiaçıq adam idi. Bir əsərimi oxuyan kimi o saat zəng edirdi.

- Əsəri bəyənməyəndə açıq deyirdi?

 - Deyirdi, deyirdi... Açıq deyirdi.

- Vidadi müəllim, stolunuzun üstündə çoxlu iynə-dərman görürəm. Bunların hamısı xərcdir. Dolanışıq sarıdan çətinliyiniz yoxdur?

- Dolanışıq pis deyil. Mən prezident təqaüdü alıram. O mənə kömək edir. Olmasa, çətin olar, çox çətin. Mənə indi qulluqçular baxır. Adi pensiya ilə necə olardı? Nə isə, belə şeylərə çox aludə olmayaq e, ədəbiyyatdan danışaq. Mən həmişə ədəbiyyatla yaşamışam, onunla nəfəs almışam. Yazdığım əsərlərə o qədər qapılmışam ki, kənardan tamam təcrid olmuşam.

- Sizə məşhurluq gətirən “Vicdan susanda” romanı olub...
 
- Hə... On ilə yazmışam. İki kitabdan ibarətdir. “Vicdan susanda” əsərinə görə məni çox sıxdılar. Məni tuturdular. Deyirdilər, sovet quruluşunun əleyhinə yazmısan. İşimi partiya iclasına qoymuşdular. Mirzə İbrahimov onda Yazıçılar İttifaqının sədri idi. Deyirdi, quruluş əleyhinə yazmısan. Mirzə düz demirdi. Kimsə öyrətmişdi onu. Məsələ qaldırmışdı ki, partiyadan çıxarılsın. Əli Vəliyev də onun əleyhinə çıxış elədi.

“Dostlarımın heç biri qalmayıb. Hamısı üçün darıxıram”
 
Dedi, böyük cəzadır, belə etmək olmaz. Sonra Süleyman Rüstəm, Osman Sarıvəlli, Rəsul Rza mənim tərəfimdə dayandılar. Dedilər, bu qərar bizim ittifaqa başucalığı gətirməz. Mirzə İbrahimov təkid edəndə Rəsul Rza acıq edib iclasdan getdi. “Gizlinlər” kitabımda bu haqda yazmışam.
 
- Oxumaq istəyirəm o kitabı. Mənə imzalı bağışlayarsınız?

- Yoxdur, deyəsən, özümdə də qalmayıb o kitabdan. Hə... İclasda hirs boğdu məni. Partiya biletim üstümdə idi. Çıxarıb atdım Mirzə İbrahimovun üstünə. Uzunsov stolu vardı, bilet getdi düşdü bunun ayağının altına. Hamı qaldı çaşqın. Çünki o vaxt bileti atmağın cəzası vardı. Dedim, bir partiya ki, düzlüyü, haqqı müdafiə eləmir, onun bileti mənə lazım deyil.

 - Mirzə İbrahimovun sizinlə düşmənçiliyi nə idi?

 - Bir Cəlal Məmmədov var idi. “Azərbaycan” jurnalının baş redaktoru idi. Mən də nəsr üzrə şöbə müdiri işləyirdim. O vaxt Əkrəm Əylisli Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdu. Oradan “Mənim nəğməkar bibim” povestini yazıb göndərmişdi. Mən də əsəri oxuyub bəyənmişdim. O əsəri neçə dəfə təqdim eləmişdim, Cəlal çap eləmək istəmirdi. Hər dəfə kənara qoyurdu. Avqust ayı idi, yığışdıq ki, onuncu nömrənin planını tutaq. Yenə dedim, Əkrəm cavan oğlandır, ona kömək etmək lazımdır. Cəlal da dedi, yox, Mirzə müəllim Yaltadan məktub yazıb ki, təzə povest qurtarıram, onuncu nömrədə çap edərsiniz. Mən də qayıtdım ki, Mirzə müəllim hələ əsəri yazıb bitirməyib, heç bəlkə tamamlaya bilmədi? Bitirsin, bir nömrə sonra verərik. Əkrəm isə cavan oğlandır, hər dəfə zəng edir, məktub yazır, narahatdır.

