Bu gün cəmiyyətin qorxulu bəlalarından biri də azyaşlılar arasında yayılmış autizm sindromudur. Demək olar ki, evində körpə böyüdən hər bir valideyn bu qorxu ilə yaşayır. 2-3 yaşlı uşaqların nitq və davranışında, psixi inkişafında yaşanan problemlərə bir çox hallarda autizm sindromu diaqnozu qoyulur.
Qeyd edək ki, autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına mane olan xəstəlikdir. Bəs, günümüzdə bu xəstəliyin daha çox artmasının səbəbi nədir? Son illər daha da yayğınlaşan bu sindromun ekologiya ilə, keyfiyyətsiz qidalarla, texnoloji inkişafın orqanizmimizə vurduğu zərərlərlə bir əlaqəsi varmı?
“Yeni Müsavat”a müsahibəsində bu sualları cavablandıran tanınmış pediatr Vaqif Qarayev bildirdi ki, xəstəliyin konkret səbəbləri haqqında dəqiq fikir yoxdur: “Autizmin səbəbi haqqında az qala, hər gün bir fikir ortaya atırlar. Ancaq dəqiq səbəb yoxdur. Bir zamanlar peyvəndləri autizmin əsas səbəbi hesab edirdilər. Guya peyvəndlərin tərkibində ağır metallar, civə var və bu autism yaradır. Ancaq bu fikir də sonradan iflasa uğradı. Çünki Avropada kifayət qədər autist uşaqlar var. Onlar heç vaxt cəmiyyət olaraq peyvəndin zərərini bilib öz uşaqlarını peyvənd etdirməzlər. İkinci arqument isə odur ki, dünyada peyvənd almayan, ancaq autizmdən əziyyət çəkən kifayət qədər uşaqlar da var. Yəni peyvənd məsələsi artıq aradan qalxıb. Bu gün tibb dünyasında autizmin səbəbini dəqiq bilən yoxdur. Son zamanlar daha çox irsi faktorun üzərində dayanırlar. Amma belə bir əks arqument də var ki, son vaxtlaradək bu xəstəlik mövcud olmayıb, yəni valideynlərimiz autizmdən əziyyət çəkməyib. Ciddi elmi dairələrdə qəbul oluna biləcək bir fikir yoxdur”.

Həkimin sözlərinə görə, Azərbaycanda autizmin çoxalmasının səbəbi isə odur ki, diaqnozun şişirdilməsi halları kifayət qədərdir: “Təbabətdə autistik spektr deyilən bir anlayış var. Yəni autist uşaqlar necə olur? Adətən valideynlər də, həkimlər də autizm haqqında uşağın 2-3 yaşından sonra fikirləşirlər. Bu dövrdə uşaqların nitqində və davaranışında xoşagəlməz hallar qeyd oluna bilər. Burada ən önəmli faktor göz təmasıdır. Bu uşaqlar valideynlərinin və ya digər şəxslərin gözlərinə baxa bilmirlər, baxışları fiksə olunmur. Bu uşaqlarla nitq kontaktı yaratmaq çox çətin olur. Onlar monoton hərəkətlər edirlər, məsələn, eyni oyuncaqla saatlarla oynaya bilərlər. Monoton sözlər və ya hecalar deyirlər, sözdə ilişib qalırlar. Özlərinə qapanmağa meylli olurlar, kontakta girmirlər. Autist uşaqların davranışında kifayət qədər belə problemlər müşahidə olunur”.
V.Qarayev onu da diqqətə çatdırdı ki, psixi inkişafında, davranışında bu əlamətlər olan uşaqların hamısı autist deyil: “Sadaladığım xoşagəlməz hallarla bağlı valideyn ilk növbədə pediatra müraciət etməlidir. Pediatr o uşağın davranışında, psixi inkişafında normadan kənara çıxmalar görəcəksə, pediatr, nevroloq və psixoloq, ya da psixiatr - bu üç mütəxəssis bir yerdə uşağın vəziyyəti ilə bağlı qərar çıxartmalıdırlar ki, autizm var, yoxsa nevroloji, psixoloji və ya psixiatrik problemdir. Ya da bunların hamısı bir yerdədir. Bu 3 mütəxəssis birlikdə qərar çıxartmalıdır. Yoxsa, sadaladığım əlamətlərin birinin çox, birinin az olması o demək deyil ki, bu uşaq autistdir. Ola bilər uşaq deyilənləri anlayır, ancaq danışa bilmir. Və ya iki ay danışır, sonra danışmır. Bu autizm deyil”.
Pediatr son vaxtlar fəaliyyətə başlayan çoxsaylı psixoloji mərkəzlərin işinə də toxunaraq, əksəriyyətinin qeyri-peşəkarlardan ibarət olduğunu bildirdi: “Uşaqlar üçün indi psixoloji mərkəzlər açılıb, az qala, sayı çörək dükanlarından çoxdur. Kimsə gedib 1-2 həftə treninq keçir, əlinə bir sertifikat alır və mərkəz açır. Uşaqlarda nitq problemi həddindən artıq çox olduğu üçün bu mərkəzlərə bir axın var. Ancaq bu mərkəzlərdə uşaqlara peşəkar yardım yoxdur. Ananın etməli olduğu, həll edə biləcəyi problemləri bu mərkəzlərdə edirlər. Halbuki ana özü övladı ilə bir qədər kontakta girsə vəziyyətdən çıxara bilər. Çox zaman analar bizə gəlib şikayət edirlər ki, filan psixoloji mərkəzə apardım, filan qədər pulum getdi, ancaq uşağa heç bir təsiri olmadı. Səbəb isə odur ki, ya uşaqda çox ciddi problem var və orada keçirdiyi müddət vaxt itkisi olub, ya da ümumiyyətlə, heç bir problem yoxdur. Sadəcə, həmin uşağa adekvat yanaşma olmayıb”.
V.Qarayev bir daha vurğuladı ki, valideynlər 2 yaşından sonra uşaqların davranışında, psixi inkişafında xoşagəlməz nə isə hiss etsələr, ilk növbədə pediatra müraciət etməlidirlər: “Diqqət yetirilməli olan bir məqam da odur ki, autizmin dərmanla müalicəsi yoxdur. Bəzən valideyn uşağı nevroloqa aparır, o da lazım olmayan dərmanlarla müalicə yazır. Yəni bu zaman həm davranışın, həm də psixoloji inkişafın bərpası olmalıdır. Ancaq bəzi uşaqlara həm də dərman müalicəsi lazımdır. Çünki səbəb fərqli faktorlar ola bilər. Birmənalı demək olmaz ki, bu uşağa dərman müalicəsi tətbiq olunmalıdır, ya yox. Bu məsələyə birgə konsiliumda qərar verilməlidir”.