“İsa Hüseynovla dayıoğlu-bibioğluyuq. İsa ədəbiyyata mənim izimlə gəldi”
 
Cəlal üstümə qışqırdı ki, sənin nə marağın var? Dedim, tələbədir, qonorara ehtiyacı var, cavana kömək lazımdır axı. Cəlal Məmmədov məni  işdən çıxartdırmaq istəyirdi, əlinə bəhanə düşdü. Mirzə müəllim istirahətdən qayıdandan sonra hər şeyi ona danışıb ki, bu yekəxana sizə yazmağı öyrədir. Səhər işə gələndə məni çağırdılar Mirzə İbrahimovun yanına. Girdim otağına, gördüm qəzet oxuyur. Salam verdim, almadı. Qəzeti kənara atdı. Əsəbiləşdi ki, o nə yekəxanalıqdır edirsən?! Mənə yazmağı öyrədəcəksən?! Sən kimsən?! İstədim hər şeyi danışıb, məsələyə aydınlıq gətirim. Yenə əsəbiləşdi, qulaq asmadı mənə. Bizim Qazax tərəfdən “yekə kişisən” ifadəsi var. Yaxşı mənada işlənilir. Yəni böyük adamsan, hörmətli şəxssən. Mən bunu Mirzə İbrahimova deyəndə, təhqir kimi başa düşdü. Üstümə qışqırdı ki, sarsağın biri sarsaq, yekə kişi sənsən, rədd ol burdan. Qapını örtüb getdim. Səhər işə gələndə dedilər, burda işləmirsən. “Ədəbiyyat qəzeti”ndə aşağı işə keçirmişdilər, mən də işləmədim.

 - Söhbət neçənci ildən gedir?

 - 1967. “Vicdan susanda” romanının birinci kitabını yazmışdım. İmran Qasımova dedim, məni çap etmirlər, evə çörək almağa pulum yoxdur. Bu götürdü Cəlala zəng vurdu. Axır, əsər çap olundu. Bir ay sonra da Cəlal jurnalda məqalə verdi ki, belə əsər yazmaq yaramaz. Məsələmi partiya iclasına qoyanda Brejnevə məktub yazdım ki, Azərbaycanda yaşaya bilmirəm, mənim ayrı respublikaya köçməyimə icazə verin. Dörd il işsiz qaldım. 20 qəpik nədir, onu tapa bilmirdim. Allah xeyirxah adamlara rəhmət eləsin. Məmməd Cəfər Cəfərovla bir binada yaşayırdıq. Dedi, Vidadi, əsəri yuxarıdan mənə rəyə göndəriblər, müsbət rəy yazacağam, bunu ruscaya tərcümə etdir. Dedim, ay müəllim, mənim vəziyyətimi görürsünüz də, necə tərcümə etdirim? Əlini çiynimə qoydu, dedi, görüm özüm nə edirəm. Bir həftə sonra Ədəbiyyat Fondundan zəng etdilər ki, əsəri gətir, sətri tərcüməyə veririk. Altı ay sonra Moskvadan müsbət reaksiya gəldi. Əsər Moskvada çap olunandan sonra mənə münasibət dəyişdi. 1969-cu ildə Heydər Əliyev I katib seçildi, ona məktub yazdım. Heydər Əliyev məsələni yoxlatdırdı və məni işə düzəltdirdi. Heydər Əliyevin mənə münasibəti həmişə yaxşı olub.

“Partiya biletimi çıxarıb atdım Mirzə İbrahimovun üstünə”
 
Pambıqçılarla görə gedəndə məni də aparırdı. Onun insanlarla münasibəti, idarəçiliyi mənə o qədər xoş gəlirdi ki... O vaxt yanında çıxış da etmişdim, “Kommunist” qəzetində oçerk də yazmışdım. Pambıqçılarla elə danışırdı, deməzdin, rəhbər şəxslə adi adam söhbət edir.

 Haşiyə. İl 2001. Azərbaycan Prezident Aparatının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə yazıçıların təqaüd siyahısını prezident Heydər Əliyevə təqdim edir. Siyahı ilə tanış olan prezident Fatma Abdullazadədən soruşur:

- Siyahıda Babanlının adı niyə yoxdur? Onun da adını əlavə edin, təzədən gətirin.

 Söhbətə davam:

 - Bunu mənə bilirsən kim dedi? Dilarə xanım...

- Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadəni deyirsiniz...

 - Hə, Dilarə Seyidzadə. Siyahını qaytarıb, mənim adımı saldırıb. “Vicdan susanda” romanından danışırdım. 1979-cu ildə o roman Moskvada 100 min tirajla çıxdı. 100 min tiraj o dövr üçün nadir hadisə idi.

- Deyəsən, bir il sonra yenə 100 min tirajla ikinci dəfə çap olunub...

- Hə, hə... Belə şey görünməmişdi. Borc içində itib-batırdım. Əsərin qonorarı məni diriltdi. O vaxt evim də yox idi. Mərkəzi Komitənin ikinci katibi rus idi. Teleqram vurdum, qəbul elədi. Yanımdaca “Baksovet”ə zəng vurdu. Sən demə, “Baksovet”in sədrinin arvadı da “Vicdan susanda” romanını oxuyub, buna məsləhət görüb ki, sən də oxu, yaxşı romandır. Mən dedim, imkan varsa, ev şəhərdə olsun. “Gənclik” metrosunun yaxınlığında ev ayırmışdılar, xoşuma gəlmədi ki, uzaqdır. Getdim Mərdəkana yaradıcılıq evinə. Yoldaşım zəng vurdu ki, Mərkəzi Komitədən zəng edib səni soruşurlar. Deyirmişlər, evi niyə götürmür? İndi evlər tikilib, o vaxt buralar tamam boşluq idi. “Gənclik” metrosu da bir az uzaqdadır. Təzədən məni çağırdılar, gəlib bu yerlərə bir də baxdım, gördüm yaşamaq olar. Beləcə, bu evi mənə verdilər.

- Stolunuzun üstündə “Ədəbiyyat qəzeti”ni görürəm. Müasir ədəbi prosesi izləyə bilirsiniz?

 - Gözüm görmür. Oxuya bilmirəm. Mənə lazım olan yerləri oxutdururam. Poçtalyona demişəm, qəzeti hər həftə gətirir. Başqa heç bir qəzeti almıram. Vallah, “Ədəbiyyat qəzeti” indi pis çıxmır, yaxşıdır.

““Vicdan susanda”ya görə məni tutmaq istəyirdilər”
 
Qəzeti tam oxuya bilsəydim, səviyyəsi haqqında lap geniş qiymət verərdim. Məndə yalan, riya yoxdur. Amma sənə bir gileyimi açıq deyim. 90 illik yubileyimi ədəbiyyat qəzetində yaxşı işıqlandırmadılar. İki sütun yazı verdilər. Başqalarını bir səhifə verirlər. İncidim onlardan. Özlərinə də narazılığımı bildirdim. Amma Qazax Xeyriyyə Cəmiyyətində mənim yaxşı yubileyimi keçirdilər.

 * * *

Vidadi Babanlı atası ilə olan şəklini çarpayısının üstündən asıb. 30-cu ildə çəkilən fotodur. Orda üç yaşı var. Hətta atası ilə Qazağın mərkəzinə gedib bu şəkli çəkdirməyini də xatırlayır. Sonra söhbətimiz tarixçi atası, şeir yazan əmisi, Tiflisdən qaçıb Bakıda oxuması ilə davam edir:

- Atam tarix müəllimi idi, uzun müddət məktəb direktoru işləyib. Böyük əmim şeirlər yazırdı. Tələbə vaxtı jurnallarda onun şeirlərinə rast gəlmişdim. Mənim yazmağımı, universitetdə filologiyaya qəbul olmağımı atam istəmirdi. Onun təşəbbüsü ilə Tiflisdə dəmir yol mühəndisliyinə qəbul oldum. Yarım il oxudum, gördüm mənim yerim deyil. Birinci semestr imtahanlarını zorla verdim. İkinci semestrdə qəzetdən instituta qəbul haqqında elan oxudum.
 
“Brejnevə yazdım ki, Azərbaycanda yaşaya bilmirəm, mənim ayrı respublikaya köçməyimə icazə verin”

Tiflisdən sənədlərimi götürüb Bakıya göndərdim. Atama da yalan dedim. Bir az sonra evə gələndə atam salamımı almadı ki, başından böyük qələt eləmisən, səndən adam olmayacaq. Siyirmədən zərf çıxardı, məktubu üzümə çırpdı. Bir dənə də yaxşı şillə vurdu. O vaxta qədər mənim xətrimə dəymirdilər. Çünki iki aylığımda anamı itirmişəm, məni nənələrim böyüdüb. Hə... məktubda yazılmışdı ki, universitetə qəbul olunmusan, gələ bilərsən. Səhərə qədər yata bilmədim. Elə sevinirdim. Avqust ayında atamın ürəyi dözmədi. Ata ürəyidir də. Bilet alıb gətirdi ki, bala, get Bakıda oxu, amma çox narazıyam, inanmıram səndən şair-yazıçı olsun. Üçüncü kursda şeirlərim “Azərbaycan gəncləri” qəzetində çıxdı. On gün sonra atamdan məktub aldım. Yazmışdı ki, ay bala, sənin ürəyini oxuya bilməmişəm, bağışla.

- Deməli, kənddən İsa Hüseynovla eyni vaxtda çıxmısınız...

- İsa Hüseynov ədəbiyyata mənim izimlə gəlib. Özü də bunu yazmışdı ki, mən Vidadinin izi ilə ədəbiyyata gəlmişəm. İsa əvvəl Tibb İnstitutunda oxuyurdu. Sonra dəyişdi. Məndən bir kurs aşağı oxuyurdu. İkimiz kirayədə qalırdıq. Mən yazanda görürdüm, İsa da nə isə qurdalanır. Sonra jurnalı gətirdi ki, oçerkim çıxıb. “Anadil ötən yerdə” adlı oçerk idi. Sonra başladı yazıçılığa.

 
- Bir-birinizin yaradıcılığına münasibətiniz necə idi?

 - İsa həqiqəti yazan yazıçı idi. Sovetin nöqsanlarından yazırdı. Hər dəfə də onu tənqid edirdilər. İsanı müdafiə edəndə düşürdülər mənim üstümə. İsa həqiqi yazıçı idi. Nə deyirdilərsə, inadından dönmürdü.

- 60-cıların yaradıcılığına münasibətiniz necə idi?

- Yaxşı sual vermirsən, məni onlarla düşmən edəcəksən. Çoxunun əsərini oxumuşam. Bəyəndiyim də var, bəyənmədiyim də. Mən altı roman, beş povest müəllifiyəm.

- “Ana intiqamı” pyesiniz də Akademik Milli Dram Teatrında tamaşaya qoyulub...

 - Sənin onun tamaşaya qoyulmağının tarixçəsini bilirsən?

- Povest çap olunanda Leyla Bədirbəyli oxuyub, Həsənağa Turabova deyib, bu əsərdə ananı oynamaq istəyirəm...

 - Ay sağ ol. Məni o vaxt ittiham edirdilər ki, Hüseyn Cavidin “Ana” əsərindən oğurlamısan. Amma başqa-başqa əsərlərdir. Sənə bir şeyi deməyi yadımdan çıxardım.

 - Deyin...

- “Vicdan susanda” romanını ruslar internetə qoyublar. Telefonunda “Когда молчит совесть” yaz, o saat çıxacaq. (https://www.litmir.me/br/?b=281054). Sonra bu əsər türk və fars dilində çap olunub. İndi ingilis dilində hazırlanır. Çapdan çıxacaq. Mənim dostum var, Allah canını sağ eləsin. Lütfizadənin tələbəsi Rafiq Əliyevi tanıyırsan?

 - Əlbəttə, tanıyıram...

- Rafiq çox gözəl insandır, özü də dünya şöhrətli alimdir. O tərcümə etdirib, Tərcümə Mərkəzi kitabı çapa hazırlayır. Görürsənmi, bu əsər özü-özünə yol açır. Mənim vəzifəm-filanım yoxdur ki. Həmişə vəzifədən qaçmışam. Məni “Yazıçı” nəşriyyatına baş redaktor qoyurdular, razı olmadım. Yerimə Sabir Rüstəmxanlını qoydular. Həmişə arzulamışam ki, imkanım olsun, ancaq yazım.
 
Və son: Mən soruşuram ki, Vidadi müəllim, nə arzunuz, nə istəyiniz var? Onun cavabı yenə ədəbiyyatla, yenə yazmaqla bağlı olur. Həm də bir cümləlik cavab:

- Gecələr Allaha yalvarıram, dua edirəm ki, romanımı tamamlamaq üçün mənə imkan versin.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
İlham Əliyev əlillərlə bağlı fərman verdi
Azərbaycanda bağlı qalmış 9 cinayətin üstü açıldı
Nazpəri Dostəliyevanın elmi dərəcəsi saxta çıxdı
Azərbaycanda hər 10 min nəfərə 15 vəkil düşəcək
Xəbər lenti
19/07/2018 [15:29]:
İyulun 18-də keçirilmiş imtahanın nəticələri 2 gün ərzində açıqlanacaq
19/07/2018 [14:39]:
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
19/07/2018 [14:18]:
İlham Əliyev əlillərlə bağlı fərman verdi
19/07/2018 [13:58]:
Azərbaycanda bağlı qalmış 9 cinayətin üstü açıldı
19/07/2018 [13:33]:
Nazpəri Dostəliyevanın elmi dərəcəsi saxta çıxdı
19/07/2018 [13:03]:
Azərbaycanda hər 10 min nəfərə 15 vəkil düşəcək
19/07/2018 [12:59]:
Vüsal Kərimli: "Piyada səkiləri və dayanacaq yerləri zəbt edilib"
19/07/2018 [12:18]:
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
19/07/2018 [11:41]:
Azərbaycan nefti yenə ucuzlaşıb
19/07/2018 [11:18]:
Azərbaycan-İtaliya biznes forumu keçirilib
19/07/2018 [10:53]:
İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib
19/07/2018 [09:58]:
Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə
19/07/2018 [00:36]:
İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı - yenilənib
18/07/2018 [23:32]:
Hüseyn Abdullayevlə gizli əlbir olan məmurlar vəzifələrdən qovulur - təfsilat
18/07/2018 [22:25]:
“Xəzər Lənkəran” klubunun stadionu sıradan çıxdı
18/07/2018 [21:34]:
Rusiya DÇ-2018-in təşkilindən nə qədər əldə edib?
18/07/2018 [20:42]:
Alternativ enerji üçün ayrılan pullar hara gedib?- Qohumlara xərclənən milyonlar
18/07/2018 [19:57]:
Ağdaşda yeni zavod tikilir
18/07/2018 [19:16]:
Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu
18/07/2018 [18:23]:
Neft Fondunun aktivləri 38 milyard dollara çatıb
18/07/2018 [17:37]:
Prokuror keçmiş icra başçısına 8 il həbs istəyib
18/07/2018 [16:49]:
Bu il 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib
18/07/2018 [15:58]:
Xəzər sahilinin hasarlanmasının monitornqi keçirilib
18/07/2018 [15:11]:
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı başa çatıb - yenilənib
18/07/2018 [14:31]:
Kiyevdə Müslüm Maqomayevin adına park açılır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: 18 nəfər həbs edildi
Deputat icra başçılarının üstünə getdi- Özünü quldurbaşı kimi aparan, xalqın nifrətini qazanmış şəxslər...
Zoologiya İnstitutunda söyüşcül direktordan şikayət edənlər işdən çıxarılır
Elmar Vəliyevin səhhəti ilə bağlı açıqlama
Bakıda polis rəisi iş başında vəfat edib - təfsilat
İlham Əliyev 9 sərəncam, 5 fərman imzaladı - yeni təyinatlar var
Nazirlər Gəncəyə getdi - 9 nəfər həbs edildi
Nazir 2 idarə rəisini işdən çıxartdı
Vergilər naziri 19 nəfəri işdən qovdu - siyahı
Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı həbs edildi - foto
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin